NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Kəndin sakitliyi, yoxsa şəhərin səs-küylü həyatı?

...

Hər bir insan üçün öyrəndiyi və yaşadığı mühit onun üçün xoşdur. Hər bir insanın həyat yolu yaşadığı mühitlə sıx bağlıdır. Kimi kəndin təmiz havasını, təbiətin gözəlliyini sevir, kimi isə şəhərin işıqlı küçələrindən, səs-küylü ritmindən zövq alır. Maraqlıdır, görəsən, hansı həyat daha gözəldir? Hər iki həyata fikrimizdə “səyahət edib” qarşılaşdıraq.

Kənddə, adətən, sakitlik hökm sürür. Səhər  çox tez açılır kəndlərdə.  Hələ günəş dağların ardından boylanmamış dan ulduzu təzəcə görüləndə evdar xanımlar, evin bəyləri oyanır. Kimi inəyi sağıb buzovları bəsləməyə başlayır, kimisi isə sağdığı süddən pendir tutmağa tələsir. Bir başqası qoyunları sürüyə qatmaq üçün kəndin girişinə yollanır. Çobanlar mal-qaranı qarşısına qatıb ucsuz-bucaqsız çöllərə yönəlir. Evin yaşlı sakinləri, adətən, asan olan işlərin qulpundan tutur. Təzə gəlinlərə nehrə çalxamaqda kömək edir, toyuq-cücəni bəsləyir. Beləcə, hər açılır. Şagirdlər məktəbə, işi olanlar işə getmək üçün yola çıxır.

İsti yay günlərində günortalar, adətən, sakit keçir. Səhər obaşdan oyanan insanlar əkin-baca ilə məşğul olub dincəlmək üçün bir-iki saat evə yığılır. Axşamçağı gün batana yaxın mal-qara qayıdır, onları yer-yurd edib qurtarana kimi  axşam  düşür. Beləcə, aylar, fəsillər bir-birini əvəz edir. Hər fəslin öz iş-gücü, öz gözəlliyi var yurdumuzun kəndlərində. Artıq payızın nəfəsini hiss etdiyimiz günlərdə isə kənd adamının qayğıları artıb. Qış hazırlığına yaydan başlayan qadınlar bu günlərdə   əriştə kəsir, turşu tutur, qovurma qovurub qışa hazırlıq görürlər. Bağların meyvəsi toplanır əl damlarına yığılır ki, qışda süfrəyə qoyulsun.   

İnsan kənddə torpaqla, təbiətlə birgə nəfəs alır. Qonşuluq münasibətləri sıx, insanların bir-birinə qayğısı isə səmimidir. Sadə, amma dərinmənalı bir ömür tərzi hökm sürür burada. Kəndin gecə həyatı fərqli olur. Sanki sükut hər tərəfə bürünmüş, sadəcə, ulduzların parıltısı bu sakitliyi pozur. İnsan kənd gecəsində özünü təbiətin qucağına daha da yaxın hiss edir.

          Şəhərdə isə hər şey fərqlidir:

Burada həyat təkcə səhərdən başlamır, gecədə də davam edir. Küçələrdən keçən avtomobillərin gurultusu, insanların tələskən addımları, işıqlarla bəzənmiş yollar hamısı bir ritm yaradır. Şəhər insana saysız imkanlar təqdim edir: lakin bu imkanların arxasında səs-küy, tıxac və gündəlik stres gizlənir. Gecələr işdən gec çıxan insanlar, səhər yarıyuxulu vəziyyətdə yenidən işə yollanan adamlar. Böyük şəhərlərdəki çirkli hava, səs-küy insanı mənəvi cəhətdən yorur.

Şəhərdə  gecələr  də tamam başqa mənzərə var. İşıqlarla bəzənmiş küçələr, dayanmaq bilməyən maşınlar, gecəyarısına qədər açıq qalan kafelər və insanlar… Burada sükut yox, daim hərəkət var. Şəhər sanki heç vaxt yatmır, gecəsi də gündüzü kimi səs-küylüdür.

Əslində isə kəndlə şəhəri qarşılaşdırmaq, birini digərindən üstün tutmaq düzgün olmaz. Hər mühitin öz cazibəsi, öz gözəlliyi var. Seçim isə hər kəsin həyat baxışına bağlıdır: kimisi sakitliyi axtarır, kimisi də sürətli ritmi. Bir həqiqət isə dəyişməz qalır  insan harada yaşamasından asılı olmayaraq, xoşbəxtliyi öz qəlbində tapmalıdır.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 09.10.2025 14:20