NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Mənim üçün əziz mətbuat orqanı

...

Bu günlərdə “Şərq qapısı”nın arxivində araşdırma apararkən diqqətimi bir neçə səhifədəki rəssamlıq işləri çəkdi. Maraqlanıb həmin rəsmlərin müəllifini tanımaq qərarına gəldim. Öyrəndim ki, o, “Şərq qapısı” qəzetində 1970-ci illərdə rəssam işləmiş 87 yaşlı Qəzənfər Qənbərovdur. Məlumat üçün bildirim ki, “Şərq qapısı” qəzeti fəaliyyət göstərdiyi 103 il ərzində neçə-neçə insanın müxtəlif sahələr üzrə mütəxəssis, bacarıqlı peşə sahibi kimi yetişməsində mühüm rol oynayıb. Burada güclü jurnalistlər, publisistlər, şair və yazıçılarla yanaşı, rəssamlar, qəzet operatorları və tərtibatçıları da yetişib. Qəzənfər Qənbərov da qəzetdə yetişmiş bacarıqlı rəssam kimi tanınıb. Onunla Naxçıvan şəhərində fəaliy­yət göstərdiyi emalatxanasında görüşmək bizə bir anlıq nostalji hisslər bəxş etdi. Onu da deyim ki, Qəzənfər müəllimlə görüşə gedib onu yad etməyimiz onun üçün də gözlənilməz oldu. Müsahibimiz deyir ki, ştatdankənar işçi kimi fəaliyyət göstərsəm də, qəzetlə əməkdaşlıq etməyim yaradıcılığımda önəmli rol oynayıb. Buna görə qəzetə minnətdaram.
Qəzənfər müəllim öz bacarıq və istedadını rəssamlığın rəngkarlıq, qrafika, dekorativ-tətbiqi incəsənətin aplikasiya, ağac üzərində yandırma sahələrində göstərə bilib. Onun siyasi xadimlərimizin, ədiblərimizin, şəhidlərimizin portretlərini yaratması həm də bu janra marağının ifadəsidir. Onu da qeyd edək ki, müsahibimiz həm də gözəl etüdlər müəllifidir. 
Öyrəndik ki, onun fəaliyyəti qəzetlə məhdudlaşmayıb. Yaratdığı rəsm əsərləri muxtar respublikanın hüdudlarını aşıb. Bunun ifadəsidir ki, Qəzənfər Qənbərovun paytaxt Bakı şəhərində sərgisi açılıb.
“Şərq qapısı” qəzeti ilə əməkdaşlıq etdiyi günləri minnətdarlıqla xatırladan Qəzənfər Qənbərov dedi: “Həyatda hər bir insanın karyera qazanmasında, gələcək həyat yollarında uğurlu addımlar atmasında mütləq bir dəstək olmalıdır. Bu sahədə mənə dəstək doğma qəzetimiz olub. Ona görə də “Şərq qapısı” bu gün də mənim üçün əziz mətbuat orqanıdır. Qəzetə və onun əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.

Aidə İBRAHİMOVA
 

Nəşr edilib : 21.11.2024 16:30