NAXÇIVAN :

03 May 2026, Bazar

Laçın – cənnətin təsviri

...

Laçın Azərbaycanın qədim tarixə, füsunkar, zəngin təbiətə və strateji mövqeyə malik torpaqlarındandır. 1992-ci ilin mayından başlayaraq uzun illər ərzində əsarət altında qalmış, dağıdılaraq viran olunmuş bu yurd yerimizin xatirələrdən silinməyən gözəl təbiətini rəssamlarımızın əsərlərində həsrət dolu nəzərlərlə baxmışıq. Görkəmli rəssamların – Hüseyn Əliyevin, Səttar Bəhlulzadənin, elə Laçın şəhərində doğulan Nadir Əbdürrəhmanovun və başqa ustadların yaratdığı təsvirlərdə bu torpağın seyrinə çıxmışıq. Lakin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yenilməzliyi, siyasi müdrikliyi, uzaqgörən siyasəti, xalq, ordu birliyi, qəhrəmanlarımızın şücaəti nəticəsində torpaqlarımıza qovuşduqdan, tarixi ədalətin təntənəsindən sonra digər torpaqlarımız kimi Laçın şəhərinin də əvvəlki mənzərəsi dəyişmişdir. “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”. Bu sözlərlə Möhtərəm Prezidentimiz Laçın şəhərinin müasir mənzərəsini dilə gətirmişdir.

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bu tarixdən sonra Laçın rayonu yeni inkişaf dövrünə qədəm qoydu.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Məhz bu Sərəncama əsasən 26 avqust “Laçın Şəhəri Günü” kimi qeyd olunur. Elə həmin ilin 26 avqust tarixində ilk dəfə olaraq Həkəri çayı sahilində Prezidentimiz laçınlılarla birlikdə böyük coşqu ilə qeyd olunan “Laçın Şəhəri Günü” bayram tədbirində nitq söyləmişdir: “Bu gün Laçın şəhəri görün, necə də gözəldir, cəmi 8-9 ay ərzində, heç bir il keçməyib. Biz bərpa işlərinə keçən ilin oktyabr ayında başlamışdıq, artıq bu gün biz Laçında qonaqları qəbul edirik. Azərbaycanın müxtəlif yerlərindən qonaqlar gəlib, xarici ölkələri təmsil edən diplomatlar gəlib. Bu, bir daha göstərir ki, xalqımız öz doğma torpağında qurub-yaradan xalqdır”.

 2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərində 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndində 217 ailənin, yəni 823 nəfərin, Sus kəndində 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndində 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib. Burada yeni enerji potensialı yaradılır, yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunun artmasına xidmət edir. Şəhərdə sənaye, mədəniyyət ocaqları, xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılır.

Laçın şəhəri artıq neçə-neçə beynəlxalq tədbirlərə, siyasi görüşlərə ev sahibliyi edir. MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur. 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025”in rəsmi açılış mərasimi keçirilmişdir.

Onu da qeyd etmək olar ki, Prezidentimizin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şücaət göstərmiş 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

26 avqust Laçın Şəhəri Günü təkcə qədim bir bölgənin günü yox, Azərbaycan xalqının “Dəmir yumruq” ətrafında birləşməsinin, yeni inkişafın başlanğıcının, Laçının, eləcə də azad olunmuş digər torpaqların cənnət mənzərəsinin yaradılması günüdür.

Həbibə ALLAHVERDİYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Nəşr edilib : 25.08.2025 19:00