NAXÇIVAN :

30 Dekabr 2024, Bazar ertəsi

Məfkurə Süleymanova: “Hətta məktəbdən ayrılanda doğma bacım sevinirdi ki, Məfkurə müəllim işdən ayrıldı”

...

Eşidəndə ki, o, uzun sürən fasilədən sonra Naxçıvana – öz doğma torpağına səfər edib, ürəkdolusu sevindim və şad oldum. Ona görə ki, ömrünün 80-ci pilləsinə çatmağa çox qısa zaman qalmış bir insan üçün Vətəndə keçən hər günün, hətta hər saatın, dəqiqələrin böyük qiyməti var. Və həyatının 50 ilə yaxın bir dövrünü təhsilə, təlim-tərbiyəyə, o cümlədən gələcək Azərbaycan vətəndaşlarının formalaşmasına sərf edən bir ziyalı üçün bu, tamam başqa məna və mahiyyət kəsb edir. Maraqlısı da odur ki, uzun illər doğma yurdundan uzaqda olmasına baxmayaraq, şagird və tələbə yoldaşları hələ də ona qarşı böyük hörmət və ehtiram göstərir, onu elə ilk illərdə olduğu kimi böyük ciddiyyət və nəvazişlə qarşılayır…

…Telefonun dəstəyini qaldırıb səsini eşidən kimi qeyri-ixtiyari şagirdlik illərim yadıma düşdü, sanki zamanın qatarında bu gündən dünənə, lap 15 il bundan öncəyə qayıtdım. Sevincli və tələsik tonda salam verdim, salamımın qarşılığını aldım. Özümü təqdim edəndə məni tanıdı və müsahibə üçün görüşmək istədiyimi bildirəndə razılıq etdi. “Gəl, Məcid, əmimoğlugildəyəm, evləri elə sizin məhəllədədir”, – dedi. Qeyd edim ki, tanınmış pedaqoq, peşəkar təhsil işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məfkurə Süleymanova atamın və mənim oxuduğumuz 12 nömrəli tam orta məktəbin keçmiş direktoru olub. Bu səbəbdən Məfkurə müəllimlə ailəvi tanışlığımız çox əvvəllərə gedib çıxır...

Səmimi qonaqpərvərlikdən sonra evin sakit bir otağında əyləşib söhbətə başlayırıq.

– Məfkurə müəllim, Naxçıvana xoş gəlmisiniz. Uzun sürən fasilədən sonra sizi görmək çox xoş oldu. Necəsiniz?

Yaxşıyam, lap yaxşıyam. Yaşımın səksənə çatmasına artıq bir şey qalmır, buna baxmayaraq, özümü çox gümrah hiss edirəm. Heç bir giley-güzarım yoxdur, şükür. Lap gözlərim də yaxşı görür, qulaqlarım da yaxşı eşidir. Bir sözlə, elə həmin Məfkurə müəlliməm. Sadəcə, oğlumun vaxtsız ölümü məni çox sarsıtdı, həyata küsdürdü. Onun vəfatından sonra psixoloji narahatlıqlar keçirdim, məyus oldum. İndi bir az yaxşıyam. Nə deyim, zamana söz keçirmək olmur ki, nə edirsən et, o öz sözünü deyir. Bu da bizim taleyimizdir, yaşayırıq…

(Oğlunun vəfat xəbəri məni də sarsıdır, ancaq Məfkurə müəllimənin kövrəlməməsi, övlad itkisini yenidən xatırlamaması üçün Allah rəhmət eləsin deyib tez sualı dəyişirəm).

Deyəsən, doğma şəhərə qısa müddətlik gəlmisiniz, tez də qayıdacaqsınız?

– Elədir. Mənim Naxçıvana gəlişim tələm-tələsik baş tutdu. İki-üç gün bundan əvvəl 12 nömrəli məktəbin müdiri Tahirə müəllim – Tahirə Qasımova mənə zəng elədi. Dedi ki, uzun illər məktəbimizdə tarix fənnini tədris edən Məsmə müəllim təqaüdə buraxılır, həm də həmkarımızın 65 illik yubileyidir. İstəyirik, ona gözəl bir tədbir təşkil edək, siz də gəlin və bizimlə bərabər tədbirdə iştirak edin. Mən də xətirlərinə dəyə bilmədim, razılıq edib gəldim. Müəllim yoldaşlarım mənim üçün çox əzizdir, doğmadır. Onların sözlərini yerə sala bilmərəm. Yaxşı ki, gəldim. Neçə ildən sonra təhsildə saç ağartmış, can qoymuş həmkarlarımı gördüm. Aralarında doğma təhsil ocağında yeni dərs deyən müəllimlər də var idi. Tədbirimiz də çox yaxşı və maraqlı keçdi. Ən xoşagələn məqam da o oldu ki, Məsmə müəllim mənim gələcəyimi bilmirdi. Məni görəndə çox sevindi, kövrəldi, elə məni də kövrəltdi...

– Məfkurə müəllim, mən yaxşı xatırlayıram siz Naxçıvandan ayrılanda mən 4-cü sinifdə oxuyurdum. Bir gün səhər məktəbə gələndə müəllimlərimizdən eşitdik ki, siz birdəfəlik Naxçıvandan çıxıb getmisiniz. Maraqlıdır, nə səbəbə görə buradakı şəraitinizi buraxıb paytaxta köçdünüz?

– Köçməyim üçün heç bir ciddi səbəb yaranmadı. Nəvəm Bakıda ali məktəbə qəbul oldu. Mən də onu tək buraxa bilmədim. Düşündüm ki, yeniyetmədir, bərkə-boşa düşməyib, birdən-birə bu mühiti buraxıb böyük şəhərdə baş çıxara bilməz. Bu səbəbdən, dedim, yanında bir böyüyü olsun. Ona görə də 12 nömrəli məktəbdəki işimdən öz ərizəmlə ayrıldım. Sözün düzü, yorulmuşdum da. Çünki yaş 65-i ötmüşdü. Mən yaşda olan müəllim yoldaşlarımın, demək olar ki, hamısı təqaüdə çıxmışdı. Mən də istədim, onlar kimi ömrümün geri qalanını dincəlməklə, illərin yorğunluğunu çıxarmaqla keçirim…

– Bakıya tez alışa bildiniz? Naxçıvan üçün darıxmırdınız ki?!

–Alışdım. Bakıda tək deyiləm ki... Qohumlarımın, yaxınlarımın çoxu oradadır. Bu səbəbdən yadlıq, özgəlik hiss etməmişəm. Həm də mən Bakıda ilk dəfə deyil ki, qalıram. Elə tələbəlik illərimin, o cümlədən gənclik çağlarımın böyük bir hissəsi paytaxtda keçib. Hətta xatırlayıram ki, sözügedən illərdə, yəni ötən əsrin 60-cı illərində mən Bakı Dövlət Universitetində oxuyanda bir dəfə rəsmi tədbir üçün Naxçıvana gəlmişdim. Çox gözəl, möhtəşəm bir tədbir keçirildi. Onda ikinci kursda oxuyurdum. İllər belə keçdi getdi. Sonra məzun oldum. İş elə gətirdi ki, mən bir neçə il sonra Bakıdan ayrılıb Naxçıvana gəldim, əmək fəaliyyətimə başladım…

– Sirr deyilsə, o illərdə muxtar respublikamızda hansı rəsmi tədbir keçirilirdi ki, siz Bakıdan Naxçıvana gəlməli oldunuz?! Özü də tələbə ikən…

– Deməli, 1964-cü il idi. Naxçıvanın muxtariyyətinin 40 illik yubileyi keçirilirdi. Dediyim kimi, mən həmin il ikinci kursda təhsil alırdım. O vaxtları paytaxt ziyalılarının çox yaxşı tanıdığı ədəbiyyatşünas alim, professor Firudin Hüseynov məni yanına çağırıb dedi ki, Məfkurə qızım, Naxçıvanda muxtariyyətin 40 illik yubileyi keçiriləcək. İstəyirəm bir naxçıvanlı kimi səni həmin tədbirə göndərim. Çünki tədbirdə Rusiyadan çox sayda qonaq gələcək və onlarla ünsiyyət qurmağa rus dilini səlis bilən bir nəfər ziyalı lazımdır. Bu səbəbdən mən səni seçmişəm. Çox maraqlı, yaddaqalan və sanballı tədbir olacaq. Ölkənin bir çox sayılıb-seçilən ziyalıları da tədbirdə iştirak edəcək. Sual verdim ki, bəs Firudin müəllim, mənim o tədbirdə vəzifəm nə olacaq? Yəni məni ora tərcüməçi kimi göndərirsiniz? Dedi ki, sən ekskursiya bələdçisi olacaqsan və Naxçıvanın tarixi memarlıq abidələri ilə tədbir iştirakçılarını tanış edəcəksən. Onlara Naxçıvanın tarixi-mədəniyyəti barədə məlumat verəcəksən. Dedim ki, müəllim, açığı qorxuram. Qorxuram ki, birdən işin öhdəsindən gələ bilmərəm. Məni əmin etdi ki, yox, pis fikirləşmə. Çünki sən bacarıqlı qızsan. Hər işin öhdəsindən gələ bilərsən. Sənə orada naxçıvanlı alimlər, ziyalılar da köməklik göstərəcək, narahat olma. Firudin müəllimin söhbətindən sonra təklifi qəbul etdim. Və beləcə, tez bir zamanda Naxçıvana gəldim. Sağ olsun, Naxçıvanımızın görkəmli alimləri, məni tək qoymadılar. Vəzifəmi layiqincə yerinə yetirməyimdə mənə dəstək oldular.

– Bəs muxtar respublikanın 40 illik yubileyinin mənzərəsi necə idi? Mənə elə gəlir, olduğundan ziyadə maraqlı və yaddaqalan olar…

– Çox maraqlı bir tədbir keçirildi. Deməli, Firudin müəllimin təklifini qəbul edəndən sonra hazırlıq işləri gördüm. Tədbir keçirilən günə qədər çox həyəcanlı idim. Birdən-ikiyə elə bir tədbirdə iştirak etməmişdim ki. Bu səbəbdən həyəcanım təbii idi. Firudin müəllim məni çox həvəsləndirdi. Hətta söhbətimiz zamanı dedi ki, sənə orada çıxış etməyin üçün hazır materialları arxeoloq Əli Əliyev verəcək. Qalan məlumatları da Abbas Zamanovdan, Əziz Şərifdən alacaqsan. Daha sonra Bəkir Nəbiyev də mənə müəyyən qədər yol göstərdi. Alimlərimiz tapşırıq verdilər ki, çıxışında mütləq surətdə Əznəbürd kəndi məsələsini də qeyd edərsən. Xüsusən də Möminə xatın türbəsinin qarşısında baş tutacaq ekskursiyada dediyimiz mövzuya – Əznəbürd kəndi məsələsinə toxun.

– Əznəbürd kəndi məsələsi dedikdə nəyi nəzərdə tutursunuz?! O məsələni qeyd etmək nə səbəbə əhəmiyyətli idi?

– Xatırladığım qədəri ilə o illərdə Əznəbürd kəndində ermənilər fəallıq göstərib azərbaycanlıları sıxışdırırdılar, soydaşlarımızı yola vermək istəmirdilər. Alimlərimiz də bu məsələyə xüsusi həssaslıqla yanaşırdılar. Buna görə o kəndin adını çəkmək, əslində, bir növü strateji məqsəd idi. Rus əsilli alimlərə bir xatırlatma idi: Əznəbürdü də yada salın…

– Sonra nə baş verdi?

– Məni qatarla Naxçıvana yola saldılar. Sağ-salamat gəlib çatdım. Şəhəri görəndə əməlli-başlı heyrətlənmişdim. Tək mən yox, elə mənim kimi bir çoxlarının da mənzərədən gözləri qamaşırdı, hər yeri, mərkəzi prospektləri elə gözəl bəzənmişdilər ki. Bir gün sonra isə muxtariyyətin 40 illik möhtəşəm yubiley tədbiri başladı. Deməli, tapşırıq verdilər ki, tədbirdə iştirak edəcək olan hər kəs saat on tamamda Vilayət Partiya Komitəsinin qarşısında olsun. Biz də təyin olunan saatda ora yığışdıq. Xatırlayıram ki, həmin gün paytaxt Bakı daxil olmaqla hər yerdən ziyalılar, alimlər, tədqiqatçılar gəlmişdi. Hamılıqla dövlət avtomobillərinə əyləşib üz tutduq indiki Naxçıvan Dövlət Tarix Muzeyinə. Ekskursiyamız oradan başlandı. Muzeydə bir nəfər qadın ziyalı mənə yaxınlaşıb dedi ki, Məfkurə müəllim, 15 dəqiqə vaxtınız var. Bu vaxt ərzində ekskursiyanı yekunlaşdırın. Dedim, yaxşı. Qonaqlarla muzeyi gəzərkən əlimdən gəldiyi qədər tariximiz haqqında çox məlumat verməyə, əhatəli danışmağa çalışırdım. Qədim dövr Azərbaycan mədəniyyətindən, tarixindən başlayaraq ardıcıllıqla Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar…gəlib çatdım Türkmənçay və Gülüstan müqavilələrinə. Azərbaycanın iki yerə parçalanması, Vətənimizin ərazi bütövlüyünün pozulması və digər tarixi faktlar ruslar üçün nə qədər maraqlı idi, bilmirəm. Ancaq əlimdən gəldiyi qədər ekskursiyanı maraqlı idarə etməyə çalışırdım. Beləcə, 15 dəqiqəlik ekskursiyanın sonuna çatdıq. Və maşın qatarı bizi əvvəlki Puşkin küçəsinə –Yusif Küseyir oğlunun türbəsinə gətirdi. Bir o qədər də burada danışdım, ətraflı məlumat verdim. Qonaqların baxışlarından maraqlı danışdığımı hiss edib sevinmişdim, qürrələnmişdim. Ondan sonra da üz tutduq Möminə xatına...

– Məfkurə müəllim, siz danışdıqca sanki mən o günləri yaşamış kimi oluram. Danışın, xahiş edirəm…

  Həəə, Yusif Küseyir oğlu türbəsini ziyarət etdikdən sonra gəldik Möminə xatın türbəsini ziyarətə. Verilən tapşırıq üzrə ətraflı danışdım, sanballı məlumatlar verdim, sualları cavablandırdım. Hətta aralığa salıb tez-tələsik Əznəbürd məsələsini də qeyd etdim. Dedim, birdən unudaram. Daha sonra Memar Əcəmi haqqında da məlumat verdim və tədbirin mənə aid olan hissəsi bununla yekunlaşdı. Çəkilib bir kənarda dayanıb qonaqlara tamaşa edirdim. Birdən gördüm ki, kimsə arxadan qolumdan tutdu. Diksindim. Baxdım ki, hündürboy, yaraşıqlı bir kişidir. Yaxınlaşıb sakit tonda mənə dedi ki, sənin adın nədir? Dedim, Məfkurə. Dedi, sən öz adının mənasını heç bilirsən? “Bəli” demək istəyirdim ki, sözünə əlavə etdi: məfkurə ideya deməkdir, fikir deməkdir. Mən söhbətlərimdə tez-tez bu sözü işlədirəm. Dedim, axı mən sizi tanımadım, siz kimsiniz ki? Dedi ki, mən Heydər Əliyevəm…

– Nə cavab verdiniz?!

– Əslində, Heydər Əliyevin tədbirdə iştirak edəcəyini bilirdim. Mənə bu barədə demişdilər. Gələn qonaqların arasında onun adı var idi. Ancaq nə yalan deyim, televiziyanın, fotonun, kütləvi informasiya vasitələrinin olmadığı bir dövrdə Heydər Əliyevi necə tanıya bilərdim ki? Həm də nə bilərdim ki, o qədər adamın içərisindən Heydər Əliyev gəlib mənimlə söhbət edəcək…

– Heydər Əliyevlə söhbətiniz səmimi təsadüfdən sonra yekunlaşdı? Yoxsa söhbətə davam etdiniz?

– Yox, yekunlaşdırmadıq, söhbətə davam etdik.

Nə danışdınız? Nədən söhbət etdiniz?

 – Heç nə, mənə ərkyana öz iradını bildirdi. (gülür)

Nə dedi?

– Heydər Əliyev özünü mənə tanıdandan sonra dedi ki, təqdimatın və natiqliyin çox gözəldir, ancaq danışanda çox tələsirsən. Çalış təmkinli ol, səbirlə çıxış et. Fikrini dinləyiciyə aydın çatdır…

 Siz nə dediniz?

 – Dedim, baş üstə, Heydər müəllim. Başqa heç nə demədim. (gülür)

Daha sonra nə oldu?

– Sonra gəldiyimiz kimi də Vilayət Partiya Komitəsinə qayıtdıq. Daha mən orada çox durmadım. Daha doğrusu, dura bilmədim. Çünki çox yorulmuşdum, həm də narahat idim. Bir gün sonra da məni Mədəniyyət Nazirliyinə çağırdılar. O vaxtlar nazir İsa Məmmədov idi, deyəsən. Sağ olsun, mənə tədbirdəki fəaliyyətimə görə hədiyyə verdi, təbrik elədi.

Bəlkə, hədiyyənin nə olduğunu deyəsiniz...

– Hədiyyə pul mükafatı idi, əlavə olaraq bir dəstə də gül... Onların da yanında Naxçıvan Muxtar Respublikasının bukleti və Osman Həbibullayevin bir kitabını verdilər. O kitab bu son illərə qədər məndə qalırdı, daha doğrusu, Bakıya köçənə qədər. Naxçıvandan köçəndə itdi. Çox təəssüf…

Məfkurə xanım, bu hadisədən sonrakı həyatınız...

– Tədbirdən sonra Bakıya qayıtdım. Təhsilimi davam etdirdim. 1966-cı ildə ali təhsili başa vurdum. Bundan sonra bir müddət yenə də Bakıda qaldım. Səhv etmirəmsə, həmin il ərzində idi; Naxçıvanda Ədəbiyyat Muzeyi yaradılırdı. Məni Bakıdan Naxçıvana yeni yaradılacaq muzeyə işləməyə dəvət etmişdilər. Həqiqətən, Ədəbiyyat Muzeyində işləmək çox gözəl olardı, çünki binanın tikintisinə, arxitekturasına ciddi diqqət göstərirdilər. Xatırlayıram ki, muzeyə ilk dəfə Azərbaycanın üç böyük dahisinin – Məmməd Səid Ordubadi, Mirzə Cəlil Məmmədquluzadə və Hüseyn Cavidin barelyefini vurmuşdular…

 Siz ixtisasca pedaqoq-müəllimsiniz. Maraqlıdır, muzeydə nə işləyəcəkdiniz ki?

– Muzeyin ilk direktoru rəhmətlik İsfəndiyar Əsədullayev idi. Mənə dedi ki, Məfkurə müəllim, muzeyimizdə hökmən rus dilini gözəl bilən bələdçi olmalıdır. Siz də ali təhsili yeni başa vurmusunuz, gəlin, bizimlə əməkdaşlıq edin. Sözün düzü, mən muzeydə işləmək istəmirdim. Tələbəlik illərimdən müəllim olmaq, dərs vermək həvəsində idim. Ancaq İsfəndiyar müəllim çox təkid etdi. Mən də məcbur qalıb qəbul etdim. Muzeydə 3 ilə yaxın, bəlkə də, bir az artıq işləyə bildim. Elə Telmanla da orada tanış olduq, həyat yoldaşım Telman Süleymanovu deyirəm. O da muzeyin əməkdaşı idi. Ədəbiyyat Muzeyində olduğum dövr mənim taleyimə çox təsir göstərdi. Və muzeydə işlədiyim illərin ardından təhsilə, öz arzumun ardınca addımladım. Bununla da mənim pedaqoji fəaliyyətim başladı…

Fəaliyyətinizin 12 nömrəli məktəb dövrü bundan sonra başladı, ya…

– Yox. İlk vaxtlar 7 nömrəli məktəbdə dərs dedim. Pedaqoji fəaliyyətimə orada başladım. Məktəbin direktoru, səhv etmirəmsə, Həsən Mirzəyev idi. Çox sayğılı, alicənab və savadlı insan idi Həsən müəllim…Daha sonra isə paralel olaraq 9 nömrəli məktəbdə dərs deməyə başladım. İki fərqli məktəbdə işləməyə məcbur idim. Çünki maddi cəhətdən imkanımız zəif idi. Düzdür, Telman da işləyirdi, ancaq Naxçıvanda ev almaq, ev-eşik qurmaq üçün pul lazım idi. Bir sözlə, böyük zəhmət çəkdik, çalışdıq. Sonra yavaş-yavaş vəziyyətimiz düzəldi. 12 nömrəli məktəbə gedəndə artıq hər şey qaydasında idi…

Bəs fəaliyyətinizin 12 nömrəli məktəb dövrü necə başladı? Sizin üçün qəfil xəbər olmuşdu. Yoxsa belə bir etimadı gözləyirdiniz?

 – Xeyr, gözləmirdim. Heç ağlıma gəlməzdi ki, hələ təməli atılmayan bir məktəbə məni direktor təyin edələr. Mənə məlumat verəndə də çəkinmişdim, sözün düzü, bacara bilmərəm deyib qorxmuşdum…

 Sizə xəbəri kim verdi?

– Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sədri Səkinə Əliyeva…

Yəni qərar yuxarıdan gəlmişdi…

– Əlbəttə. Deməli, 70-ci illərin sonları idi. Bir gün xəbər verdilər ki, Səkinə xanım səni qəbuluna çağırır. Öz-özümə dedim, ay Allah, muxtar respublika rəhbərinin mənimlə nə işi var axı. Mən ki, heç bir səhv eləməmişəm, fəaliyyətimdə heç bir ciddi nöqsana yol verməmişəm. Vaxt gəldi çatdı. Getdim Səkinə xanımın qəbuluna. Çox keçmədi ki, məni iş otağına çağırdı və söhbətə başladıq. Dedi ki, Məfkurə müəllim, sənin çıxışlarını görmüşəm, haqqında müsbət sözlər eşitmişəm. Fəaliyyətin də çox yaxşıdır. İstəyirəm səni yeni tikiləcək 12 nömrəli məktəbə direktor təyin edim, nə deyirsən? Sözün düzü, təklif mənə heç gözləmədiyim yerdən gəlmişdi. Ona görə Səkinə xanımın sualından özümü itirdim. Bilmədim nə deyim. Elə ağlıma gələn ilk fikri dedim. Dedim ki, Səkinə xanım, mən hələ pedaqoji fəaliyyətə yeni başlamışam, gəncəm. Hələ tikilməmiş, haqqında şayiələr gəzən məktəbə direktorluq etmək mənim üçün çətin olmazmı? Bu fikirlərim Səkinə xanımın xoşuna gəlmədi. Dedi ki, ay qız, bir özünü ələ al görüm; elə bil mənimlə məhəllədə oturub söhbət edirsən. Özünə fikir ver! Sən Ali Sovetin sədrinin qarşısındasan. Biz sənə etimad göstəririk, sən də bunun qarşılığında narazılıq edirsən, hə?! Bu sözdən sonra tez özümü ələ aldım. Başladım fikirlərimi əsaslı çatdırmağa. Ancaq nə fayda?! Səkinə xanım mənə fikir vermədən dedi ki, 20 nəfər namizəd içindən biz səni seçmişik. Yeni işin düşərli olsun. Fəaliyyətində uğurlar…

Məfkurə xanım, gənclik bütün müsbət keyfiyyətləri ilə yanaşı, həm də adama cəsarət verir, deyəsən...

(Fikrimi xoş bir təbəssümlə qarşılayır, sanki razılığını bildirir və söhbətinə davam edir).

– Səkinə xanımla söhbətimizi yekunlaşdırdıqdan sonra məni üçüncü katib Dilarə Ələkbərovanın yanına göndərdilər. Otağa daxil olanda Dilarə xanım məni gözucu süzdü və dedi ki, zahirdən direktorun daşıya biləcəyi görkəmə sahibsən, ancaq savadın haqqında bir söz deyə bilmərəm. Dedim, hardan istəyirsiniz sual verin; lap rus, alman dillərində danışaq sizinlə. Başladıq danışmağa. Ancaq onu deyim ki, Dilarə Ələkbərovanın mənə göstərdiyi münasibət xoşuma gəlməmişdi. İradımı da bildirdim özünə. Dedim, Dilarə xanım, mən Bakıda öz şəraitimdə xoşbəxt adam idim. Sağ olsun naxçıvanlı ziyalılar, çağırdılar Vətənə, doğma torpağa, mən də qəbul edib gəldim. Səkinə xanımın qəbulunda olana qədər də mənim bu məsələdən qəti xəbərim yox idi. İndi ki, savadıma şübhəniz var, mən çıxıb gedərəm. Direktorluq həvəsində də deyiləm. Xahiş edirəm, savadıma söz deməyin. Mən bunları dedikcə Dilarə xanım lal – dinməz qulaq asırdı. Söhbətin bu yerində Həmid Cəfərov üzünü mənə tutdu və təhsilim, pedaqoji təcrübəm barədə bir neçə sual verdi. Hamısını da cəsarətlə cavablandırdım. Hətta mən həyatımda ilk dəfə idi ki, bürc söhbətini o zaman Həmid müəllimdən eşitdim. Mənə dedi ki, siz hansı bürcsüz? Dedim, qoç bürcüyəm. Güldü və üzünü Dilarə xanıma tutub dedi ki, Dilarə müəllimə, Məfkurə xanımın adının qarşısına “plyus”qoyun…

 – Bəs qarşı çıxan oldu sizin bu təyinatınıza?

– Qarşı çıxmaq deməzdim. Elə Həmid müəllimlə söhbət edirdim ki, bir də gördük otağa hündürboy, qıvrımsaç bir kişi daxil oldu. Həmid müəllim tez ona ehtiram göstərdi, “Zülfü müəllim, buradan əyləşin, müəllim, xahiş edirəm ayaqda qalmayın…” Mən də baxıram bu mənzərəyə, öz-özümə deyirəm, bu kimdir görəsən, mən niyə tanımadım onu. Sonradan bildim ki, o, 1991-ci ildə Qarakənd faciəsində, təyyarə qəzasında şəhid olan Zülfü Hacıyev imiş…

– O dedi ki, məktəb, necə deyərlər, sıfırdan qurulub-yaradılır. Bu səbəbdən məktəbə direktor kimi pedaqoji təcrübəsi zəngin, savadlı kişi müəllimi götürmək daha məqsədəuyğun olar. Bu söz mənə çox təsir etdi. Bir az əvvəl Dilarə xanıma dediyim sözlərin üzərindən xətt çəkdim. Zülfü müəllimə də, digər ziyalılara da söylədim ki, mən o məsuliyyəti öz boynuma çəkəcəyəm. Ancaq əvvəlcə yoldaşıma məsləhət etməliyəm. Onun bu məsələdən xəbəri yoxdur…

Görüşdən ayrılıb tez-tələsik evə gəldim. Telman müəllim də evdə idi. Səsimin tonundan sezilən həyəcanından hiss etdi ki, sözlü adama oxşayıram. Mən də onu intizarda qoymadım. Dedim, Telman, Səkinə xanımla görüşdən gəlirəm, məni yeni tikiləcək 12 nömrəli məktəbə direktor təyin etmək istəyirlər. Nə deyirsən? Telman müəllim duruxdu, bilmədi nə desin. Bir kəlmə onu dedi ki, Məfkurə, sən bu işin öhdəsindən gələ biləcəksən? Sualıma sualla cavab verdi. Dedim, Telman, mənim bu məsuliyyətin öhdəsindən gələ biləcəyimə inanmayanlar var. Onların fikirləri, mənə qarşı olan düşüncələri həqiqət olmasın deyə, bu təklifi qəbul edəcəyəm. Sən qəti fikirini de mənə. De görüm, bu işdə mənə kömək edəcəksən, ya yox?! Dedi, o nə sözdür?! Sən razısansa, məsələ bağlandı. Uğur olsun sənə…

Bəs sonra?

– Telman 12 nömrəli məktəb öz uğur yoluna qədəm açana qədər mənim yanımda oldu, dəstək verdi, yol göstərdi. Hətta əmisi Süleyman Süleymanov muxtar respublikanın sayılıb-seçilən ziyalılarından idi. Ondan da xahiş etmişdi ki, əmi, Məfkurəyə nə kömək lazım olsa elə… Bir sözlə, mən o insandan həyat yoldaşından əlavə, bir müəllim kimi, həmkar kimi, vətəndaş kimi hər zaman razıyam…

Mən bildiyim qədərilə məktəbin tikinti prosesində də birgə işlər görmüsünüz, ancaq ən böyük məsuliyyət yenə də sizin çiyinlərinizdə olub…

– Əmrim imzalandıqdan sonra gedib məktəbin tikintisinə baş çəkdim. Artıq məktəb binasının təməli atılmışdı, lakin göz işlədikcə heç cür beynimə yeridə bilmirdim ki, burda 12 nömrəli məktəb kimi böyük təlim-tədris ocağı tikiləcək. İnanın ki, hər gün gəlib tikintiyə baxıb gedirdim, özümdən asılı deyildi ki. Ərazidə işləyən fəhlələr baxırdılar mənə, fikir edirdilər ki, görəsən, bu xanım kimdir axı hər gün bura gəlir? Elə zənn edirdim diqqətimi yayındırsam heç nə ürəyimcə olmayacaq. Hətta iş o həddə çatdı ki, bir gün tikinti gedən əraziyə gələndə özümlə ləçək gətirdim. Başımı bağladım, tellərimi də ləçəyin altına salıb fəhlələrin arasına girdim. Yaxınlaşdım, fəhlələrə dedim ki, sizin iş icraçısı kimdir? Dedilər, Ağababa Abdullayev. Dedim, Ağababa mənim sinif yoldaşım olub, gedin, haradadırsa tapıb gətirin mənim yanıma. Heç beş dəqiqə çəkmədi ki, Ağababa gəlib çıxdı. Məni görəndə gözlərinə inanmadı sanki. Dedi, Məfkurə, sənin burada nə işin var? Gülə-gülə dedim Məfkurə yox, Məfkurə müəllim! Mən bu məktəbin direktoruyam, Ağababa, gəlmişəm tikintiyə nəzarət edəm. Dedi, səni Afiyəddin göndərib bura? Dedim, yox, Cəlilovun xəbəri yoxdur, Səkinə Əliyevanın tapşırığı ilə gəlmişəm. Qeyd edim ki, Afiyəddin Cəlilov da mənim sinif yoldaşım olub. Sinif nümayəndələri də mən olmuşam. Uzun sözün qısası, Ağababa işçilərə tapşırdı ki, bu xanım mənim sinif yoldaşımdı, məktəbin də direktorudu. Bax, beləcə, məktəbimiz kərpic-kərpic ərsəyə gəldi. Ondan sonra da məktəb üçün zəruri avadanlıqları almaq məsələsi başladı. O zaman mənə tapşırıq gəldi ki, məktəbin partaları, stol-stulları Latviyanın paytaxtı Riqa şəhərindən gətiriləcək. Təsəvvür elə ki, bir neçə günün içində hazırlaşıb Avropaya uçmaq lazımdır. Ancaq hələ məktəb tam ərsəyə gəlmədiyi üçün mənə kömək edəcək işi bilən adam yox idi. Yaxşı xatırlayıram ki, o illərdə bir tanışımız, ailə dostumuz var idi: Oruc qardaş. Məhəllədə çox adam ona Oruc qardaş deyirdi. “Kamaz” sürücüsü idi. Zəhmətkeş, işini bilən kişi idi. Səfərdən bir neçə gün qabaq təsadüfən onu gördüm, dedim, ay Oruc qardaş, oğlun Eldəniz harada işləyir? Dedi, riyaziyyat müəllimliyini bitirib, diplomu var, ancaq hələ ki, heç yerdə işləmir. Dedim, mənlə işləməyə razı olar? Cavab verdi ki, Məfkurə müəllim, sən harada işləyirsən? Dedim, 12 nömrəli məktəbin direktoruyam, istəyirəm Eldənizi məktəbimizə təsərrüfat müdiri götürüm. Ancaq bir məsələ var ki, bir-iki günə biz Riqaya uçmalıyıq, məktəbə parta gətirəcəyik. Eldəniz riyaziyyatçıdı; hesab kitab işimizi o həll edər, partalar gəlib çıxandan sonra da sən “Kamaz”la yükümüzü daşıyarsan. Razılaşdı. Və biz həmin həftə içində Riqa şəhərinə uçduq, tapşırılan bütün materialları gətirdik. Hər şey təşkil etdik. Bir sözlə, heç bir kəm-kəsirimiz qalmadı. İki ay sonra da məktəbin açılışı oldu…

Hissə-hissə, yavaş-yavaş 12 nömrəli məktəb quruldu, yaradıldı, hər şeyin ən gözəli məhz 12 nömrəli məktəb üçün alındı: partanın, lövhənin, bir sözlə, məktəb üçün lazım olan hər nəyin ən yaxşısı, keyfiyyətlisi varsa bu təhsil ocağına verildi.

– Bəli. Tək avadanlıqların yox, muxtar respublikadakı bütün savadlı müəllimlər də 12 nömrəli məktəbdə idi. Və onların hər birini məktəbə mən cəlb etmişdim. Düz 36 nəfərlik pedaqoji heyət. Hər biri də say-seçmə müəllimlər. Fatma Abdullayeva, Səkinə Bədəlova, Arifə Əliyeva, Hikmət Qurbanov, Xeyrulla Hüseynov, İlham Mahmudov, Firəngiz Bağırova, Xanım Abbasova, Naibə Mürsəlova və adını xatırladığım, xatırlamadığım; mənimlə birgə 12 nömrəli məktəbdə canla-başla çalışmış 36 müəllim…

Mən bildiyim qədəri ilə muxtar respublika məktəblərində vahid formaya keçidin də təşəbbüskarı sizsiniz.

– Elədir. 90-cı ildən sonra bu ideya üzərində işlədik. Mən muxtar respublika rəhbərliyinə fikrimi bildirdim və vahid formaya keçidin, hər şeydən əvvəl, şagirdlərin psixologiyasına olan müsbət təsiri üzərində dayandım. Qısa zaman ərzində razılaşıldı və Naxçıvanın ümumtəhsil məktəblərində vahid forma tətbiq olundu. Şagirdlərin taxdığı qalstukların ideya müəllifi isə məktəbimizin təşkilatçısı İlham Mahmudov idi. Üzərində üçrəngli Azərbaycan Bayrağı olan məktəbli qalstuklarının ideyasını o vermişdi.

Məfkurə xanım, bir qədər fərqli sual ünvanlamaq istəyirəm sizə; müasir dövrümüzdə nə üçün məktəblərdə təhsilin keyfiyyətindən narazılıq edirlər?

– Səbəblər müxtəlifdir. Öncə deyim ki, təhsil strateji sahədir və burada güzəşt olmaz. Təhsildə rüşvət, səhvə göz yummaq olmaz. Bir fakt deyim. Mənim bacım, uzun illər 12 nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. Onu işə mən götürmüşdüm. Ancaq dərs bölgüsü aparılanda onu heç zaman yuxarı siniflərə dərs deməyə buraxmırdım. Çünki savadı ali təhsil ocağına abituriyent hazırlayacaq qədər qaneedici deyildi. Düzdür, bu hərəkətimə görə vaxtında küsüb, inciyib məndən. Lakin mən ona və onun timsalında olan bir çox müəllimə deyirdim ki, sizin savadınız 10-cu, 11-ci sinif şagirdlərinə bilik verəcək dərəcədə deyil. Hətta məktəbdən ayrılanda, doğma bacım sevinirdi ki, Məfkurə müəllim işdən ayrıldı, rahat yuxarı siniflərə dərs deyə biləcəyəm. Mən xasiyyətcə tələbkar insanam. Təhsil də mənim həssas nöqtəmdir, mövzu əgər təhsil, təlim və tərbiyədirsə, mən o zaman öz doğma bacıma belə güzəştə getmərəm...

Məfkurə müəllim, bu sualı sona saxlamağımın səbəbini bilmirəm. Ancaq tam səmimi deyirəm ki, sualı verməyə cəsarət etmirdim. Özünüz də qeyd etdiniz ki, xaraktercə sərt insansınız. Bu səbəbdən məktəbdə döydüyünüz, ən azından bir şillə vurduğunuz şagirdlər də olub. İndi o şagirdlərlə qarşılaşanda nə hiss keçirirsiniz? Kaş etməzdim dediyiniz hallar olubmu? Hallar deyirəm, ona görə ki, o məktəbdə təhsil olan şagirdlərin bir çoxu Məfkurə müəllimin, necə deyərlər, əlinin suyunu içib…

– Əlbəttə, o cür hadisələr də olub. Ancaq maraqlısı bilirsən nə idi? Şillə vurduğum, hətta bir az da ifrata gedib döydüyüm şagirdlərin, demək olar ki, bir çoxunun valideynləri heç bir şəraitdə məni şikayət etməyə getməzdi. Gedənlər də sonradan peşman olardı. Çünki yaxşı bilirdilər ki, 80-ci illərin sonunda, 90-ci illərin əvvəllərində məktəblərdə, təhsil ocaqlarında narkomaniyanın baş alıb getdiyi bir zamanda, o əksər uşaqları, xüsusən də oğlan uşaqlarını pis vərdişlərin, elə narkomaniyanın caynağından xilas edən məhz mənim şillələrim idi. Həmin illərdə narkomaniya bir çox təhsil ocaqlarının içinə qədər daxil olmuşdu.

Olduqca maraqlı və yaddaqalan müsahibənin sonuna çatdıq, Məfkurə xanım, nədən danışmadıq, nələri qeyd etmədik ki… Tam səmimi deyirəm ki, bu söhbət yalnız bizim yox, müsahibəni oxuyan hər kəsin yaddaşında qalacaq…

 – Zaman sürətlə gəlib-keçir. İllər bir-birini elə əvəzləyir ki, gəlib ömrün müdriklik çağına çatanda keçmişləri, olub ötənləri xoş xatirə kimi yada salırsan. Danışdıqca, sanki o illərə qayıdırsan…Çox sağ olun, qəzetinizə minnətdarlığımı bildirirəm, məni yada saldınız. Həm siz məni xatırladınız, həm də başqalarının məni xatırlamasına şərait yaratdınız… İndi çox yaxşı bilirəm və qürurla deyirəm ki, həqiqətən, safdır, müqəddəsdir müəllim ömrü…

Məfkurə müəllimdən ayrılmadan öncə onun əllərindən öpürəm. O da böyük mehribanlıqla, sadəliklə məni yola salır və uğurlar arzulayır...

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 04.09.2024 16:29