Ali Məclisin deputatının mandatı ləğv edilib
17:43 01.10.2026
0
0
0
NAXÇIVAN :
01 Oktyabr 2026, Cümə axşamı
“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin artıq ikinci günüdür. Sərgidə 53 ölkədən 280 şirkət və 59 xarici nümayəndə heyəti iştirak edir.
"Şərq qapısı" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Samir Ağabalayev deyib.
O bildirib ki, sərginin coğrafiyası kifayət qədər genişdir. Bu il ilk dəfə Bakı Ekspo Mərkəzinin beşinci pavilyonundan istifadə olunur. Dördüncü pavilyonda isə yalnız Azərbaycan məhsullarının nümayiş etdirildiyi stendlər yerləşir.
“Milli pavilyonumuzda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur. Bu məhsullar arasında müvafiq çaplı sursatlar, artilleriya silahları, eyni zamanda, pilotsuz uçuş aparatları, kamikadze dronları və digər məhsullar var”, – deyə Samir Ağabalayev bildirib.
Aparat rəhbəri qeyd edib ki, builki sərgidə yeni məhsullar da təqdim edilir. Onların sırasında silahlı insansız quru robot, kamikadze insansız quru robot və təkərli insansız quru robot var. Bu robotların əsas məqsədi isə müasir döyüş şəraitində insanın birbaşa iştirakını və riskini azaltmaqdır. İnsanın üzərinə düşən funksiyalar həmin robotların üzərinə düşür.
Samir Ağabalayev qeyd edib ki, sərgidə ilk dəfə nümayiş olunan pilotsuz uçuş aparatları da var. Bu sahədə yeniliklərdən biri “Bars” interseptor dronudur. Onun əsas məqsədi sadə dillə desək, düşmənin digər dronunu zərərsizləşdirməkdir.
“Əlavə olaraq, sərgidə bizim stendlərimizdə mərmiatan "Boran" dronu, həmçinin “Qırat” ailəsinə daxil olan kamikadze dronları ilə tanış ola bilərsiniz. Eləcə də “Batur FPV” dronu sərgidə yeni nümayiş olunan pilotsuz uçuş sistemlərinə aiddir”, – deyə Aparat rəhbəri vurğulayıb.
O bildirib ki, Azərbaycan və Türkiyənin birgə istehsalı olan “Zərbə” kamikadze tipli dronu “ADEX” sərgisində ilk dəfə nümayiş olunur. Dronun uzunluğu 3,5, qanadlarının uzunluğu 3,2 metr, uçuş müddəti isə 2 saatdır: “Bütün bunlar göstərir ki, pilotsuz texnikalar sahəsində biz kifayət qədər mühüm işlər həyata keçiririk və həmin məhsullar hamısı onun nəticələridir”.
Nazirliyin Aparat rəhbəri qeyd edib ki, sərgidə ilk dəfə nümayiş etdirilən digər məhsullar sırasında avtomatlar da var. Burada 3 yeni avtomat nümayiş olunur. Onlardan biri 5,56x45, digər ikisi isə 7,62x39 millimetrlik avtomatlardır.
O bildirib ki, Azərbaycan müdafiə sənayesi üçün mühüm istiqamətlərdən biri də simulyasiya sistemləridir. İlk dəfə bu sərgidə “İQLA” hava müdafiə simulyatoru nümayiş olunur. Həmin sistemlər real vasitələrdən istifadə etmədən real vəziyyətə mümkün qədər yaxın şəraitdə təlim keçməyə imkan yaradır. Heyət peşəkar hazırlığını həmin simulyator vasitəsilə həyata keçirə bilir.
Samir Ağabalayev diqqətə çatdırıb ki, təqdim edilən məhsullar Azərbaycanın müdafiə sənayesində fəaliyyət istiqamətlərinin kifayət qədər geniş olduğunu göstərir. Azərbaycan müdafiə sənayesinin əsas məqsədi müasir texnologiyaları mənimsəmək, yeni məhsullar yaratmaq və yerli istehsal imkanlarımızı davamlı şəkildə genişləndirməkdir.
Digər xəbərlər