NAXÇIVAN :

21 May 2025, Çərşənbə

"Musiqişünaslıq: inkişafın dövrləri və üfüqləri” adlı kitabının təqdimatı keçirilib ⁩

...

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədovanın “Musiqişünaslıq: inkişafın dövrləri və üfüqləri” adlı kitabının təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Günay Məmmədova hazırda Naxçıvan Dövlət Universitetinin dosenti kimi fəaliyyət göstərir və “Azərbaycanın Naxçıvan və Türkiyənin İğdır-Qars bölgələrinin mərasim musiqisi” mövzusunda doktorluq dissertasiyası üzərində tədqiqat işi aparır. O musiqi nəzəriyyəsi sahəsində bir sıra dərs vəsaiti və not məcmuələrinin redaktoru və rəyçisi, 6 kitabın, fənn proqramlarının, 60-dan çox elmi və publisistik məqalələrin müəllifidir. 
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun teatr və musiqi şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov “Tədris prosesində Günay Məmmədovanın yeni dərs vəsaitinin əhəmiyyəti”, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Xalq Çalğı Alətləri kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İsmayıl Mürsəlov “Elmi dərinlik və bədii baxış: musiqişünaslığın yeni töhfəsi” və AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu “Günay Məmmədovanın “Alagözlüm”ü Azərbaycan musiqisinin təbliği timsalında” adlı mövzularla çıxış edərək bildiriblər ki, kitabda ardıcıl olaraq musiqi tarixi mərhələlərinə nəzər salınaraq formalaşan üslub xüsusiyyətlərinə, bəstəkar-ifaçı-dinləyici münasibətinə aydınlıq gətirilib. Müxtəlif dövrlərdə musiqinin istənilən istiqamətində aparılan yaradıcılıq axtarışlarının, həmçinin hər dövrün musiqi nəzəriyyəçiləri, bəstəkarları və onların əsərlərindəki nailiyyətlərə, janr, forma və ifadə vasitələrində əks olunan yeni meyarlara diqqət yönəldilib. Kitab professional musiqiçilər, həmçinin musiqi tarixi ilə maraqlanan oxucular üçün nəzərdə tutulub. Vəsaitdən ali musiqi təhsili müəssisələrində müvafiq fənlərin tədrisi zamanı da istifadə oluna bilər. 
Sənət yoldaşları, tələbələri, kitabxana əməkdaşları və yaxınları kitabın elmi və pedaqoji əhəmiyyətindən danışıb, müəllifi bu uğurlu nəşr münasibətilə təbrik ediblər.
Sonda filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədova göstərilən diqqətə görə öz minnətdarlığını bildirib.

Nəşr edilib : 20.05.2025 20:41