Elçin Əmirbəyov: Orta Dəhlizin əhəmiyyəti daha da ...
14:41 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Avqustun sonları, sentyabrın əvvəlləri müvafiq ticarət obyektlərində tez-tez bu sualı eşidirik: “Məktəbli forması var sizdə?” Bu sadə sual illərlə dəyişməyən bir sistemin göstəricisidir – məktəbli forması. Bəzilərinə görə, məhdudiyyət, bəzilərinə görə yük. Amma unudulan bir şey var: bəzilərinə görə də güvəndir, sığınacaqdır.
Üstünlüyü ondadır ki, forma fərqləri gizlədir. Sinifdə oturan hər şagirdin ailəsi, həyatı, imkanları fərqlidir.Amma forma bu fərqləri görünməz edir. Forma həm də kasıb uşağın gözündə utanma hissini gizlədir. Məktəbli forması təhsil prosesində diqqəti geyimə yox, öyrənməyə çəkir. Uşaqlar geyim yarışı aparmır, qiymət yarışı aparır. Ona görə də forma, əslində, uşaqlar arasında hər kəsi dəyərli edən, birləşdirən simvoldur.
Nizam və intizam hissi formayla başlayır
Uşaqların həyatında ilk sistem, ilk “rəsmi həyat” elə məktəblə başlayır. Formanı geyinmək, düyməni bağlamaq, saçını səliqəyə salmaq – bu sadə hərəkətlər özünü idarə etməyin və intizamlı olmağın ilk addımlarıdır. Bu vərdişlər sabahkı iş həyatında, cəmiyyətdə də özünü göstərir. Çünki formanı tanıyan uşaq bu həyatdakı ilk addımını ataraq müvafiq qaydaları öyrənməyə başlayır.
Müəllim üçün rahatlıq, şagird üçün fokus
Məktəbdə müəllim hər gün 20-30 uşağın qarşısında dərs keçir. Geyimlərin müxtəlifliyi, rənglərin qarışıqlığı onun diqqətini yayındıra bilər. Amma vahid forma sakitlik, vizual harmoniya və fokuslanma yaradır.Şagirdin özü üçün də forma bir mesajdır:“İndi oyun yox, dərs vaxtıdır”. Bu fərq, bu keçid zehni hazırlıq deməkdir.Azadlıq təkcə paltarda deyil. Bəziləri deyir ki, forma uşağın fərdiliyini boğur. Amma fərdilik təkcə geyimdə olmamalıdır. Uşaq öz fərqliliyini fikrində, yazısında, davranışında göstərə bilər. Əgər uşağa fikrini deməyi öyrətsək, forma onun şəxsiyyətini boğmaz, əksinə, formalaşdırar.
Forma bir simvoldur
Məktəbli forması, sadəcə, bir parça deyil. O, mədəniyyətin, ictimai dəyərin, kollektiv tərbiyənin bir simvoludur. Forma uşağa nə geyinməli olduğunu deyil, harada olduğunu, nə etməli olduğunu xatırladır. Və bəlkə də, ən vacibi: forma uşağın sabah cəmiyyətə qarışması üçün ilk mərhələ, ilk “mən burdayam” addımıdır. O, sadəcə, bir geyim deyil. Çoxları onu parça kimi görür, amma, əslində, o bir sistemin bir mədəniyyətin, bir ruhun simvoludur.
Geyimdən çox, tərbiyə vasitəsi
Uşağın həyatında ilk ciddi forma məktəb formasıdır. Forma ona təkcə məktəbə aid olmaq hissini vermir, həm də “Mən artıq cavabdehəm” mesajını aşılayır. O uşaqlara sadə bir geyimlə məsuliyyət, nizam və intizam, cəmiyyətdə necə möhkəm dayanmaq hissini aşılamağın simvoludur.
Günay HACIYEVA
Digər xəbərlər