NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun 2026-cı ilin I rübü ərzində gördüyü işlərlə bağlı iclası keçirilib

...

31 mart 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun 2026-cı ilin I rübü ərzində gördüyü işlərlə bağlı iclası keçirilib. “Şərq qapısı” xəbər verir ki, tədbirə başlamazdan əvvəl 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qurbanlarının, eləcə də ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclası Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova açaraq bildirib ki, məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Konstitusiyadan, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və digər normativ-hüquqi aktlardan ibarətdir. Monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət qaydasına uyğun olaraq komitə və aidiyyəti qurumların üzərinə mühüm vəzifələr qoyulub. Komitə bu normativ -hüquqi aktlara əsaslanaraq məişət zorakılığının qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. İclasda monitorinq və əlaqələndirmə qrupunun gördüyü işlər müzakirə olunub, bu sahədə həyata keçirilən kompleks tədbirlərin davam etdirildiyi qeyd edilib. İclasda Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli çıxış edərək ailə dəyərlərinin qorunması və zorakılığın qarşısının alınmasında ictimai maarifləndirmənin vacibliyini vurğulayıb. O, yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Leyla Camalbəyova çıxış edərək bildirib ki, məişət zorakılığı cəmiyyətin sosial rifahına, ailə institutunun möhkəmliyinə və insan hüquqlarının qorunmasına ciddi təsir göstərən problemlərdən biridir. Onun sözlərinə görə, bu sahədə effektiv mübarizə yalnız hüquqi mexanizmlərlə deyil, eyni zamanda institusional əməkdaşlıq, davamlı monitorinq və geniş maarifləndirmə tədbirləri ilə mümkündür. Qeyd olunub ki, zorakılığın qarşısının alınması üçün, ilk növbədə, maarifləndirmə işi gücləndirilməli, insanlara hüquqları və zorakılığın fəsadları barədə dolğun məlumat verilməlidir. Məktəblərdə, ailələrdə və cəmiyyətdə qarşılıqlı hörmət, bərabərlik və sağlam ünsiyyət təşviq olunmalıdır. Daha sonra Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Elçin Məmmədəliyev çıxış edərək bildirib ki, məişət zorakılığı ilə mübarizə, ailə institutunun qorunması, qadın və uşaqların hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir və daim diqqət mərkəzində saxlanılır. O qeyd edib ki, hüquq-mühafizə orqanları, səhiyyə, təhsil və sosial xidmət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, operativ məlumat mübadiləsi və vahid yanaşmanın formalaşdırılması görülən işlərin effektivliyini artırır. Bildirilib ki, cari il ərzində bu istiqamətdə hüquqi, sosial və profilaktik tədbirlər sistemli şəkildə həyata keçirilir. Daha sonra komitənin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova mövzu ilə bağlı təqdimatla çıxış edib. İclas diskussiya şəklində davam edib. Sonda Aytən Məmmədova məişət zorakılığının qarşısının alınması sahəsində bundan sonra da  zəruri tədbirlərin keçirilməsini diqqətə çatdırıb.

Nəşr edilib : 31.03.2026 14:18