NAXÇIVAN :

28 Oktyabr 2026, Çərşənbə

“Könüllü DOST:” Könüllü addımlarla gələcəyə

...

 Naxçıvan Regional DOST Mərkəzində könüllülərin fəaliyyəti

Vətəndaş məmnunluğunun təmin olunması yalnız göstərilən xidmətlərin keyfiyyəti ilə deyil, həmin xidmətlərdən yararlanmağın nə dərəcədə rahat və əlçatan olması ilə də ölçülür. Vətəndaşın müraciətinin düzgün istiqamətləndirilməsi, ehtiyac duyduğu xidmət barədə vaxtında məlumatlandırılması və qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına dəstək göstərilməsi bu prosesin mühüm tərkib hissəsidir. Naxçıvan Regional DOST Mərkəzində könüllülərin fəaliyyəti də məhz bu məqsədə xidmət edir.

Mərkəzdə vətəndaşların qarşılanması, müraciətlərinin məqsədinin dəqiqləşdirilməsi, müvafiq xidmət istiqamətlərinə yönləndirilməsi, növbəlilik prosesinin təşkili və  elektron xidmətlərdən istifadəyə ilkin dəstək göstərilməsi könüllülərin əsas vəzifələrindəndir. Xüsusilə yaşlı vətəndaşlara, əlilliyi olan şəxslərə və əlavə köməyə ehtiyacı olan digər insanlara diqqətlə yanaşmaq, onların xidmətlərdən rahat yararlanmalarına dəstək olmaq bu fəaliyyətin mühüm tərəflərindəndir. Könüllülük, eyni zamanda gənclər üçün öyrənmək, ünsiyyət bacarıqlarını inkişaf etdirmək, məsuliyyət hissini gücləndirmək və gələcək peşə fəaliyyətləri üçün təcrübə qazanmaq imkanıdır. Biz də bu fəaliyyətin təşkili və könüllülərin qazandıqları təcrübə ilə yaxından tanış olmaq üçün Naxçıvan Regional DOST Mərkəzinə üz tutduq. Mərkəzin direktor müavini, direktor vəzifəsinin səlahiyyətlərini icra edən Şamil Əliyevlə həmsöhbət olduq. O, könüllülük proqramının məqsədləri, təşkili və iştirakçıları üçün yaradılan imkanlar barədə məlumat verərək bildirdi:

“Könüllülük fəaliyyəti həm vətəndaş məmnunluğunun artırılmasına, həm də gənclərin şəxsi və peşəkar inkişafına yönəlib. Naxçıvan Regional DOST Mərkəzində “Gənc DOST” və “Gümüşü DOST” altproqramları üçün qeydiyyat aparılır. Hazırda mərkəzdə “Gənc DOST” altproqramı çərçivəsində 39 nəfər könüllü fəaliyyət göstərir. Onların işi üçnövbəli qrafik əsasında təşkil olunur. Könüllülərin seçimində motivasiya, ünsiyyət bacarığı, məsuliyyətlilik, komandada işləmək qabiliyyəti və vətəndaşlarla ünsiyyətə hazırlıq əsas meyarlar kimi nəzərə alınır. Könüllülük proqramı üç ay davam edir, iş günləri ərzində təşkil olunan hər növbə isə təxminən, üç saat çəkir. Bu xüsusilə tələbələrə təhsillərini davam etdirməklə yanaşı, ictimai fəaliyyətə qoşulmaq imkan yaradır. Proqramı uğurla başa vuran iştirakçılara fəaliyyətlərinin nəticələri və müəyyən edilmiş meyarlar nəzərə alınmaqla müvafiq kateqoriyalı sertifikat təqdim edilir. Könüllü olmaq istəyən gənclər “Könüllü DOST” proqramının rəsmi kommunikasiya kanallarında yerləşdirilən qeydiyyat keçidləri vasitəsilə müraciət edə bilərlər”.

Mərkəzdə könüllü kimi fəaliyyət göstərən gənclərlə söhbətimiz zamanı aydın olur ki, burada qazanılan təcrübə onların yalnız bilik və bacarıqlarının deyil, insanlara münasibətlərinin də formalaşmasına təsir göstərir.

Naxçıvan Dövlət Universitetinin Dövlət və ictimai münasibətlər ixtisası üzrə IV kurs tələbəsi Gülü Baxşəliyeva artıq iki aydır, mərkəzdə könüllü kimi fəaliyyət göstərir. O, vətəndaşları qarşılayır, müraciətlərinin məqsədini dəqiqləşdirir, onları müvafiq xidmət istiqamətlərinə yönləndirir, elektron xidmətlərdən istifadə zamanı köməklik göstərir. Gülü burada qazandığı təcrübənin gələcək təhsil və karyera həyatında mühüm rol oynayacağına inanır: “Hər gün fərqli insanlarla ünsiyyət qurmaq və müxtəlif situasiyalarla üzləşmək biz könüllülərə təcrübə qazanmaqla yanaşı, öyrəndiklərimizi praktikada tətbiq etmək imkanı da verir. İnsanlarla düzgün ünsiyyət qurmaq, səbirli və məsuliyyətli davranmaq, problemlərə çevik yanaşmaq kimi bacarıqların inkişafını bu fəaliyyətin əsas qazancı hesab edirəm”.

Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisası üzrə II kurs tələbəsi Aynur Əhmədova da iki aydır, Naxçıvan Regional DOST Mərkəzində könüllü kimi fəaliyyət göstərir. Onun üçün bu təcrübə seçdiyi ixtisasın mahiyyətini daha dərindən anlamaq, nəzəri biliklərini praktiki fəaliyyətlə əlaqələndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Aynur Əhmədova düşünür ki, könüllülük həm gələcək peşəsinə hazırlıq, həm də insanlarla işləmək bacarıqlarının inkişafı üçün əlverişli imkan yaradır.

“Təhsil aldığım sahə insanlara sosial dəstəyin göstərilməsini, onların ehtiyaclarının müəyyənləşdirilməsini və cəmiyyətə inteqrasiyasını əhatə edir. Mərkəzdəki fəaliyyətim nəzəri biliklərimi praktikada tətbiq və sosial işin mahiyyətini daha yaxından anlamaq imkanı yaradır. Könüllülük mənə həm peşəkar, həm də şəxsi baxımdan inkişaf etməyi, insanlarla empatiya qurmağı və hər bir işə daha həvəslə yanaşmağı öyrədir. Bizim üçün əsas məsələ hər bir vətəndaşı diqqətlə dinləmək, ona nəzakətlə yanaşmaq və mərkəzdə rahat xidmət almasına dəstək olmaqdır”, –  deyə Aynur Əhmədova bildirir.

Naxçıvan Regional DOST Mərkəzində könüllülük həm vətəndaşlara göstərilən xidmətlərin təşkilinə dəstək, həm də gənclərin bilik və bacarıqlarını inkişaf etdirdikləri bir təcrübə mərhələsidir. Burada qazanılan təcrübə gənclərə sosial məsuliyyətin əhəmiyyətini daha dərindən anlamağa, insanlarla ünsiyyət və əməkdaşlıq bacarıqlarını möhkəmləndirməyə imkan verir. Vətəndaşın ehtiyac duyduğu anda ona düzgün istiqamət göstərmək isə könüllülüyün cəmiyyətə xidmət mədəniyyətinin formalaşmasındakı rolunu aydın şəkildə nümayiş etdirir. Bu mənada, Naxçıvan Regional DOST Mərkəzində atılan hər bir könüllü addım həm insanlara dəstək, həm də gənclərin gələcəyinə qoyulan töhfədir.

Səmayə RƏHİMQIZI

Nəşr edilib : 28.10.2026 11:10