NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

İstanbulda XİN rəhbərlərinin “3+3” formatında görüşündə birgə Bəyanat qəbul edilib

...

“Oktyabrın 18-də İstanbulda Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi, Azərbaycan, Rusiya, Ermənistan və İranın XİN rəhbərlərinin iştirakı ilə üçüncü toplantısı keçirilən Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının (3+3) başlıca məqsədi, regional mülkiyyət anlayışı ilə Cənubi Qafqazda qarşılıqlı fayda prinsipi əsasında çoxtərəfli əməkdaşlığın inkişafıdır”.
"Şərq qapısı" xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin toplantı ilə bağlı açıqlamasında bildirilib.
Qeyd edilib ki, görüşdə Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olması, həmçinin regional inkişaf məsələləri müzakirə olunub, konkret layihələr vasitəsilə regional əməkdaşlığın dərinləşdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.
Toplantının sonunda iştirakçı tərəflərin birgə Bəyanatı qəbul edilib. Bəyanatda regional iqtisadi əməkdaşlığın ölkələrarası etimadın bərqərar olmasında və rifahın, sabitliyin artırılmasında oynadığı rol vurğulanıb. Nəqliyyat, kommunikasiya, ticarət, enerji, investisiya və inteqrasiya sahələrində əməkdaşlıq imkanlarını dəyərləndirmək barədə razılığa gəlinib.
Bəyanatda, bölgədə sülhün və sabitliyin dialoq yolu ilə təmin edilməsinin əhəmiyyəti də vurğulanıb.
Türkiyə, Cənubi Qafqazda daimi sülhün təmin edilməsi və əməkdaşlığın gücləndirilməsi məqsədilə region ölkələri ilə işləməyə davam edəcək.
XİN-in açıqlamasında bildirib ki, toplantıdan sonra qonaq nazirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediliblər.

Nəşr edilib : 18.10.2024 22:30