Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vak...
17:29 10.08.2026
0
0
0
NAXÇIVAN :
10 Avqust 2026, Bazar ertəsi
Cüdo üzrə U-17 yeniyetmələr arasında keçirilən Liqa yarışının III turunda Naxçıvan cüdoçuları növbəti uğura imza atıblar. Yarışın son turunda bürünc medal qazanan Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Ləman Bağırova bununla yanaşı, ölkə reytinq cədvəlində üçüncü pillədəki yerini də qoruyub saxlayıb. Gənc idmançı bizə əldə etdiyi nəticənin onun üçün böyük motivasiya olduğunu bildirərkən məşqçi-müəllimi Orxan Quliyev də Ləmanın inkişafından, gələcək hədəflərindən və Naxçıvan cüdosunun perspektivindən danışıb.
Təəssüratlarını bölüşən Ləman Bağırova Liqa yarışının son turunun onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bu turnirə böyük məsuliyyətlə hazırlaşmışdım. Əsas məqsədim uğurlu çıxış edərək reytinqdəki mövqeyimi qorumaq idi. Tatamidəki görüşlər kifayət qədər gərgin keçsə də, son saniyəyə qədər mübarizə apardım və bürünc medala sahib oldum. Bu, çəkdiyim əziyyətin bəhrəsidir. Reytinq cədvəlində ilk üçlükdə qalmaq mənə qürur verməklə yanaşı, növbəti yarışlarda daha yüksək pillələrə qalxmaq üçün böyük stimul olur. Ötən il U-14 yaş kateqoriyasında qızıl medal qazanmışdım. Bundan cəmi bir həftə əvvəl isə Bakı şəhərində keçirilən 14 və 16 yaşadək cüdoçular arasında “Avropa Cüdo Ümidləri” turnirində 40 kq çəki dərəcəsində bürünc medal qazanaraq beynəlxalq yarışın mükafatçıları sırasında yer aldım. Bu uğur mənə özümə inam verdi və Liqa yarışına daha böyük motivasiya ilə çıxmağıma kömək etdi. Hər yeni yaş qrupunda rəqabət daha da sərtləşir. Lakin çətinliklərə baxmayaraq, məqsədim daim öz üzərimdə işləmək, nəticələrimi təkmilləşdirmək və gələcəkdə beynəlxalq arenalarda bayrağımızı ucaltmaqdır”.
Məşqçi-müəllim Orxan Quliyev isə Liqa yarışlarının yeniyetmə cüdoçuların inkişafı və reytinqinin formalaşması baxımından müstəsna rol oynadığını qeyd edib: “Ləman məşqlərə son dərəcə məsuliyyətlə yanaşan, məqsədyönlü və intizamlı idmançıdır. Məhz bu keyfiyyətləri ona qısa müddətdə belə uğurlu nəticələr qazanmağa imkan verir. Liqa yarışından cəmi bir həftə əvvəl Bakı şəhərində keçirilən “Avropa Cüdo Ümidləri” beynəlxalq turnirində bürünc medal qazanması da bunun bariz nümunəsidir. Artıq qarşıda bizi daha məsuliyyətli sınaqlar gözləyir. İndi bürünc medal qazansa da, əsas hədəfimiz Ləmanın U-17 yaş kateqoriyasında gələcək yarışlarda məhz qızıl medala sahib olması və beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil etməsidir. İstəyimiz odur ki, o, növbəti turnirlərdə çempionluq sevinci yaşasın. Bunun üçün hazırlıq prosesini planlı şəkildə davam etdiririk və onun potensialına inamımız tamdır”.
Ləman Bağırovanın Liqa yarışının III turunda qazandığı bürünc medal və ölkə reytinqində üçüncü pillədəki yerini qoruması onun ardıcıl inkişafının və zəhmətinin bəhrəsidir. Bütün bunlar onun gələcək uğurları üçün möhkəm zəmin yaradır, həm də Naxçıvan cüdo məktəbinin perspektivli idmançılar yetişdirməyə davam etdiyini nümayiş etdirir. Qarşıdakı yarışlarda isə əsas hədəf bu uğurları davam etdirərək reytinqdə daha ön sıralarda yer almaq və beynəlxalq arenalarda yeni nailiyyətlər qazanmaqdır.
Elnurə CƏFƏROVA
Digər xəbərlər