Zəhmətlə becərilən qarğıdalı sahələrində bol məhs...
09:16 09.08.2026
0
0
1
NAXÇIVAN :
09 Avqust 2026, Bazar
2026-cı il – “Şəhərsalma və Memarlıq İli”
Naxçıvanın zəngin memarlıq ənənələri onun əlverişli coğrafi mövqeyi, qədim tarixi və təbii sərvətləri, inkişafı isə burada yaşayan insanların çoxəsrlik həyat fəaliyyəti nəticəsində formalaşmışdır. İnsan məskunlaşmasının Nuh Peyğəmbərlə əlaqələndirildiyi Naxçıvan sonrakı tarixi inkişaf mərhələlərində, xüsusilə orta əsrlərdə Yaxın Şərqin mühüm siyasi, iqtisadi, mədəni və sənətkarlıq mərkəzlərindən birinə çevrilmişdir.
Naxçıvan ərazisində aşkar edilmiş erkən şəhər yerləri – Qarabağlar, Oğlanqala, Plovtəpə, Qazançı, Çalxanqala və digər yaşayış məskənləri Azərbaycanın, eyni zamanda Naxçıvanın Yaxın Şərqin yüksək inkişaf etmiş mədəniyyət mərkəzləri ilə sıx əlaqələrini təsdiq edir. Müxtəlif tarixi dövrlərə aid yaşayış məskənləri, memarlıq abidələri, qalalar, istehkamlar, tikinti materialları və inşaat texnikası bu diyarın zəngin memarlıq irsinin parlaq nümunələridir.
Xüsusilə orta əsrlərdə paytaxt olmuş Naxçıvan şəhəri regionun əsas siyasi, iqtisadi, mədəni və sənətkarlıq mərkəzlərindən biri kimi tanınmışdır. Azərbaycanda orta əsr xatirə memarlığının geniş yayılmış növü olan qülləvari türbələrin formalaşmasında naxçıvanlı memarlar – Əcəmi Əbubəkr oğlu və Əhməd Əyyub oğlunun müstəsna xidmətləri olmuşdur.
Memar Əcəminin XII əsrin ikinci yarısında inşa etdiyi və bu günədək qorunub saxlanılan Yusif Küseyir oğlu türbəsi və Möminə xatun türbəsi dünya memarlığında insan xatirəsini monumental memarlıq formaları ilə əbədiləşdirən ən uğurlu nümunələrdəndir. Təkcə Azərbaycanın deyil, bütün İslam memarlığının ən möhtəşəm və zərif kompozisiyalı abidələrindən hesab edilən Möminə xatun türbəsinin əsrlərboyu salamat qalmasının əsas səbəblərindən biri onun mükəmməl mühəndis-konstruktiv həllidir.
Əcəmi Naxçıvaninin yaradıcılığı ilə Azərbaycan memarlıq tarixində ilk dəfə Naxçıvan memarlıq məktəbi formalaşmışdır. Böyük sənətkarın yaratdığı bu məktəb Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına mühüm təsir göstərmiş, memarlıq tarixində yeni mərhələnin əsasını qoymuşdur. Yubileyi UNESCO çərçivəsində qeyd olunan böyük şəxsiyyətlər sırasında yer alan Əcəmi Naxçıvaninin yaradıcılığı Azərbaycan və Yaxın Şərq orta əsr memarlığının ən yüksək zirvələrindən biri hesab edilir.
Müasir dövrdə Naxçıvanda həyata keçirilən şəhərsalma tədbirləri tarixi-memarlıq abidələrinin qorunması və bərpası ilə paralel şəkildə həyata keçirilir. Hələ Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdən formalaşdırdığı ənənəyə uyğun olaraq arxeoloji tapıntıların, tarixi-memarlıq abidələrinin qorunması, mühafizəsi və bərpası daim dövlət siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur.
Ümummilli Lider Heydər Əliyev deyirdi: “Naxçıvan ərazisində həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri var. Baxmayaraq ki, onlara yüz illərlə heç qayğı da göstərilməyibdir, hətta müxtəlif proseslər zamanı, bəzən müharibələrlə, yaxud da ki, başqa hadisələrlə əlaqədar onların uçurdulması, dağıdılması halları olubdur. Amma bu tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənlərini göstərən abidələrdir. Əgər bizim millətimizin keçmişini, tarixini, mədəniyyətini, onun mənbəyini bizim alimlərimiz, ziyalılarımız tədqiq etməsələr, xalqımıza, dünyaya göstərməsələr, sübut etməsələr bəs bunu kim edəcəkdir?” Bu uzaqgörən siyasətin nəticəsi olaraq Naxçıvandakı tarixi-mədəni irs nümunələri, sözün həqiqi mənasında, ikinci ömrünü yaşamağa başlamışdır. Möminə xatun və Qarabağlar memarlıq kompleksləri, Əshabi-kəhf ziyarətgahı, İmamzadə kompleksi, Buzxana, Bazarçay ətrafındakı yeraltı abidə, Şərq hamamı, Yusif Küseyir oğlu türbəsi, Xan evi, Ordubaddakı Aza körpüsü, qədim Zorxana abidəsi və Culfadakı Xanəgah kompleksi əsaslı şəkildə bərpa olunmuşdur.
Eyni zamanda Gəmiqaya qayaüstü təsvirlərinin öyrənilməsi məqsədilə elmi ekspedisiyalar təşkil edilmiş, Naxçıvanın tarix və mədəniyyət abidələrinin sistemli tədqiqinə başlanılmışdır. Tarixi irsin qorunması ilə yanaşı, müasir memarlıq ornamentlərindən istifadə edilməklə şəhərlərin estetik görünüşünün yaxşılaşdırılması, yeni şəhərsalma layihələrinin hazırlanması və yaşayış məskənlərinin müasir tələblərə uyğun inkişafı da diqqət mərkəzində saxlanılmışdır.
Naxçıvanda milli-mənəvi sərvətlərin və tarixi-mədəni irs nümunələrinin tədqiqi, mühafizəsi və bərpası istiqamətində mühüm dövlət qərarları qəbul olunmuş, onların icrası nəticəsində kompleks tədbirlər həyata keçirilmişdir. “Nuh Peyğəmbərin Naxçıvan şəhərində məzarüstü abidəsinin bərpa edilməsi”, “Ordubad” Tarix-Memarlıq Qoruğunun və Şərur “Arpaçay” Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında qəbul olunmuş qərarlar, eləcə də digər dövlət proqramları nəticəsində Naxçıvanda yerli, ölkə və dünya əhəmiyyətli tarixi-mədəniyyət abidələrinin etibarlı mühafizəsi təmin edilmişdir.
Bədii-memarlıq həllinin kamilliyi baxımından dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasında Möminə xatun türbəsi, Xudafərin körpüsü, “Atəşgah” kompleksi və digər nadir memarlıq nümunələri Azərbaycan memarlığının rəmzlərinə çevrilmişdir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, Qız qalası, eləcə də Şəkinin tarixi mərkəzi və Xan sarayı qədim və orta əsr şəhər mədəniyyətini yaşadan, Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya miqyasında tanınan inciləridir.
Bu gün Azərbaycan çoxəsrlik şəhərsalma və memarlıq ənənələrinə sadiq qalaraq müasir şəhərlərin və yaşayış məskənlərinin formalaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Şəhərsalma və memarlıq fəaliyyətində milli ənənələrdən yaradıcı şəkildə istifadə olunur, tarixi irsin qorunması müasir urbanizasiya prinsipləri ilə uzlaşdırılır.
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasında paytaxt və regionların tarazlı inkişafı, dayanıqlı insan məskunlaşmasının təmin edilməsi və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəhərsalma siyasətinin həyata keçirilməsi bu sahənin əsas prioritet istiqamətləri kimi müəyyən olunmuşdur.
Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın şəhərsalma sahəsində müasir yanaşmasını aydın nümayiş etdirir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq “yaşıl enerji zonası” elan edilmiş ərazilərdə qısa müddət ərzində 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanmış, müasir şəhərsalma prinsiplərinə əsaslanan tikinti və quruculuq işlərinə başlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” Naxçıvanda bütün sahələr kimi şəhərsalma və memarlıq istiqamətində də yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Dövlət Proqramında əsaslı infrastruktur layihələrinin icrası, yeni ticarət və xidmət obyektlərinin, bərpa olunan enerji, günəş və külək elektrik stansiyalarının, səhiyyə və turizm infrastrukturunun yaradılması nəzərdə tutulmuşdur.
Sənəddə, eyni zamanda əhalinin, xüsusilə gənclərin və aztəminatlı ailələrin mənzil təminatının yaxşılaşdırılması məqsədilə şəhər və rayonlarda güzəştli və sosial mənzillərin tikintisi əsas prioritetlərdən biri kimi müəyyən edilmişdir.
Dövlət Proqramına uyğun olaraq Naxçıvan iqtisadi rayonunun ümumi planının, eləcə də Naxçıvan, Ordubad, Şahbuz, Culfa, Babək və Şərur şəhərlərinin Baş planlarının hazırlanması ərazi planlaşdırmasının müasir tələblər əsasında həyata keçirilməsinə, insanların təhlükəsiz və sağlam yaşayış mühitinin formalaşdırılmasına, ətraf mühitin qorunmasına, torpaq ehtiyatlarından səmərəli istifadəyə, investisiyaların cəlbinə, məşğulluğun genişlənməsinə və sosial rifahın yüksəlməsinə mühüm töhfə verəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması Azərbaycanın çoxəsrlik şəhərsalma və memarlıq ənənələrinin yaşadılması, eyni zamanda bu sahədə müasir çağırışlara cavab verən innovativ yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsinə xidmət edir.
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində artan nüfuzunun və beynəlxalq əməkdaşlıqdakı rolunun bariz göstəricisidir. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev vurğulamışdır ki, ölkəmizdə tarixi-mədəni irsin qorunması ilə müasir şəhərsalma prinsiplərinin tətbiqi arasında təbii vəhdət mövcuddur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, “yaşıl enerji zonaları”, müasir avtomobil yolları, tunellər, körpülər, beynəlxalq hava limanları və sənaye parkları Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilmişdir. Cəmi beş il ərzində yüzlərlə körpünün, üç beynəlxalq hava limanının və 100-dən artıq yaşayış məntəqəsinin inşası dövlətimizin iqtisadi imkanlarını və müasir şəhərsalma konsepsiyasını aydın şəkildə nümayiş etdirir.
Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına ev sahibliyi etməsi Azərbaycanın qlobal urbanizasiya gündəliyinin formalaşmasında fəal iştirakçı və etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Tarixi irsə sədaqətlə yanaşaraq müasir inkişaf meyillərini uğurla birləşdirən bu siyasət göstərir ki, Azərbaycan üçün şəhərsalma və memarlıq yalnız məkanın təşkili deyil, həm də milli kimliyin qorunması, insanların rifahının yüksəldilməsi və dayanıqlı gələcəyin qurulmasının mühüm vasitəsidir.
Bu gün ölkəmizdə həyata keçirilən şəhərsalma və memarlıq siyasəti qədim memarlıq irsinin mühafizəsi ilə müasir urbanizasiya prinsiplərini üzvi şəkildə əlaqələndirir. Tarixi ənənələrə söykənən, innovativ yanaşmaları təşviq edən bu inkişaf modeli Azərbaycanın gələcək şəhərlərinin daha təhlükəsiz, daha rahat, daha estetik və dayanıqlı olacağına möhkəm əsas yaradır. Bu baxımdan, “Şəhərsalma və Memarlıq İli” yalnız bir ilin devizi deyil, Azərbaycanın tarixi irsinə sədaqətinin və gələcəyə hesablanmış inkişaf strategiyasının parlaq ifadəsidir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Digər xəbərlər