NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Kəngərli rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

...

Fevralın 26-da Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Kəngərli rayonunda anım tədbiri keçirilib.

Tədbir iştirakçıları Mədəniyyət Sarayındakı "Ana harayı" panosunun önünə tər qərənfillər düzdükdən sonra sərgiyə baxış keçiriblər.

Tədbirin davamında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, soyqırımı qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Qıvraq qəsəbə tam orta məktəbinin müəllimi İlkin Əhmədov qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə tutulub və işğal olunub. Həmin gecə mülki əhaliyə qarşı xüsusi amansızlıqla törədilmiş qətliam Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri kimi yadda qalıb. 

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis tərəfindən “Xocalı soyqırımı günü haqqında” Qərar qəbul edilib, faciəyə hüquqi-siyasi qiymət verilib. Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılması istiqamətində ardıcıl və məqsədyönlü iş aparılıb, 2008-ci ildən etibarən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində fəaliyyət daha da genişlənib. Hazırda bir sıra ölkələr tərəfindən Xocalı soyqırımı tanınıb və hadisəyə beynəlxalq səviyyədə siyasi qiymət verilib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində və antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Xocalı şəhəri separatçılardan təmizlənib, işğaldan azad olunmuş bütün ərazilərimizdə üçrəngli Dövlət Bayrağımız ucaldılıb. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilərək həmin torpaqlara yeni həyat qaytarılır.

Tədbirin sonunda “Danışır Xocalı” sənədli filmi nümayiş olunub.

Nəşr edilib : 26.02.2026 16:44