COP29-da Ermənistanın Azərbaycana qarşı törətdiyi ...
19:28 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
Milli Məclis sədrinin müavini, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyafət Əsgərovun ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin deputatı Məhəmməd Cavad Əsgərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.
"Şərq qapısı" xəbər verir ki, vitse-spiker Ziyafət Əsgərov qonaqları salamlayaraq Azərbaycanla İran arasında dostluq əlaqələrinin inkişaf etdiyini söyləyib. O, cari ilin sentyabr ayında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirildiyini, VII çağırış Milli Məclisin formalaşdığını, İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradıldığı bildirib. Ölkələrimizin siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq etdiyini deyib.
Milli Məclis sədrinin müavini hazırda Azərbaycanın ev sahibliyi ilə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb. COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşünün işə başladığını və İran parlament nümayəndə heyətinin bu mühüm tədbirdə iştirak etdiyini məmnunluqla qeyd edib. O, toplantıda ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verildiyini, bu istiqamətdə parlamentlərin verə biləcəyi töhfələrdən bəhs edib.
İran İslam Şurası Məclisinin nümayəndə heyətinin rəhbəri Məhəmməd Cavad Əsgəri səmimi görüşə görə təşəkkürünü ifadə edib. O, İranın Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduğunu söyləyib, əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanların mövcudluğunu qeyd edib, münasibətlərimizin möhkəmlənməsində parlamentlərin rolundan danışıb.
Məhəmməd Cavad Əsgəri Azərbaycanda keçirilən COP29-un və COP29 çərçivəsində Parlament Görüşünün yüksək səviyyədə təşkil olunduğuna görə təbriklərini çatdırıb. Ekoloji problemlərin həllinə həsr edilmiş bu tədbirin mühüm qlobal əhəmiyyətini vurğulayıb. O, iqlim dəyişmələrinin mənfi təsirlərindən qorunmaq və onun fəsadlarının aradan qaldırılması üçün dövlətlərin və parlamentlərin birgə səylərinin önəmli olduğunu bildirib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Digər xəbərlər