NAXÇIVAN :

07 Aprel 2025, Bazar ertəsi

Komiks jurnalistikası nədir?

...

“Molla Nəsrəddin” jurnalını Azərbaycan komiks jurnalistikasının

banisi hesab etmək olarmı?

Jurnalistika anlayışına diqqət edib onun arqumentlərinin dərinliklərinə ensək, özümüzü ucsuz-bucaqsız bir dəryanın ortasında görə bilərik. İstər etik kodeksləri və janrları, istərsə də həmin kodeks və janrların daxil olduğu jurnalistikanın müxtəlif sahələri özündə bir çox dərinlikləridə gizlədir. Jurnalistika janrları qeyri-sabit kəmiyyət hesab olunur. Hazırkı jurnalistika nəzəriyyəsinə diqqət yetirsək, informativ, analitik və bədii-publisistik janrın bu siyahıya daxil olduğunu görərik. Həmin janrlarda, öz növbəsində, informasiya vermək, analiz etmək və bədii-publisistik üslubdan istifadə etmək qabiliyyətlərini özündə birləşdirən müxtəlif sahələr üzrə şaxələnir.

Müasir jurnalistikada artıq yeni anlayışların və üslubların meydana gəlməsi günün reallığı və tələbidir. Dron jurnalistikası, data jurnalistikası, komiks jurnalistikası, multimedia jurnalistikası, mobil jurnalistika (MoJo),mükəmməl jurnalistika (Longform Journalism), sosial media jurnalistikası hekayə jurnalistikası (Storytelling Journalism), qarışıq jurnalistika (Hybrid Journalism) və təcrübə jurnalistikası (İmmersive Journalism) kimi bəziləri öz daxilində keçən və müasir əsrimizin elementlərini birləşdirir.

Adıçəkilən data, dron, mobil, sosial media jurnalistikaları,texnologiyanın inkişafı ilə əlaqədarkomiks jurnalistikası kimi digərsahələr ötən əsrlərdən indiyədək öz aktuallığını qoruyub saxlamağı bacaran, lakin müasir Azərbaycan çap mətbuatında az istifadə olunan sahələrdəndir.

Komiks jurnalistikası nədir?

Komiks jurnalistikasının hərfi mənasına ensək, görə bilərik ki, “comic” – gülməli sözündən götürülmüş və şəkillər vasitəsilə hansısa bir hadisənin təsviri mənasına gəlir. Maraqlıdır, görəsən bu anlayış jurnalistikaya hansı yolla inteqrasiya olunub?

XIX əsrin sonlarında jurnal və qəzetlər ictimai-siyasi hadisələrə şərh vermək üçün karikaturalardan istifadə edərək özləri də bilmədən bəzi hadisələrə komiks üsulu ilə şərh qatmaqlakomiks jurnalistikasının əsasını qoydular.

Lakin bütün bunlara baxmayaraq, komiks jurnalistikası 1970-ci illərdə öz böhranını yaşamağa başladı.Marvel və DC Commics şirkətlərinin super qəhrəman hekayələri hər keçən gün öz populyarlığını artırmağa və auditoriya kütləsini böyütməyə başlamışdı. Bu səbəbdən jurnalistik komikslər hər keçən gün öz maraq dairəsini itirirdi.

1986-cı ildə Art Spiegelmanın “Maus” əsərində bəzi ciddi önəmli məsələlərin şərhi üçün komiks üsulunun nə dərəcədə vacibliyindən bəhs edilirdi. Burada Maus Holokostun hekayəsini komiks üslubunda verməyi bacaran yazar, süjet xəttinə sahib bir hadisənin komikslərlə birləşməsinə nail olmuşdu.

2000-ci illərə nəzər salsaq, internet aləminin inkişaf etdiyi bir dövrdə belə komiks jurnalistikasının hələ də var olduğunu görə bilərik. Müharibə şəraitində olan ölkələrə komiks üslubu ilə şərh verən Malta əsilli amerikan jurnalist-katikaturaçı Joe Sacco öz əsərləri ilə insan hüquqlarına vurulan zərərləri və münaqişələri qrafik üslubdan istifadə edərək mükəmməl bir şəkildə bütün dünyaya çatdırıb. Bununla da komiks jurnalistikası anlayışının yalnız gülməli süjet xəttinə malik karikatura və karikaturatipli şəkilləri deyil, qəmgin hadisələri də əks etdirmək qabiliyyətinə malik olduğunu görürük.

Dünya mətbuatında da jurnalistikanın bu növündən istifadə geniş hal alıb. ABŞ mətbuatında “The New Yorker”, “Mad Magazine”, “The Washington Post”, “The New York Times”, Yaponiyamətbuatında “Shonen Jump”, “Weekly Shonen Magazine”, Avropa mediasında “Spirou Magazine” (Belçika), “Charlie Hebdo” (Fransa), “2000 AD” (Böyük Britaniya), Latın Amerikası ölkələrində “La Nacion” (Argentina), “Condorito”. Hindistanda “Amar Chitra Katha” və “Tinkle” kimi medialar hazırda da komikstipli materialların paylaşımını edir.

Bundan başqa, “The Nib”, “Webtoon”, “Tapas” (Tapastic), “The Awl”, “Comics Kingdom”, “ComiXology”, “GoComics”, “PennyArcade” “Medium s Comics Section” və“VİCE Comics” kimi platformalar da hazırladıqları komikslərlə diqqət çəkməyi bacarır.

Azərbaycanda komiks jurnalistikası – “Molla Nəsrəddin” jurnalı

Milli mətbuatımızın əsası 1875-ci ildə “Əkinçi” qəzeti tərəfindən qoyulandan sonrahəmin ənənələri davam etdirən bir neçə qəzet və jurnal nəşrə başladı. Lakin bütün bunlara baxmayaraq, “Molla Nəsrəddin” jurnalı karikatura quruluşu ilə özündən əvvəlki mətbuat nümunələrindənkəskin şəkildə seçilirdi. 1906-cı ildə böyük dramaturq Mirzə Cəlilin baş redaktorluğu ilə çap olunan jurnal komiks jurnalistikası anlayışını bir neçə xüsusiyyəti ilə özündə ehtiva etməyi bacardı.Jurnalda karikaturalar vasitəsilə sosial və siyasi mesajlar verməsi vizual hekayə baxımından komiks jurnalistikasının tələbləri ilə üst-üstə düşürdü. Digər bir tərəfdən təkrarlanan obrazlar komiks jurnalistikasının tələbləri sırasında dayanırdı. Bu faktı DC Comics və Marvel şirkətlərinin dərgitipli karikatura jurnallarında da görürük. Burada da Molla Nəsrəddin obrazının hər hadisəbaşı adının çəkilməsi ilə,bəlkə,özüdə bilmədən komiks jurnalistikasının şərtlərini ödəməyi bacarmışdı.Bütün bunlara baxmayaraq, tənqidi-satirik üslubu baxımından “Molla Nəsrəddin” jurnalı komiks jurnalistikasının tələblərini nisbi olaraq pozurdu. Jurnalda karikaturalar daha çox tənqid vasitəsi kimi, komiks jurnalistikasında isə müəyyən bir hadisəni izləmək üçün nəzərdə tutulur, “Molla Nəsrəddin” jurnalında olan mətnlər və karikaturalar daha çox maarifçilik məqsədi daşıyırdı. Bundan fərqli olaraq, komiks jurnalistikası daha çox maarifi deyil, hekayəçiliyi ön plana daşıyırdı. Jurnalısadalanan faktlara baxmayaraq, Azərbaycan komiks jurnalistikasının banisi hesab etmək heçdə yanlış olmaz.

Müasir Azərbaycan mediasına nəzər saldıqda isə ölkənin ən yaşlıjurnallarından biri olan “Günəş”, müasir medianın parçası olan “Kulis.az”, “Kirpi.info”, “Mədəniyyət” qəzeti kimi bəzi mətbuat orqanları müxtəlif informasiyaları karikaturanın köməyi ilə xalqın diqqətinə çatdıraraq şəkilli karikatura (və yaxud o tipli) jurnalistikası ilə də məşğul olurlar.

Bu üsuldan istifadə auditoriyanın diqqətini çəkməyə və daha çox izləyici toplamağa da köməklik edir. Diqqət çəkmək baxımından komiks jurnalistikasını ən ideal jurnalistika növü hesab etmək olar. Lakin aktuallığını itirəcək bir mövzu varsa, mətbuatın ilk olaraq ilkin informasiyanı xəbər kimi, daha sonra komiks üsulu ilə ona şərh verməyi daha doğrudur. Komiks jurnalistikası güclü bir silah növü kimi də istifadə olunur. Bəzən bu üslub insanları maraqlı hekayələrin arxasınca getməyə, bəzən isə hər hansı bir hadisəni daha dəqiq anlamağımıza köməklik göstərir. Bütün bunlara baxmayaraq, komiks jurnalistikasından istifadə edən bəzi media subyektləri bu üslubdan fərqli mövqe yaratmaq məqsədilə də istifadə edir. Bunu isə təkcə komiks jurnalistikasından yanlış istifadə adlandırmaq olar...

Rafiq TƏHMƏZ

Nəşr edilib : 07.04.2025 14:38