NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

İstehlakçı hüquqlarının qorunmasında mühüm rola malik yeni sistem

...

Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, bu xüsusda özəl sektorda gedən inkişaf, müxtəlif profilli məhsul istehsal edən müəssisələrin yaradılması, artan idxal-ixrac prosesləri bu sahədə yeni nəzarət mexanizmlərinin tətbiqini labüd edir. Son illərdə daxili bazarda keyfiyyət amilinin qorunması, eyni zamanda kölgə iqtisadiyyatının aradan qaldırılması məqsədilə müasir informasiya texnologiyalarının üstünlüklərindən yararlanaraq yeni  sistemlər yaradılır. Bunlardan biri də təqib və izləmə sistemidir ki, əksər sahibkarlar, iş adamları bu sistemin üstünləri, əhəmiyyəti barədə kifayət qədər məlumata malik deyillər. Elə bu məqsədlə biz də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Zahid Qənbərovla həmsöhbət olub, yeni sistemin əhəmiyyəti, rolu ilə bağlı bir sıra məqamlara aydınlıq gətirməyə çalışdıq.

         Zahid müəllim, xoş gördük sizi. İstərdim əvvəlcə ölkə üzrə, o cümlədən muxtar respublikada da ilk dəfə tətbiq olunan təqib və izləmə sisteminin üstünlükləri, əhəmiyyəti barədə oxucularımıza məlumat verək.

 – Xoş gördük. Bəli, məlum olduğu kimi, dövlət tərəfindən kölgə iqtisadiyyatının miqyasının azaldılması, sahibkarlıq subyektlərinin şəffaf şəkildə fəaliyyət göstərməsi üçün, habelə qanunsuz sahibkarlıqla mübarizə tədbirləri davamlı və ardıcıl olaraq həyata keçirilir. Həmin tədbirlər müasir dövrdə informasiya texnologiyalarının aktiv şəkildə tətbiqini zəruri edib. Bu baxımdan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yaradılan Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) sistemi kölgə iqtisadiyyatının aradan qaldırılmasında, aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısının alınmasında və son nəticədə istehlakçıların hüquqlarının qorunmasında çox mühüm rola malikdir. Bu sistem istehsaldan və idxaldan son istehlakçıyadək olan bütün dəyər zənciri üzrə aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinə nəzarətin həyata keçirilməsinə imkan verir. Həmçinin sistem vasitəsilə markaların sifarişi, çatdırılması barədə bildirişlərin ötürülməsi, aktivləşdirilməsi, izlənilməsi, eləcə də dövriyyəsi barədə məlumatların mərkəzləşdirilmiş qaydada saxlanılması və verilməsi həyata keçirilir. Aksizli məhsulların təqibi və izlənilməsi sistemi izlənilən məlumatların mübadiləsinə, malların istehsalçısı və idxalçısının rəqabətə davamlı mövqedə qalmasına imkan verir, məhsul partiyasının geri çağrılmasına, məhsulların çatdırılma zəncirinin auditinə, yararlılıq müddətlərinə nəzarət, məhsul brendinin müdafiəsinə, risklərin, məhsul ehtiyatlarının idarə edilməsinə şərait yaradır. Təqib və izləmə sistemi təchizat zəncirinin keyfiyyətini, səmərəliliyini artırmaqla yanaşı, nəzarət altında olan aksizli məhsulların təhlükəsizliyinin təmin olunmasını, saxtalaşdırılmasının qarşısının alınmasını təmin edir.

Təbii ki, bir çoxlarını, əsas da sahibkarları düşündürən əsas məsələlərdən biri bu sistemin qanunvericilik bazasının necə tənzimlənməsidir.

– Bəli, qeyd edək ki, “Track and Trace” (“Təqib və İzləmə”) sistemi Vergi Məcəlləsinin 50-2.1-ci və 194.1-ci maddələri və Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Həmin qaydalarda markalanmalı mallar, markaların növləri, sistemdən istifadə hüququ və s. həmçinin, aksiz markalarına və məcburi nişanlamaya dair ümumi tələblər öz əksini tapıb.

Bəs sistemdən istifadə zamanı diqqət yetirilməli əsas məqamlar hansılardır?

– Sistemdən istifadə zamanı diqqət yetirilməli əsas məsələlərdən biri markalanmalı malların dəqiqləşdirilməsidir. Belə ki, aksiz markası və məcburi nişanlanma tətbiq olunan mallara içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, konyak və konyak materialları, şampan şərabı, likör və likör məmulatları, şərab və şərab materialları, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli içkilər, energetik içkilər və tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan), yalnız məcburi nişanlama tətbiq olunan mallara isə tütün məmulatları, elektron siqaretlər üçün maye, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri (Müsadirə olunmuş tütün məmulatları, elektron siqaretlər üçün maye, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri istisna olmaqla) aid edilir.

Maraqlıdır, hansı dövlət orqanları və ya özəl şirkətlər bu yeni sistemdən istifadə hüququna malikdirlər?

Əvvəlcə onu deyim ki, markaların sifarişi, çatdırılması barədə bildirişlərin verilməsi, aktivləşdirilməsi, izlənilməsi, eləcə də dövriyyəsi barədə məlumatların mərkəzləşdirilmiş qaydada saxlanılması və verilməsi sistem vasitəsilə həyata keçirilir. Təqib və izləmə sistemindən istifadə hüququ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi, həmçinin sifarişçilər, markalanmalı malların satıcıları və markalanmalı malların istehlakçılarına verilir. Operator Sistemdən istifadə hüququna malik şəxslərin real vaxt rejimində sistemə çıxışına imkan yaradır. Operator markalanmalı malların istehlakçılarına müvafiq texniki vasitələrdən (mobil cihaz, planşet və digər) istifadə etməklə sistemə inteqrasiya edilmiş mobil tətbiq vasitəsilə məcburi nişanlamanı skan edərək, markaları yoxlamaq və uyğunsuzluqlar barədə aidiyyəti dövlət orqanlarına (qurumlarına) məlumat vermək imkanını yaradır.

Qeyd edək ki, tütün məmulatlarının üzərində aksiz markasının olmaması bu məhsulların markalanmadığı anlamına gəlmir. Mövcud qanunvericiliyə uyğun olaraq, tütün məmulatlarının üzərində yalnız məcburi nişanlama kodunun olması, həmin məmulatların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə imkan verir və bu nişanlanma kodu aksiz markasını əvəz edir. Markalanmalı malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə yalnız həmin malların üzərinə tətbiq edilən markaların sifarişçilər tərəfindən aktivləşdirilməsindən sonra yol verilir.

Suallarımızı ətraflı cavablandırdığınız üçün təşəkkür edirik!

Nail ƏSGƏROV

Nəşr edilib : 02.10.2024 09:39