Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçmək...
11:19 23.08.2026
0
0
0
NAXÇIVAN :
23 Avqust 2026, Bazar
Sonuncu dəfə bu hissi Musa Yaqubun cismani ayrılığında yaşamışdım. Onda tələbə idim. Hələ ədəbiyyata, sözə yeni-yeni könül bağlayan bir gənc üçün Musa Yaqub kimi bir şəxsiyyətin itkisi çox ağır gəlmişdi mənə. Düzdür, onun vəfatından sonra bir neçə şair və yazıçımızı son mənzilə yola salmışdıq: Xalq yazıçısı Elçin, Məmməd İsmayıl, Vidadi Babanlı, Əlisəmid Kür... Ancaq heç birinin itkisi zamanı bu hisslərə qapılmamışdım. Ta ki həmin xəbəri oxuyana qədər. Bəli, bir səhər çağı bütün xəbər saytları sevgi şairimiz Nəriman Həsənzadənin əbədi ayrılıq xəbərini sevənlərinə çatdırdı. O zaman anladım, bu nəhayətsiz darıxmağın, qəlbimdə qövr edən sıxıntının adı nə imiş... Sən demə, gecə ilə gündüzün qovuşduğu, günün aydınlığa çıxdığı bir vaxtda bir şair dünyanı tərk edibmiş...
Oxucularının dilində əzbər olan bir şeirində “Bu həyat nərdivandı”, – deyirdi Nəriman Həsənzadə. Həyatı ədəbiyyat adlı bir dünya hesab edirdi, şeiri, sözü isə o dünyanın zirvəsinə qalxmaq üçün bir nərdivan. Uzun, mənalı bir həyat yaşayan şair ömür nərdivanının 95-ci pilləsinə çatdı... Bəlkə də, əsrə bərabər olan ömründə ilk dəfə nəfəsini belə rahat dərdi, əvvəlki kimi təntimədən, tələsmədən dönüb həyat adlı pəncərəsindən geriyə baxdı. Göz işlədikcə axıb gedən ömür mənzərəsi qarşısında gözləri doldu. O, baxdığı bu xatirə ümmanında nələri görmədi ki... Tələbəlik illərini, qələmlə, kağızla baş-başa qaldığı günləri, ilk sevgisini, övladlarını ilk qucağına aldığı anları... Həyatı kinolent kimi keçdi gözləri qarşısından. Ancaq bu dəfə keçmişin xiffətini çəkmədi, o günlər üçün darıxmadı. Çünki bundan sonra yazacaq sözünün, yaşayacaq xatirələrinin olmadığını bilirdi. Həyat nərdivanının sonuncu pilləsi əbədiyyət idi... Və o artıq həmin mərtəbəyə – əbədiyyət adlı ucalığa çatmışdı...
O, sevginin, səadətin ən gözəlini yaşamışdı vaxtilə. Bir şairin çata biləcəyi ən yüksək mərtəbələrə çatmış, bir şairin eşidə biləcəyi ən xoş sözləri eşitmişdi. Hələ Xalq şairi fəxri adını almamışdan əvvəl dillər əzbəri olan şeirləri ilə xalqın sevimli şairi ola bilmişdi. Gənc yaşlarından könlünü Sara adında bir xanıma vermiş, bu saf, təmiz məhəbbətlə bir ailənin təməlini qoymuşdu. Sara xanım da əsl Azərbaycan qadını kimi fədakar həyat yoldaşı, zəhmətkeş ana, qayğıkeş sirdaş olmuşdu şairə. Bəlkə də, Nəriman Həsənzadənin yanında başqa bir qadın olsaydı, o bu cür uğurlar qazana bilməzdi. Çünki Sara xanım bütün həyatını, varlığını, ruhunu Nəriman Həsənzadəyə həsr etmişdi. O hər dəfə yeni şeir yazanda ilk dinləyicisi Sara xanım olurdu. Onlar birlikdə harasa qonaq gedəndə Sara xanım məclisin ən şirin yerində Nəriman Həsənzadədən xahiş edirdi ki, yeni yazdığı şeiri dinləyicilərə oxusun. Bir sözlə, həyat yoldaşının bir kəlmə xoş sözü, xoş siması onun üçün bütün mükafatlardan üstün idi. Ancaq çox təəssüf ki, şair canı qədər sevdiyi həyat yoldaşını çox vaxtsız itirdi...
Gözüm yolda qalıb, qulağım səsdə,
Gedibsən, qalmışam mən qonaq kimi.
Sən yerin altında, mən yerin üstə,
Biz ayrı düşmüşük kök budaq kimi.
Nəriman Həsənzadə şeirlərinin birində həyat yoldaşı Sara xanımın həyatdan erkən köçməsinin acısını qızı ilə bölüşür. “Ürəyim ananı istəyir, qızım” adlı həmin şeirdə Nəriman Həsənzadə yazır:
Qaşlarım qaradı, saçlarım ağdı,
Təbiət şəklimi çəkir yenidən.
Hamı bu dünyada qocalacaqdı,
Amma tək qocalmaq dərd verir hərdən.
Çox səmimi, kövrək şeirləri, həzin, pıçıltılı danışıq tərzi və həlim xasiyyəti ilə hər kəsdə xoş ovqat yaradan Nəriman Həsənzadəni görmədən də tanımaq olur. Çünki onun lətif, xoş əhvali-ruhiyyəli şeirlərini oxuduqca gözlərimiz qarşısında ömrünün müdriklik çağını yaşayan, qələmlə-kağızla baş-başa qalan bir şair obrazı canlanır. Bir müsahibəsində “Şeirlərimi hələ də makinada yazıram”, – deyirdi şair. Keçmişə, milli-mənəvi dəyərlərə o qədər bağlı idi ki, illərlə şeirlərinə sirdaş olan, az qala hər anının şahidinə çevrilən sevimli makinasından ayrılmaq istəmirdi. Bu əslində, illərdir, qəlbində lövbər salmış, yaddaşın ən məhrəm guşəsində abidələşmiş keçmişlərə, xatirələrə bağlılıq idi...
Söhbətin şirindi, gülüşün təzə,
Saldın ürəyimi eşqə, həvəsə.
Sən ayaq basdığın o yola, izə,
Çəmənə, səhraya qurban olaram.
Nəriman Həsənzadənin şeirlərini oxuduqca bir anlıq başqalaşırsan, sanki şairin şeirlərindən doğulmuş yepyeni bir adam olursan. Ağrın-acın həmən unudulur. İçinə bir nur seli axır, ətrafında olan, həmin anda ruhunu saran naqisliklər yox olur, ümidə doğru boylanırsan, sevgiyə doğru boylanırsan... Hətta onun şeirlərinin nəbzini tutan aşiq də, məşuq da sətirlər qarşısında acizləşir, nakam sevgidə günahkar axtarmaqdan əl çəkir. Bir misrasında nə gözəl deyir Nəriman Həsənzadə:
Hayanda durdumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Harayında durum ki, görəsən məni?
Nəriman Həsənzadə böyüklüyü ovucları qədər olan şair qəlbinə yalnız saf sevgini, təmiz məhəbbəti sığdırmamışdı. Vətənə olan təmənnasız eşqi ilə də yazıb-yaradırdı şair. Qələmini hər dəfə bu mövzuya köklədikcə xalqın sinəsində qövr edən yurd-yuva həsrətinə toxunur, misraları bir zamanlar gözləri qarşısında baş verən faciələrə, Qarabağın qara taleyinə ağlayırdı elə bil. Lakin taleyin qismətinə bax ki, 70 ildən artıq yaradıcılıq yolunda Qarabağımızın işğalını görən, soydaşlarımızın el-oba həsrətinə şahid olan şair Vətənimizin xoş günlərindən də yaza bildi. Bu, Yaradanın ona bəxş etdiyi ən ali mükafat idi. Bir zamanlar Azərbaycan xalqının qan yaddaşından yazan qələmi indi ordumuzun şan yaddaşını misra-misra, sətir-sətir ruhumuza köçürürdü:
Od ürəkli, od nəfəsli diyarımsan,
Ocağına canım qurban, Azərbaycan!
Əzilsən də, əyilməyən vüqarımsan,
Bu çağına canım qurban, Azərbaycan!
Şairin həyat hekayəsinə nəzər salanda görürük ki, onun ağrı-acılı günləri yalnız həyat yoldaşının ölümü ilə yekunlaşmayıb. Hələ uşaqlıqdan çətin günlər yaşayan, İkinci Cahan müharibəsinin dəhşətlərini görən şair ana nəvazişindən, ata qayğısından da erkən yaşda məhrum olub. Həzin şeirləri ilə yanaşı, öz ömür yolundan danışdığı bir neçə poemasında bu hadisələrə toxunub. Dostlarının sözlərinə görə, ata-anasını belə vaxtsız-vədəsiz itirməsi onun uşaq qəlbində o qədər yer etmişdi ki, qızı Xatirə xanımı “anam”, oğlu Nazim bəyi isə “atam” deyib çağırırdı. Hətta o, yazdığı “Nabat xalanın çörəyi” povestində uşaqlıq, yeniyetməlik, gənclik illərinin acılı- şirinli xatirələrini, anasının tək oğlunu böyütmək üçün düşdüyü çətinlikləri, keçirdiyi həyəcanları və göstərdiyi mətanəti də qələmə alıb:
Allahım, əqrəblər nə yaman gedir,
Gözüm baxa-baxa bir zaman gedir.
Bizi görüşdürür, bizi ayırır,
Dünyada gizli bir imtahan gedir.
Adını qeyd etdiyimiz şeirləri ilə yanaşı, “Könlüm şeir istəyir”, “Unudulmaz günlər”, “Yadına düşəcəyəm”, “Niyə demədiniz”, “Zümrüd quşu”, “Mənim gecəm-gündüzüm”, “Sən bağışladın” kitabları ədəbi-ictimai mühitdə Xalq şairimizə böyük şöhrət qazandırıb. Bununla belə Nəriman Həsənzadə 90-cı illərdən etibarən qələmə aldığı “Şəhid atası Şərif qağaya məktub”, “Qafqaz”, “Cavid”, “Səfirə məktub”, “Qarabağdan gələn var”, “Xarıbülbül”, “Qaçaq Kərəm”, “Nuru paşa”, “Nizami”, “Sözü tara verin” kimi poemaların da müəllifi idi. Zəngin yaradıcılıq yolu ilə ədəbiyyatımızda əbədi iz buraxan Nəriman Həsənzadənin şəxsiyyəti və yaradıcılığı dövlətimiz tərəfindən də qiymətləndirilmişdi. 2005-ci ildə dövlət başçımızın müvafiq Sərəncamı ilə Xalq şairi fəxri adına layiq görülən şair “Şöhrət”, “Şərəf”, “İstiqlal” və “Heydər Əliyev” ordenlərinin laureatı idi.
Xalq şairi Məmməd Araz Nəriman Həsənzadə yaradıcılığından bəhs edərək yazırdı: “Mövzu müxtəlifliyi, insan arzularının, cəmiyyət həyatının və zəmanənin çoxcəhətli, zəngin boyalarla işlənməsi hər bir poetik əsərin məziyyətidir. Nəriman Həsənzadənin poeziyası bu cəhətdən də oxucuda dərin maraq oyadan poeziyadır. İdeala, gözəlliyə, mənəvi saflığa sadiq olan insanlıq və vətəndaşlıq hisslərini şeirlərinin canına, ruhuna hopduran bu şair daim axtarışdadır, onun poetik fikri yorulmaq bilmir, oxucuya arası kəsilmədən yeni əsərlər təqdim edir”.
Yaradıcılığı və sənət dünyası ilə oxucularının yaddaşında əbədi iz buraxan Xalq şairimiz Nəriman Həsənzadə avqustun 1-də haqq dünyasına qovuşdu. “Mən də bu dünyada dünya kimiyəm”, – deyən şairi böyük sayğı və ehtiramla anırıq...
Məcid RƏŞADƏTOĞLU
Digər xəbərlər