NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

İqlim dəyişmələri və ədalətli keçidlə bağlı həmkarlar ittifaqlarının roluna həsr edilmiş beynəlxalq konfrans YENİLƏNİB

...

Sentyabrın 26-da Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Beynəlxalq Əmək Təşkilatı (BƏT-ACTRAV), Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) və Pan-Avropa Regional Şurasının (PARŞ) birgə təşkilatçılığı ilə "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransdan əvvəl AHİK sədri Sahib Məmmədov və tədbir iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Həmçinin konfrans nümayəndələri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə işə başlayan konfrans həmkarlar ittifaqlarının iqlim dəyişmələri və ədalətli keçid proseslərindəki rolunun təşviqi, COP29 üçün prioritetlərin müəyyənləşdirilməsi və icrası, dünyanın müxtəlif bölgələrində həmkarlar ittifaqlarının təcrübə mübadiləsi, həmçinin həmkarlar ittifaqları, hökumətlər və işəgötürənlər arasında əməkdaşlığın genişləndirilməsi məqsədini daşıyır.

Açılış mərasimində AHİK sədri Sahib Məmmədov konfransın məqsədi, əhəmiyyəti və aktuallığı barədə məlumat verib. O bildirib ki, COP29 ərəfəsində keçirilən bu konfrans iqlim dəyişmələri ilə mübarizədə uğur qazanmış ölkələrlə bu sahədə təcrübəsi az olan dövlətlər arasında mühüm tribuna olacaq AHİK sədri deyib: “Ekspertlərin təqdimatları və aparılan kollektiv müzakirələr ətraf mühitdə itirdiklərimizin bərpasında həmkarlar ittifaqlarının rolu və iştirakı barədə aydın təsəvvürlər yaradacaq. Həmçinin Paris Raşılaşmasında nəzərdə tutulan mühüm hədəflərə nail olunmasına və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasına töhfə verəcəyimizə ümid edirik. İqlim dəyişmələri milyardlarla insanın həyatına mənfi təsir göstərir, milyonlarla canlı və bitki növlərinin mövcudluğu təhlükə altındadır. Azərbaycan qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə öndə gedən ölkələr sırasındadır. Təmiz ətraf mühit və yaşıl enerji ölkəmizin əsas hədəfləridir. Görülən işlər təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu sahədə müəyyənləşdirdiyi hədəflərinə nəzərdə tutulan vaxtdan daha tez çatacaq”.

Konfederasiya sədri sözü gedən mövzu ilə bağlı Azərbaycan həmkarlar ittifaqlarının gördüyü işlərdən də bəhs edib. Vurğulayıb ki, BƏT və AHİK-in birgə təşkilatçılığı ilə Azərbaycanın və Türkmənistanın həmkarlar ittifaqları üçün “Yaşıl iş yerləri və ədalətli keçid” mövzusunda birgə seminar keçirilib. “Azərbaycanda “yaşıl iş yerləri”nin yaradılması vasitəsilə ekoloji dayanıqlı iqtisadiyyata ədalətli keçid üzrə həmkarlar ittifaqlarının strategiyasının hazırlanması haqqında” analitik icmal hazırlanıb.

Sonra COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin videomüraciəti nümayiş etdirilib.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov isə iqlim dəyişmələri ilə mübarizdə Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən, bu istiqamətdə görülən işlərdən, ölkəmizin yaşıl enerji siyasətindən, habelə Qarabağ və Şərqi Zəngəzurda yaşıl iqtisadiyyatla bağlı irihəcmli infrastruktur layihələrindən danışıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxışında iqlim dəyişmələrinin dünya iqtisadiyyatı üzərində təsirlərini qeyd edib, yaşıl iqtisadiyyata keçid və bu aspektdə ortaya çıxacaq sosial risklərdən, onun həlli yollarından söz açıb, eləcə də sosial tərəfdaşlığın önəmini vurğulayıb. Bildirib ki, layiqli əməyə sosial dialoqun inkişafı əsasında nail olunması yaşıl iqtisadiyyata keçid dövründə tədbirlərin uğurla həyata keçirilməsi üçün əsas şərtdlərdən biridir və bu, əmək sferasının, sosial müdafiənin inkişafında yeni yanaşmaların tətbiqini zəruri edir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev iqlim dəyişmələrinin fəsadlarından, yaşıl iqtisadiyyata keçid prosesində iş yerlərinin qorunmasından, özəl sektorun dəstəklənməsindən danışıb. Deyib ki, innovasiya və texnologiyaya çıxış, xüsusi maliyyələşdirmə mexanizmləri rəqabət qabiliyyətini və dayanıqlı iqtisadiyyat yaradan uğurlu keçidi təmin etmək üçün vacibdir, eləcə də bir çox risklər var və yanlış idarə olunan iqlim siyasəti gözlənilməz nəticələr yarada bilər.

BHİK Baş katibinin müavini Erik Manzinin, BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ofisinin direktoru Mixail Puşkinin və İşçilərinin fəaliyyətləri üzrə Bürosunun direktoru Maria Helena Andrenanın çıxışları dinlənilib. Qonaqlar iqlim dəyişmələrinin dünyada doğurduğu fəsadlardan, bu istiqamətdə beynəlxalq təşkilatların atdığı addımlardan, həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələrdən, bu kontekstdə işçi hüquqları ilə bağlı qarşılıqlı dialoqun və fikir mübadilələrinin əhəmiyyətindən bəhs ediblər.

Açılış mərasimindən sonra konfrans çərçivəsində ədalətli keçid, iqlim dəyişmələri və işçilərin hüquqları ilə bağlı mövzular üzrə panel müzakirələr başlayıb. Həmçinin konfransda iqlim danışıqlarında həmkarlar ittifaqlarının iştirakını artırmaq üçün fəaliyyət planları və strategiyaların hazırlanması istiqamətində interaktiv sessiyalar təşkil olunub, müxtəlif tərəflər arasında əməkdaşlıq üçün görüşlər baş tutub.

Qeyd edək ki, konfransın təşkilində məqsəd həmkarlar ittifaqlarının iqlim dəyişmələri və ədalətli keçid proseslərindəki rolunun təşviqi, COP29 üçün prioritetlərin müəyyənləşdirilməsi və icrası, dünyanın müxtəlif bölgələrində həmkarlar ittifaqlarının təcrübə mübadiləsi, həmçinin həmkarlar ittifaqları, hökumətlər və işəgötürənlər arasında əməkdaşlığın genişləndirilməsidir.

Konfrans öz işinə sentyabrın 27-də yekun vuracaq.

Nəşr edilib : 26.09.2024 15:11