NAXÇIVAN :

26 Noyabr 2024, Çərşənbə axşamı

Komitə sədrinin vətəndaşlarla növbəti görüşü olub

...

"Şərq qapısı" xəbər verir ki, 26 noyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Ordubad rayonunun Vənənd kəndində sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib.
Tədbiri giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli vətəndaşlarla görüşün və onların müraciətlərinə baxılmasının əhəmiyyətindən, sakinlərin üzləşdikləri problemlərin yerindəcə həllindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ölkəmizdə ailələrin rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətindən danışaraq bildirib ki, ailə institutunun inkişafı, ailə dəyərlərinin möhkəmləndirilməsi və təbliği məqsədilə ardıcıl tədbirlər görülür. Komitə tərəfindən sakinlərlə görüşlər keçirilir, vətəndaşların rastlaşdıqları problemlərin yerindəcə həlli istiqamətində tədbirlər görülür, erkən və qohum evliliklərinin fəsadları barədə ətraflı məlumat verilir. Komitə olaraq erkən nikah hallarının qarşısının alınması istiqamətində görülən tədbirlər bundan sonra da davam etdiriləcək.
Çıxışların ardından Vənənd kənd sakinlərinin müraciətləri ayrı-ayrılıqda dinlənilib, protokollaşdırılıb. Müraciətlər, əsasən, ünvanlı dövlət sosial yardımın təyin edilməsi, şəxsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün özünüməşğulluq proqramına cəlb edilməsinə köməklik göstərilməsi, yol infrastrukturunun yaxşılaşdırılması və digər məsələlərlə bağlı olub. 
Görüşdə vətəndaşlara müraciətlərlə əlaqədar hüquqi izahat verilib, qanunamüvafiq köməklik göstərilib, komitənin səlahiyyəti xaricində olan müraciətlərlə bağlı vətəndaşlara köməklik göstərilməsi məqsədilə aidiyyəti üzrə qeydiyyat aparılıb.

Nəşr edilib : 26.11.2024 20:09