NAXÇIVAN :

22 Sentyabr 2026, Çərşənbə axşamı

Prezident İlham Əliyev: Enerji sektorunda atdığımız addımlar bizi böyük problemlərdən sığortaladı

...

Azərbaycanın enerji sektorunda atdığı addımlar ölkəni böyük problemlərdən sığortaladı.

"Şərq qapısı" xəbər verir ki, bunu Prezident İlham Əliyev onun sədrliyi ilə "2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq. Bizim öz imkanlarımız çox məhdud idi. Bu gün isə ölkəmizdə qazlaşmanın səviyyəsi 96 faizdir və biz 25 milyard kubmetrdən çox qaz ixrac edirik. Daxili tələbat bundan qat-qat aşağıdır. Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür. Müəyyən həcmdə ixrac da edilir, amma növbəti illərdə bu ixrac genişmiqyaslı olacaq, xüsusilə nəzərə alsaq ki, dünya bazarlarında enerji resursları ilə bağlı - elektrik enerjisi, yanacaq, təbii qaz, bütün bu əsas enerji təhlükəsizliyini təmin edən bu məhsullarla bağlı böyük narahatlıq var, qıtlıq var. Yəni dünya mənzərəsi göz önündədir. Ona görə bütün bu işlərin vaxtında görülməsi ilə bağlı atdığımız addımlar bizi böyük problemlərdən sığortaladı. Təsəvvür edin ki, əgər bunları etməsəydik, bu gün biz çox çətin vəziyyətə düşə bilərdik və bəzi ölkələr kimi qapı-qapı gəzib xahiş-minnət edərək öz enerji təhlükəsizliyimizi təmin etmək üçün gərək kiməsə ağız açaydıq", - Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı bu gün mənzərənin tam fərqli olduğunu vurğulayıb: "Bizə çoxlu müraciətlər daxil olur və biz təbii ki, imkan daxilində kömək göstəririk, göstərəcəyik. Təbii ki, bizim həm rolumuz artır, həm nüfuzumuz artır və eyni zamanda, bütün tərəfdaşlar görürlər ki, Azərbaycan son illər ərzində nə qədər irəliyə gedib, nə qədər güclənib ki, bu gün nəinki öz tələbatını tam təmin edir, eyni zamanda, bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib".

Nəşr edilib : 22.09.2026 14:40