NAXÇIVAN :

22 May 2025, Cümə axşamı

Kamil də tərk etdi yurdu, yuvanı...

...

Qərbi Azərbaycanımızın Dərələyəz mahalından, Gomur kəndindən erməni zülmü nəticəsində didərgin düşüb Naxçıvanın Çalxanqala kəndində məskunlaşan Aşıq Kamil gözəl bir el sənətkarı idi. Həsənov Kamil Teymur oğlu 1948-ci ildə Dərələyəz mahalının Gomur kəndində dünyaya göz açmışdı. 1988-ci ildən başlayaraq yenə də “sümsünməklərindən” qalmayan ermənilərin Azərbaycana qarşı başlayan torpaq iddialarından sonra yerindən-yurdundan didərgin salınanlardan olub, Naxçıvana üz tutmuş, Çalxanqala kəndində məskunlaşmışdı. Bu kənddə yaşadığı illərdə yazıb-yaradan Aşıq Kamil həm də el sənəti olan aşıqlığın sirrini gənc nəsillərə öyrətməklə məşğul olmuş, sazı-sözü yeni nəsillərə sevdirməyi bacarmışdı. Oğlu Şəhriyarla birgə Çalxanqala kənd musiqi məktəbində illərlə saz dərsini tədris etmiş, uşaqlara təkcə bu el sənətini yaşatmağı deyil, həm də istedadla yaratmağı da təlqin etmişdi.

Aşıq Kamil söz adamıdır. Söz yox, onun yaradıcılığında vətən, el məhəbbəti, doğma insanlara sevgi, bağlılıq duyğuları yer aldığı kimi, doğulub-böyüdüyü doğma torpaqlara – Dərələyəz elinə bəslənilən məhəbbət hissi, zorla, zülmlə yurdundan didərgin düşmüş adamların həsrət, nisgil duyğuları da əks edilmişdi. Onun yaradıcılığında elin, obanın dərdi bütün həssaslığı ilə əks etdirilmişdir. Barlı-bəhərli Dərələyəz elindən didərgin salınan bu insanların hal-əhvalları onun şeirlərində həsrəti, nisgili, ümid və inam parıltıları ilə birgə təqdim edilibdir. El şairinin “Dərələyəzdə”, “Gomurum”, “Vətən torpağının daşı gözəldir”, “Bizim yerlərin”, “Ağlasın”, “Ağlayır”, “Vətəndə”, “Düşmüşəm”, “Ağlaram” kimi şeirlərdə el şairi elinin, obasının həm dərdini, həm də ümidlərini ifadə etmişdir. Şairin özü demişkən:

Kəndinə vurğundur Kamil əzəldən,

Bülbül nəğmə deyir sevdiyi güldən.

Aşıq Kamilin şeirlərində vətənə, onun əzəmətli dağlarına müraciətlə yazılan şeirlər çoxluq təşkil edir. Çünki Dağ Ulu Atadır, mərd və cəsarət ünvanıdır, əbədidir, heç zaman əyilməyən, həmişə susqun və etibarlı dərd və kədər ortağıdır. “Hanı Pənah xan, ay dağlar”, “Kim gəlibdir təzə, dağlar”, “Az qalırdı yaza, dağlar”, “Bağlayıblar yolu, dağlar”, “Dağlar”, “Mənimlə qan ağlar sazım dağlara” və bu kimi nümunələrində məhz dağlara deyilən ağır bir elin dərd və kədər yanğısı var. Şair “Yoxdurlar adların siləndən bəri” şeirində erməni zülmünü və faşist işğalına üsyan qaldırır, dünyadan ədalət tələb edir, elinin dərdini dilə gətirir. Şair erməni saxtakarlığını da bu şeirdə birəbir göstərərək quzu donuna girib necə vəhşi bir xislətə malik olduqlarını ortaya qoyur, Azərbaycanın yer adlarını saxtalaşdıraraq necə erməniləşdirməyə çalışdıqlarını faktlara çevirərək dünyanın gözünə soxur:

Xnzorut qoyuldu Almalı adı,

Bazakeçər vardı, Vardenis nədir?

Paşalı kəndinin qopdu fəryadı

Zaritap adını alandan bəri.

 

Cul adı silindi, Artavan oldu,

Terpin də ləqəbi Saravan qaldı.

Barciruna döndü Sultanbəy kəndi

Dığa Karen katib gələndən bəri.

Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı Aşıq Kamilin yaradıcılığını səciyyələndirərkən yazırdı ki, “Kamil müəllimin şeirlərində Dərələyəz, Zəngəzur, Göyçə, Vedi, Gomur, Axta, Gabud, Cul, Zeytə, Daylaqlı, Daşaltı, Kotanlı, Əmağu, Qovuşuq, Qabaxlı, Gülüdüzü, Ələyəz, Gədikvəng, Xatun yaylağı, Qələndər çalası, Noyu dağı, Şahmirzə dağı, Göyçə gölü, İstisu, Meşə bulağı, Soyuq bulaq, Pünhan bulağı, Arpa çayı və sair adı keçən mahal, kənd, dağ, oba, göl, çay, bulaq adlarıdır”. Bu cəhətdən Aşıq Kamilin yer-yurd adları ilə zəngin olan yaradıcılığı bir tərəfdən də Qərbi Azərbaycanımızın – Dərələyəz elinin tarixi-coğrafi söz xəritəsidir.

“Ruha can verir Dərələyəz mehi, Tapılmaz əvəzi bizim yerlərin”, – deyə həsrət və nisgil çəkdiyini dilə gətirən, “Kamil də tərk etdi yurdu, yuvanı, Yönü düşüb ayrı yana, ağlayır”, – deyə qan-yaş tökən şair “Ağlayır” rədifli şeirində ürəyinin həsrətdən necə qan ağladığını, gözyaşı və dərddən, qabar dolu yaralı ürəyinin kədərini təqdim etmişdir:

Sağaltmaq çətindir vətən yarasın,

Düşmənlər səpdikcə bina ağlayır.

Təbiblər, loğmanlar tapmır çarəsin,

Balasın itirən ana ağlayır.

 

Tutulub bərəsi, kəsilib yolu,

Solubdur vətənin çiçəyi, gülü.

Sonasız qalıbdır dağların gölü,

Gölündən ayrılan sona ağlayır.

“Mənimlə qan ağlar sazım dağlara” şeirində də şair doğma yurd yerlərinə olan həsrət duyğularını ifadə etmişdir:

Çəmən yaşıllaşır, gül çiçəklənir,

Uzaqdan yol çəkir gözüm dağlara.

Ürəyim istəyir, könlüm diləyir,

Qoymurlar getməyə bizim dağlara.

 

...Kamil xatırlayır dağı-dərəni,

Yamacda sürünü, zirvədə çəni.

Yaş ötdü, qocaldım, bu son vədəni,

Nə ola gedəydim özüm dağlara.

Şair “Ağlasın” rədifli şeirində eldən-obadan didərgin düşənlərin dərdini bir az da ictimailəşdirir, bütün ağırlığını və ağrılığını sözün ağlar gözü ilə təqdim edib, göstərir:

Ayrılmaq çətindir vətəndən, eldən,

Bülbül ayrı düşüb çəməndən, güldən.

Gomurdan, Köçbəkdən, səfalı Culdan

Didərgin düşənlər gəlib ağlasın.

Beləliklə, Vətənindən – doğma Qərbi Azərbaycan elindən didərgin düşənlərin el dərdi, el kədəri, el nisgili şair Aşıq Kamilin də qələmindən süzlüb gələn söz sənətində dilə gəlib. Onun yaradıcılığında bir vətən ağlayır, bir el göz yaşı tökür, bir obanın dərdi, kədəri, faciəsi təqdimini tapır, bir elin həyat hekayəsi, didərginlik faciəsi, bədii tarixi yaranır. Naxçıvanda məskunlaşaraq yaşayan ürəyi dolu insanlardan biri kimi Aşıq Kamil öz el-obalarına olan məhəbbəti, ordan ayrılmanın həsrət və nisgilini, bir də o doğma yerlərə qayıtmağın ümid və inamını əks etdirib öz yaradıcılığında. Aşıq Kamil vətənə, elə bağlı olduğu kimi, ailəsinə, sevdiyi qadına, uşaqlarının anasına, həyat yoldaşına da çox bağlı adam idi. Yaxşı yadımdadır, cənab Prezidentin Qərbi Azərbaycana qayıdış proqramı ilə əlaqədar Çalxanqala kəndinə Qərbi Azərbaycandan zorla köçürülmüş el adamları ilə görüşlər keçirib, materiallar toplamağa getmişdik. Kamil əmi, ustad Şəhriyar demişkən, sırfalı bir kişi idi, çörəyini yedirtmədən qonaq yola salmazdı. Qonağın nazını çəkən el sənətkarı idi. Həm də çoxuşaqlı, böyük ailə sahibi idi. Şairin övladları da bu el sənətinə vaqif olub onu yaşadanlardandırlar. Nə isə ki, saz çalmağın ustalarından olduğunu bildiyimiz üçün sazı dilləndirməyi xahiş etmişdik. Dedi ki, Ceyran (həyat yoldaşı) dünyaya gözün yumandan əlimə saz ala bilmirəm. Artıq Kamil müəllim özü də bu dünyaya gözlərini yumdu. Sevdiyi insanların ardınca yol aldı. And içirdi ki, Ceyranı vətəndən, eldən, sevdikləri insanlardan ayrı düşməyin kədəri öldürdü. Elə Kamil əmi özü də Dədə Ələsgərimizin alın yazısına çevrilmiş eldən, obadan, vətəndən uzaq düşmənin kədəri bu dünyaya əlvida dedirtdi. Lakin bu gün hər birimiz, tam qətiyyətlə inanırıq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən qərarları, cahanşümul fəaliyyəti ilə öz elindən didərgin düşənlər Qərbi Azərbaycan torpaqlarına qayıdacaqlar. Xalqımız da, qərib ellərdə qalan o yurd yerlərimiz də əmindirlər ki, qovuşacağımız gün uzaqda deyil və biz mütləq qayıdacağıq. “Biz mütləq torpaqlarımıza qayıdacağıq!” qətiyyəti ilə çıxış edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar!” Biz də inanırıq ki, Vətən həsrəti ilə dünyalarını dəyişən Kamil əmi kimi minlərlə insanımız yaxın gələcəkdə öz el-obasına, qayıdacaq, heç olmasa azad ruhları o ellərdə azad-azad gəzəcək, sevdikləri ilə görüşəcək, yenə də bir ailə olacaqlar. Ruhun şad olsun, Aşıq Kamil!

Ramiz QASIMOV

filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 21.05.2025 17:55