NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

“Məişət zorakılığı və onun qarşısının alınması” mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə “Məişət zorakılığı və onun qarşısının alınması” mövzusunda  maarifləndirici tədbir keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı, Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun üzvü Elxan Babayev qeyd edib ki, təhsil məişət zorakılığının qarşısının alınmasında əsas vasitələrdən biridir. Məktəblərdə uşaqlara qarşılıqlı hörmət, zorakılığa qarşı mövqe və sağlam ünsiyyət bacarıqları aşılanmalıdır. Bu səbəbdən də müəllimlərin və mütəxəssislərin rolu erkən risklərin müəyyənləşdirilməsində xüsusilə vacibdir. Həmçinin bu cür tədbirlərin uşaqların maarifləndirilməsində rolu danılmazdır.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı, Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun üzvü Orxan Məhərrəmov çıxış edərək bildirib ki, məişət zorakılığı təkcə ailədaxili problem deyil, bütün cəmiyyətə təsir edən ciddi bir təhlükədir. Bu hal insan hüquqlarını pozur və sosial sabitliyi zəiflədir. Zorakılığın qarşısının alınması üçün hüquqi mexanizmlərlə yanaşı, ictimai mövqenin formalaşdırılması da vacibdir. Çünki cəmiyyət zorakılığa biganə qalmadıqda onun qarşısını almaq mümkün olur.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Firuzə Hüseynova təqdimatla çıxış edərək bildirib ki, məişət zorakılığı ilə mübarizə yalnız cəzalandırma ilə məhdudlaşmamalıdır, əsas məqsəd onun baş verməsinin qarşısını almaqdır. Bunun üçün erkən müdaxilə, zərərçəkənlərə dəstək və maarifləndirmə əsas rol oynayır. İnsanların məlumatlı olması zorakılıq hallarının azalmasına şərait yaradır və sağlam ailə münasibətlərinin qurulmasına kömək edir.
Tədbir diskussiya şəklində davam edib və iştirakçıların mövzu ilə əlaqədar sualları cavablandırılıb.

Nəşr edilib : 21.01.2026 18:00