NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

İran və Misirin qarşılıqlı səfirlikləri açıla bilər

...

İran və Misir yaxın gələcəkdə qarşılıqlı olaraq səfirlik acacaqlar.

"Şərq qapısı" İSNA-ya istinadən xəbər verir ki, bunu İran Prezident Administrasiyasının siyasi məsələlər üzrə müavini Mehdi Sənaei bildirib.

O, İslam Respublikası Prezidenti Məsud Pezeşkianın Misirin paytaxtı Qahirədə inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə toplantısında iştirakından danışaraq deyib ki, görülən işlər nəticəsində iki ölkə əlaqələrinin səfirliklərin yenidən açılması səviyyəsinə çatacağına ümid edir.

Xatırladaq ki, 1979-cu il fevralı inqilabından sonra İranla Misir arasında diplomatik əlaqələr kəsilib. Buna əsas səbəblər rəsmi Qahirənin Məhəmmədrza Şah Pəhləviyə sığınacaq verməsi və Misirin Kemp-Devid sülh razılaşmasını imzalaması göstərilir.

Kemp-Devid müqaviləsi Misir prezidenti Ənvər Sadat ilə İsrail prezidenti Menaxem Begin arasında 12 gün davam edən gizli danışıqlardan sonra, 1978-ci il sentyabrın 17-də imzalanıb. Bu müqavilə ovaxtkı ABŞ Prezidenti Cimmi Karterin vasitəçiliyi ilə imzalanıb. Müqavilə əsasında Misir İsraili rəsmən tanımış ilk ərəb dövləti olub. Misir bununla həm də İsrailin ələ keçirdiyi torpaqlar üzərindəki varlığını qanuni olaraq qəbul edib.

Müqavilə 6 ay sonra, 1979-cu il martın 26-da imzalanmış sülh müqaviləsinin təməli olub. Buna görə İsrail hərbi qüvvələrini Sinay yarımadasından çəkib, Misir ilə diplomatik əlaqələrini normallaşdırıb. Diplomatik əlaqələr 1980-ci ildə normal olub.

İsrail tərəfindən altıgünlük müharibədə ələ keçirilən Sinay yarımadası Misirə geri verilib. Menaxem Begin və Ənvər Sədat 1978-ci il Nobel Sülh Mükafatına layiq görülüblər.

“Ərəb baharı”ndan sonra tərəflər arasında münasibət normallaşmağa başlayıb. 2011-ci ildə Misirdə baş verən inqilabdan və təxminən 30 illik fasilədən sonra ozamankı Misir prezidenti Məhəmməd Mursi ilk tarixi səfərini İrana edib. 2012-ci il avqustun 30-da Qoşulmama Hərəkatının Zirvə görüşündə o, sədrliyi İrana təhvil verib.

Ovaxtkı İran prezidenti Mahmud Əhmədinejad da öz növbəsində 2013-cü il fevralın 5-də Misirdə rəsmi səfərdə olub. O, 1979-cu il inqilabdan sonra Misirə səfər etmiş ilk İran prezidentidir.

Nəşr edilib : 19.12.2024 16:26