NAXÇIVAN :

28 Noyabr 2024, Cümə axşamı

İstanbulda “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabının təqdimatı keçirilib

...

İstanbulda Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabının təqdimatı keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil olunan tədbirdə çıxış edən Baş konsul Nərminə Mustafayeva, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türkiyə parlamentinin müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Araşdırmalar İnstitutunun nümayəndəsi Mehdi Gəncəli, Fətəli xan Xoyskinin qardaşı nəvəsi Kərim Mehmedzadə, professor İbrahim Yıldırım və digərləri 1918-ci ildən sonra Azərbaycanı tərk etmək məcburiyyəti qarşısında qalan həmvətənlərimizin ağır həyat yolu haqqında danışıblar.
Türk dünyasının respublika quruluşlu tarixində ilk dövlətin 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti olduğunu qeyd edən natiqlər bildiriblər ki, Azərbaycan xalqı sonradan itirilən bu azadlığı XX əsrin sonlarında bərpa etdi. Bu müstəqilliyi əldə etmək qədər qorumaq da asan deyildi. Azərbaycan öz azadlığını itirmək təhlükəsi ilə üzləşsə də bununla mübarizə apardı. Bu mübarizənin əsaslarından biri də Azərbaycan xalqının böyük təkidlə Ümummilli Lider Heydər Əliyevi yenidən hakimiyyətə gətirməsi idi. Ulu Öndərin ölkəmizin müstəqilliyi və inkişafı üçün atdığı addımlar bugünkü azad, suveren, qalib Azərbaycanın təməllərini atdı.
Ölkəmiz ilk dəfə müstəqilliyini itirdikdən sonra Azərbaycanın görkəmli şəxsiyyətləri mühacir həyatına məcbur edildilər və onların böyük əksəriyyəti İstanbula üz tutdu. Onlar Türkiyə təhrif olunan ədəbiyyatımız, tariximiz haqqında həqiqətləri yaymaqla yanaşı, Türkiyənin inkişafında böyük rol oynadılar. Onların həyatı, irsi və xaricdəki məzarlarının qorunub saxlanılması da Ulu Öndərin diqqət mərkəzində idi və hazırda bu yol Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bildirilib ki, Dilqəm Əhmədin bu insanların ailələri ilə keçirdiyi görüşlər nəticəsində ərsəyə gələn kitabı, Azərbaycanın mühacir həyatı yaşayan görkəmli şəxsiyyətlərinin irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Çıxışında kitabın ərsəyə gəlməsi haqqında danışan müəllif Dilqəm Əhməd bununla bağlı ilk fikrin Əhməd bəy Ağaoğlunun məzarını ziyarət etdiyi zaman yarandığını deyib.
Apardığı araşdırmalar nəticəsində İstanbulun fərqli qəbristanlıqlarında Azərbaycanın çox sayda görkəmli şəxsiyyətinin məzarlarının olduğu müəyyən edən Dilqəm Əhməd məhz bu məzarlar əsasında hazırlanan kitabında 60-dan çox şəxs haqqında məlumat verib.
Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan Xalq Cumhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Eyni zamanda, Azərbaycan Xalq Cumhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu.
Bu gün, Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcılarının və Azərbaycan Xalq Cumhuriyyətinin iki illik fəaliyyətini təmin edənlərin hamısını böyük minnətdarlıq hissi ilə yad edirik. Onların gördüyü işlər və əziz xatirələri Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır” - fikirləri ilə başlayan kitabın ön sözünün yazıçısı Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, elmi redaktoru isə Vilayət Quliyevdir.
Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşəbbüsü və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə ərsəyə gətirilən nəşr XX əsrin əvvəllərində Türkiyəyə köç etmiş və ömrünün sonunadək Vətənimizin istiqlalı amalına sadiq qalmış, bu yolda yorulmadan mübarizə aparan azərbaycanlı mühacirlərin xatirəsinə həsr edilib. Kitabda Türkiyə Dövlətinin arxivindəki sənədlərdən, Azərbaycan mühacirət mətbuatındakı materiallar, müxtəlif dillərdə çap olunan əsərlər, eləcə də müəllifin şəxsi kolleksiyasından istifadə edilib.
İstanbulda dəfn edilən azərbaycanlıların məzarları əsasında hazırlanan nəşrdə nadir fotoşəkillər və sənədlərlə təqdim edilib.
Tədbirin bədii hissəsində Türkiyəd Azərbaycan Mədəniyyət Mərkəzinin solisti Vüsalə Əsgərovanın ifasında Azərbaycan bəstəkar mahnıları təqdim edilib.

Nəşr edilib : 18.10.2024 22:16