Azərbaycan Premyer Liqasında tamaşaçı rekordu qeyd...
11:05 19.10.2026
0
0
0
NAXÇIVAN :
19 Oktyabr 2026, Bazar ertəsi
“Şərq qapısı” qəzetinin 105 illik yubileyi münasibətilə adı və xatirəsi ehtiramla anılan qələm sahibləri arasında Cəlil Vəzirovun xüsusi yeri var. 63 illik ömrünün böyük bir hissəsini qəzetə, jurnalistikaya və söz sənətinə həsr edən Cəlil müəllim Naxçıvanın ictimai-mədəni həyatının salnaməsinin yaradılmasında, xüsusilə teatr tarixinin araşdırılması və təbliğində mühüm xidmətlər göstərib. Onu tanıyanlar, bir vaxtlar eyni redaksiyada çiyin-çiyinə çalışan dostları və qələm yoldaşları Cəlil müəllimi hər mövzuya məsuliyyətlə yanaşan, araşdırmadan qələmə sarılmayan, sözün çəkisini bilən istedadlı jurnalist, mahir teatrşünas kimi xatırlayırlar.
1944-cü ildə Naxçıvan şəhərində dünyaya göz açan Cəlil Vəzirov 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə və jurnalistikaya başlayıb. Elə həmin ildən taleyi “Şərq qapısı” qəzeti ilə bağlanıb. Uzun illər maraqlı yazıları, publisistik məqalələri ilə çıxış edib. Qələmə aldığı hər mövzuda cəmiyyətin həssas məsələlərinə, teatrımızın mövcud problemlərinə toxunan Cəlil Vəzirov qısa zamanda respublika miqyasında tanınan və oxunan jurnalistə çevrilib.
Bu gün onun barəsində yazılmış xatirələri oxuyarkən görürük ki, Cəlil müəllim 30 ildən artıq davam edən fəaliyyəti ilə yalnız qələmi vasitəsilə oxucularının ürəyinə yol tapmayıb. O həm də şəxsiyyəti, geniş müşahidə qabiliyyəti və səmimi dostluğu ilə yaddaşlarda iz qoyan nümunəvi ziyalıya çevrilib.
Uzun illər qəzetdə baş müxbir, Ədəbiyyat və incəsənət şöbəsinin müdiri kimi məsul vəzifələrdə fəaliyyət göstərib. 1968-2003-cü illəri əhatə edən bu yaradıcılıq yolu, onun ömrünün ən məhsuldar və yaddaqalan səhifələrindən olub. Cəlil Vəzirov qəzetçiliyi yalnız peşə kimi deyil, sözə və cəmiyyətə xidmət missiyası kimi qəbul edirdi. Onun yazılarında Naxçıvanın ictimai-mədəni həyatı, ədəbi mühiti və xüsusilə teatr sənətinin problemləri geniş əksini tapırdı.
Oğlu Həbib Vəzirov atasını xatırlayarkən, ilk növbədə, onun sözə və işə məsuliyyətindən danışır: “Atam üçün jurnalistika, sadəcə, yazmaq deyildi. O hər yazdığı sözün məsuliyyətini hiss edirdi. Bəzən bir yazı üzərində günlərlə, hətta həftələrlə işləyər, müxtəlif mənbələrə müraciət edər, yaşlı sənət adamları ilə görüşər, eşitdiyi hər bir məlumatı dəqiqləşdirərdi”.
Bu xüsusiyyət onun teatrşünaslıq fəaliyyətində də özünü göstərirdi. Cəlil Vəzirov üçün teatr, sadəcə, səhnədə nümayiş olunan tamaşa deyil, xalqın mənəvi yaddaşını, estetik zövqünü və mədəni düşüncəsini yaşadan böyük məktəb idi. O, Naxçıvan teatrının tarixini, inkişaf mərhələlərini, səhnə sənətinin formalaşmasında xidmətləri olan sənətkarların həyat və yaradıcılığını ardıcıl şəkildə araşdırırdı.
Arxiv materiallarına, faktlara və canlı xatirələrə söykənən araşdırmaları Naxçıvan səhnə sənətinin keçdiyi yolun öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Onun yüzlərlə məqalə və publisistik yazısı ilə yanaşı, teatrşünas İlham Rəhimli ilə birgə qələmə aldığı “Naxçıvan teatrının salnaməsi” əsəri də bu sahədəki zəngin yaradıcılıq irsinin mühüm nümunələrindəndir.
Həbib Vəzirov atasının Naxçıvanın mədəniyyətinə və teatrına olan bağlılığını belə xatırlayır: “Atam Naxçıvanı çox sevirdi. Bu sevgi onun yazılarında da, söhbətlərində də hiss olunurdu. Teatr haqqında danışanda sanki həmin səhnənin içində yaşayırdı. Tanıdığı sənətkarların hər biri haqqında ayrıca bir xatirəsi vardı. Onun üçün həmin insanlar, sadəcə, bir yazının qəhrəmanı deyil, Naxçıvanın mədəni yaddaşının bir parçası idi”.
Cəlil Vəzirovun fəaliyyəti jurnalistika ilə məhdudlaşmayıb. 1976-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 1978-ci ildən Jurnalistlər Birliyinin,
2000-ci ildən isə Yazıçılar Birliyinin üzvü olub. 1980-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının Naxçıvan Təşkilatına rəhbərlik edib.
2004-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və Teatr şöbəsində elmi işçi kimi fəaliyyət göstərərək tədqiqatlarını davam etdirib.
Sözə, sənətə və doğma Naxçıvanın mədəni həyatına bağlılığı onun əməyinin müxtəlif mükafatlarla qiymətləndirilməsində də əksini tapıb. 1987-ci ildə “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adına, 2004-cü ildə isə Rəsul Rza Beynəlxalq ədəbi mükafatına layiq görülüb. Cəlil Vəzirov 2008-ci ildə 63 yaşında dünyasını dəyişib.
Bu gün “Şərq qapısı”nın 105 illik tarixinin səhifələri vərəqlənərkən Cəlil Vəzirovun imzasına rast gəlmək, onun yazılarının ruhunu duymaq mümkündür. Çünki qəzetlər zamanın yaddaşıdır. Bu yaddaşda iz qoyan insanlar isə illər keçsə də, unudulmurlar. Cəlil Vəzirov da “Şərq qapısı”nın tarixində belə iz qoyan qələm sahiblərindəndir – sözü ilə, araşdırmaları ilə, sənətə bağlılığı ilə Naxçıvan mətbuatının və mədəniyyətin yaddaşında özünəməxsus yer tutan ziyalı.
Məcid RƏŞADƏTOĞLU
Digər xəbərlər