NAXÇIVAN :

03 Fevral 2025, Bazar ertəsi

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

...

Məzahir Pənahovun sədrliyi ilə fevralın 3-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
"Şərq qapısı" xəbər verir ki, iclasda 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər, maraqlı subyektlərin və ərizəçilərin də iştirakı ilə geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.
Mərkəzi Seçki Komissiyası daxil olan müraciətlərin və müxtəlif mənbələrdən əldə edilən məlumatların tam şəffaf, obyektiv və hərtərəfli araşdırılması nəticəsində 81 saylı İmişli seçki dairəsinin 42, 43, 44 və 46 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən halları nəzərə alaraq, həmin seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə və beləliklə sözügedən seçki dairəsi üzrə Bəcirəvan bələdiyyəsinə seçkilərin etibarsız sayılmasına qərar verib.
Komissiyanın qərarına əsasən 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 30 saylı seçki məntəqəsində də seçicilərin iradəsinin müəyyənləşdirilməsi mümkün olmadığına görə səsvermənin nəticəsi etibarsız hesab edilib.
Media mənsubları tərəfindən operativ şəkildə işıqlandırılan iclasın sonunda, həmçinin cari məsələlərə də baxılıb.

Nəşr edilib : 03.02.2025 19:00