NAXÇIVAN :

08 Yanvar 2025, Çərşənbə

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

...

Yanvarın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

"Şərq qapısı" xəbər verir ki, əvvəlcə Komissiyanın dekabrın 29-da keçirilən iclasının protokolu təsdiq edilib.

Sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunması məsələsinə baxılıb və Mərkəzi Seçki Komissiyası 47 saylı Sumqayıt-Abşeron-Qaradağ və 56 saylı Şabran-Xaçmaz seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsinə qərar verib.

İclasda daha sonra 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılıb. Seçki qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə və qaydada iclasa çıxarılan müraciət Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərar qəbul olunub.

İclasın sonunda bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi, qeydə alınması və müşahidəçilərin akkreditasiyası ilə bağlı statistik göstəricilər də elan olunub, habelə yanvarın 6-dan start götürən seçkiqabağı təşviqat prosesi ilə əlaqədar yaradılmış geniş və hərtərəfli imkanlar diqqətə çatdırılıb.

Media subyektləri nümayəndələrinin bilavasitə iştirakı ilə keçirilən iclasda, həmçinin cari məsələlərə də baxılıb.

Nəşr edilib : 06.01.2025 18:09