NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Konstitusiyamız əsas tarixi-hüquqi sənəddir

...

Ölkənin müstəqilliyinin itirilməsi ilə üz-üzə qaldığı bir dövrdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 15 iyun 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın dünyəvi, hüquqi və demokratik dövlət kimi inkişafının əsası qoyuldu. Ümummilli Lider Heydər Əliyev ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və gələcək inkişafının təmin edilməsi sahəsində qarşıda duran ən mühüm vəzifələrdən birinin hüquq islahatlarının həyata keçirilməsi olduğunu çox yaxşı bilirdi. O, hüquq islahatlarının həyata keçirilməsinə Əsas Qanunun qəbul edilməsindən başladı. 2 may 1995-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin Sədrliyi ilə Konstitusiya layihəsi hazırlayan komissiyanın tərkibi müəyyən edildi və 5 iyun 1995-ci ildə komissiyanın ilk iclası keçirildi. İlk iclasa sədrlik edən xalqımızın Ümummilli Lideri Konstitusiya layihəsinin əhəmiyyətindən, komissiyanın qarşısında duran vəzifələrdən, Əsas Qanunun mahiyyətindən bəhs edən geniş nitqlə çıxış etdi. “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali, icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır” söyləyən Ümummilli Lider Heydər Əliyev demokratik prinsip və dəyərlərin Konstitusiyanın hazırlanmasında əsas kimi götürülərək ölkəmizin davamlı inkişafının hüquqi bazasının yaradılmasını başlıca vəzifə kimi müəyyən edirdi. 
Ulu Öndərin gərgin əməyi nəticəsində hazırlanan Konstitusiya layihəsi ictimai müzakirə və dinləmələrə çıxarılaraq bu ümumxalq əhəmiyyətli sənədin təkmilləşdirilməsi təmin olundu. Konstitusiya layihəsi 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edildi və 27 noyabr 1995-ci il tarixdə qüvvəyə mindi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin əhəmiyyəti, müstəqillik tariximizdəki rolu nəzərə alınaraq Ulu Öndər Heydər Əliyevin 1 noyabr 1996-cı il tarixli Fərmanı ilə ölkəmizdə hər il 12 noyabr “Konstitusiya Günü” kimi qeyd olunur.
5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olan ilk milli Konstitusiyamız ilə xalq hakimiyyətin yeganə mənbəyi kimi müəyyən edilmiş, dövlətin əsasları müəyyənləşdirilmiş, əsas insan və vətəndaş hüquq və azadlıqları, hakimiyyətin bölünməsi prinsipi təsbit olunmuşdur.
Konstitusiyamızın I və II bölmələri xalq hakimiyyəti və dövlətin əsaslarına həsr olunmaqla hakimiyyətin mənbəyi, xalqın suverenliyi, xalqın vahidliyi, hakimiyyətlərin bölünməsi prinsipinin əsası, dövlət dili, dövlət rəmzləri kimi mühüm məsələləri əhatə edir. 
Konstitusiyamızda insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmini dövlətin ən ali məqsədi olaraq elan edilmişdir. Bununla da vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsinin, onların layiqli həyat səviyyəsinin təmin edilməsinin hüquqi bazası ən ali sənədimizdə təsbit olunmuşdur. 
Konstitusiyamızın ən mütərəqqi tərəflərindən biri əsas hüquqlar, azadlıqlar və vəzifələrə geniş yer verilməsidir. Bərabərlik hüququ, yaşamaq hüququ, azadlıq hüququ, mülkiyyət hüququ, əmək hüququ, sosial təminat hüququ, təhsil hüququ, fikir və söz azadlığı, Vətənə sədaqət, ətraf mühitin qorunması kimi əsas hüquqlar, azadlıqlar və vəzifələr Konstitusiyamızın əsasını təşkil edir. Konstitusiyamızın üçdəbir hissəsinin əsas insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunması təsadüfi deyildir. Azərbaycan Respublikası əsas insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlətin əsas vəzifəsi olaraq müəyyənləşdirmişdir. 
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının əsası qoyulmuş, üçpilləli məhkəmə sisteminin yaradılmasının hüquqi bazası formalaşdırılmış, ədalət mühakiməsinin effektivliyinin artırılması istiqamətində ciddi addımlar atılmışdır. Konstitusiyamızın ali sənəd kimi qorunması və orada təsbit olunmuş hüquq və azadlıqların müdafiəsi üçün yeni bir təsisat – Konstitusiya nəzarəti orqanı yaradılmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikasının Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.
Konstitusiyamızda Naxçıvan Muxtar Respublikasına həsr olunmuş ayrıca fəslin olması 28 dekabr 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının qəbul edilməsi üçün hüquqi əsas yaratmışdır. Beləliklə, Naxçıvan Muxtar Respublikasının hüquqi statusu dəqiq müəyyənləşdirilmişdir. 
Ölkəmizin beynəlxalq aləmə sürətli inteqrasiyası, yeni inkişaf tendensiyaları və hüququn davamlı inkişaf etməsi konstitusion islahatların aparılmasını zərurətə çevirmişdir. Qeyd edilən zərurətin nəticəsi olaraq 24 avqust 2002-ci il, 18 mart 2009-cu il və 26 sentyabr 2016-cı il tarixlərdə keçirilmiş ümumxalq səsverməsi – referendumlar ilə Konstitusiyamıza zəruri əlavə və dəyişikliklər edilmişdir. 
Keçirilmiş ümumxalq səsverməsi – referendumlar ilə Konstitusiyamıza əsas insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi, dövlət və məhkəmə hakimiyyəti orqanlarının, bələdiyyələrin fəaliyyətlərinin təkmilləşdirilməsinə yönəlmiş müddəalar əlavə edilməklə yanaşı, Azərbaycan Respublikasının vitse-prezidentləri kimi yeni anlayışlar da daxil edilmişdir.
İlk milli Konstitusiyamız Ümummilli Lider Heydər Əliyevin gərgin əməyinin nəticəsidir. Konstitusiya layihəsi hazırlayan komissiyanın Sədri kimi Ulu Öndər Konstitusiya layihəsinin hazırlanmasına birbaşa rəhbərlik edirdi. Azərbaycan dövləti qarşısında misilsiz xidmətləri olan Ümummilli Liderin ən böyük xidmətlərindən biri müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi olmuşdur. Elə bu səbəbdəndir ki, Konstitusiyamızı bəzən xalq arasında “Heydər Əliyev Konstitusiyası” adlandırırlar. 
Artıq Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 29-cu ildönümü qeyd olunur. Qürurvericidir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi ilə xalqımız artıq bayramlarımızı qalib dövlətin qalib vətəndaşları kimi qeyd edir.
Azərbaycan Respublikasının Konstitusiyası mühüm tarixi-hüquqi sənəd kimi bundan sonra da dövlətimizin davamlı inkişafının hüquqi bazasını təşkil etməklə müstəqilliyimizin və suverenliyimizin ən mühüm təminatçısı olacaqdır. 

Əjdər ƏLİYEV

Naxçıvan Muxtar Respublikası 
Ali Məclisinin deputatı, Hüquq siyasəti komitəsinin sədri

 

Nəşr edilib : 12.11.2024 09:00