NAXÇIVAN :

06 Fevral 2026, Cümə

Kənd təsərrüfatında növbəli rejim və suya qənaət

...

Su bəşəriyyət üçün ən vacib təbii sərvətlərdən biridir. Lakin bu gün dünyanı narahat edən əsas problemlər sırasında su qıtlığı da var. Qlobal iqlim dəyişikliyi, temperaturun artması, yağıntıların azalması və quraqlıq dövrünün uzanması təbii su ehtiyatlarını azaldaraq ciddi çətinliklər yaradır. Bunun nəticəsi olaraq kənd təsərrüfatında məhsuldarlıq aşağı düşür, bazarda ərzaq məhsullarının qiyməti artır. Yağıntıların miqdarı azalır, amma yağan yağış sularının səmərəli toplanması və istifadəsi su qıtlığının təsirlərini müəyyən qədər azalda bilər. Bununla yanaşı, kənd təsərrüfatında ənənəvi suvarma üsullarının əvəzinə daha qənaətcil və müasir texnologiyaların tətbiqi vacib hesab olunur. Bu yanaşma həm su ehtiyatlarının qorunmasına, həm də məhsuldarlığın yüksəldilməsinə imkan yaradır.

Babək rayonunda mövcud vəziyyəti daha yaxından öyrənmək üçün Babək Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsinin irriqasiya sahəsi üzrə rəisi Zamiq Alışov mövzu ilə bağlı məlumat verərək bildirdi ki, cari ildə Babək Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsi tərəfindən rayon ərazisində suvarmanın yaxşılaşdırılması üçün kanallar və arxlar lildən təmizlənib. Quraqlıqla əlaqədar su anbarlarında su ehtiyatı az olduğundan suvarmada müəyyən çətinliklər yaransa da,  Heydər Əliyev Su Anbarından qrafik əsasında hər 10 gündən bir 10 günlük suvarma suyu verilir. Qeyd edək ki, 2025-ci ilin suvarma mövsümü başlayan vaxtdan bu günədək bütün mənbələrdən Naxçıvan şəhəri və Babək rayonu ərazisində təkrar suvarma ilə birlikdə 2801 hektar buğda, 1148 hektar arpa, 157 hektar qarğıdalı, 22 hektar noxud, 8 hektar günəbaxan, 2819 hektar yonca, 427 hektar təbii biçənək otlaq, 6034 hektar yaşıllıq zolağı və meşə sahəsi, 1458 hektar meyvə bağı, 2390 hektar bostan, tərəvəz, kartof, 3346 hektar həyətyanı sahə, ümumilikdə, 20610 hektar ərazi suvarılmışdır.

Araz çayından, Araz-1 nasos stansiyasından 4 nasosun hər biri, təxminən, saniyədə 300-330 litr su vuraraq Nehrəm qəsəbəsi ərazisinə mütəmadi olaraq suvarma suyu verilir. Qaraçuq-1 nasos stansiyasından 4 və ya 5 nasosun hər biri ortalama 800 litr su vuraraq Kəngərli rayonunun bəzi ərazilərinə, Naxçıvan şəhərinin Qaraçuq, Qaraxanbəyli, Bulqan, Tumbul kəndlərinə, Babək rayonu ərazisində Babək şəhəri, Qoşadizə məhəlləsi və Nehrəm qəsəbəsinin əkin sahələri mütəmadi olaraq suvarma suyu ilə təmin olunur. Naxçıvançay vadisində yeraltı suların toplanaraq yığışması nəticəsində su nasoslar vasitəsilə rayonun bəzi kəndlərinə növbəli şəkildə verilir.

Rayon ərazisində suvarma davam etdirilir. Suyun az olması səbəbindən Heydər Əliyev su anbarından suvarılan ərazilərdə yonca sahələrinə suvarma suyunun verilməsində ciddi çətinlik yaranır.

Babək rayonunun Didivar kənd sakini, 69 yaşlı təsərrüfatçı Hüseynqulu Bədəlov ömrünün böyük bir hissəsini üzümçülüyə həsr edib. “Üzüm bağımı, əsasən, Heydər Əliyev su anbarından gələn su ilə suvarıram. Bu il sudan çətinlik yarandığı üçün biz də ondan qənaətlə istifadə etməyə çalışırıq. Suvarmada qonşu təsərrüfatçılarla növbəli rejim tətbiq edirik. Əvvəllər bu məsələdə müəyyən anlaşılmazlıqlar olsa da, indi həmrəy şəkildə, razılaşaraq işləyirik”, – deyə Hüseynqulu kişi bildirir. Onun sözlərinə görə, əvvəlcə yaz əkini üçün su ayrılır, daha sonra isə üzüm bağlarına növbə çatır. Mövsüm ərzində üzüm bağlarını dörd dəfə suvarmaq kifayət edir. “Əsas məsələ sudan düzgün və qənaətlə istifadə etməkdir. Bu həm məhsuldarlığı artırır, həm də qonşular arasında razılığı möhkəmləndirir”, – deyə təsərrüfatçı əlavə edir. Didivarda Hüseynqulu Bədəlov kimi zəhmətkeş insanların əməyi nəticəsində suya qənaət prinsipi ilə bağlar yaşıl qalıb, məhsul isə boldur. Müsahibimiz onu da deyir ki, eşitdiyimizə görə, gələcəkdə Araz çayından Heydər Əliyev su anbarına su xətti çəkiləcək. Bu layihə hər birimizi sevindirib. İnanırıq ki, bu, su ilə bağlı mövcud problemlərin həllinə imkan verəcək.

Günümüzdə su qıtlığı artıq yalnız ekoloji yox, eyni zamanda strateji və sosial təhlükədir. Bunun qarşısını almaq üçün isə fərdi və kollektiv şəkildə məsuliyyətli olmaq, “Su varsa, həyat var” prinsipini rəhbər tutaraq suya qarşı qənaətcilliklə davranmaq lazımdır. 

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 05.09.2025 20:00