NAXÇIVAN :

23 Oktyabr 2026, Cümə

Mərkəzi Bank Monqolustandakı beynəlxalq tədbirdə təmsil olunub

...

Monqolustanın Ulan-Bator şəhərində Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının Kapital Bazarlarının İnkişafı Forumunun (CMDF) Birinci İclası və Beynəlxalq Konfransı keçirilib.

Mərkəzi Bankdan bildirilib ki, CAREC-ə üzv olan 11 dövlətin kapital bazarları üzrə tənzimləyici orqanlarının və Asiya İnkişaf Bankının nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Mərkəzi Bankını baş direktor Tərlan Rəsulovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda CMDF-in idarəetmə çərçivəsi, 2027-2031-ci illər üzrə strategiyası, əməliyyat çərçivəsi və işçi qrupların yaradılması ilə bağlı məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. CMDF-in yaradılmasının məqsədi kapital bazarlarına nəzarət edən tənzimləyici orqanlar üçün ixtisaslaşmış təcrübə mübadiləsi platforması yaratmaq və tənzimləyici sahədə regional əməkdaşlığı və koordinasiyanı dəstəkləməklə kapital bazarlarının inkişafına nail olmaqdır.

CMDF Beynəlxalq Konfransında isə kapital bazarında regional əməkdaşlığın gücləndirilməsi, lokal valyutalarda istiqraz bazarının dərinləşdirilməsi, kiçik və orta ölçülü müəssisələrin kapital bazarı vasitəsilə maliyyəyə çıxışının genişləndirilməsi və kapital bazarında rəqəmsal transformasiya mövzularında panel müzakirələr aparılıb.

Nəşr edilib : 23.10.2026 17:03