NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Media Təhlil Mərkəzi: Əsas kapitala yönəldilmiş investisiyaların həcmi artır

...

Media Təhlil Mərkəzi (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata əsasən apardığı təhlil göstərir ki, 2021-ci il istisna olmaqla son 5 ildə əsas kapitala yönəldilmiş investisiyaların həcmi hər il əvvəlki illə müqayisədə artıb. 2021-ci ildə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 16 127 milyon manat təşkil edib və bu, 2020-ci illə müqayisədə 5,3 faiz və ya 901,1 milyon manat az olub.

MTM-dən bildirilib ki, 2024-cü ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 5,6 faiz və ya 1 138,5 milyon manat artaraq 21 435,1 milyon manat təşkil edib. 2023-cü ildə isə bu rəqəm 20 296,6 milyon manata bərabər olub.

Məlumat üçün bildirək ki, 2024-cü ildə əsas kapitala yönəldilmiş investisiyaların 61,1 faizi (13 096,8 milyon manat) dövlət, 38,9 faizi (8 338,3 milyon manat) qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.

Aparılan təhlil zamanı məlum olub ki, son 5 ildə əsas kapitala yönəldilmiş daxili investisiyaların həcmi 2021-ci il istisna olmaqla hər il artsa da, xarici investisiyaların həcmi 2023-cü il istisna olmaqla hər il azalıb.

2024-cü ildə əsas kapitala yönəldilmiş daxili investisiyaların həcmi son 5 ildə qeydə alınan ən yüksək göstərici olub. Belə ki, sözügedən ildə əsas kapitala yönəldilmiş daxili investisiyaların həcmi 18 145,7 milyon manat təşkil edib və bu göstərici 2023-cü illə müqayisədə 10,6 faiz və ya 1 734,2 milyon manat çoxdur.

Ötən il əsas kapitala yönəldilmiş xarici investisiyaların həcmi isə 2023-cü illə müqayisədə 15,3 faiz və ya 784,3 milyon manat azalaraq 3 289,4 milyon manata bərabər olub. Son 5 ildə əsas kapitala yönəldilmiş xarici investisiyaların həcmi üzrə ən yüksək göstərici (5 117 milyon manat) 2020-ci ildə qeydə alınıb.

2020-ci ildə əsas kapitala yönəldilmiş investisiyaların ümumi həcmində daxili mənbələrin xüsusi çəkisi 69,95 faiz təşkil edirdisə, 2024-cü ildə 84,65 faizə bərabər olub.

Xatırladaq ki, əsas kapitala yönəldilmiş xarici investisiyalara xarici sərmayədarlar tərəfindən yeni tikintiyə, yenidənqurma və genişləndirmə üzrə tikinti işlərinə, maşın və avadanlıqların əldə edilməsinə sərf edilənlər aiddir. Buraya, həmçinin tikinti işlərində istifadə edilmiş xarici kreditlər, qrantlar və humanitar yardımlar hesabına istifadə edilmiş vəsaitlər də daxildir.

2024-cü ildə əsas kapitala yönəldilmiş daxili investisiyaların ümumi həcminin 83,64 faizi və ya 15 177,2 milyon manatı qeyri-neft, 16,36 faizi və ya 2 968,5 milyon manatı neft-qaz sektoruna ayrılsa da, xarici investisiyalarla bağlı göstəricilər tam əksinə olub.

Belə ki, ötən il xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların 84,22 faizi və ya 2 770,2 milyon manatı neft-qaz, 15,78 faizi və ya 519,2 milyon manatı isə qeyri-neft-qaz sektoruna ayrılıb. Ötən il əsas kapitala yönəldilmiş investisiyaların ümumi həcminə diqqət etsək, ayrılan maliyyə mənbələrinin 26,8 faizi və ya 5 738,7 milyon manatının neft-qaz, 73,2 faizi və ya 15 696,4 milyon manatının isə qeyri-neft-qaz sektoruna ayrıldığını görərik.

Nəşr edilib : 28.01.2025 12:29