NAXÇIVAN :

24 Sentyabr 2026, Cümə axşamı

İƏT-ə üzv dövlətlər Düşənbə Bəyannaməsini qəbul edib

...

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlər "Regional sənaye əməkdaşlığının canlandırılması üzrə Düşənbə Bəyannaməsi"ni qəbul edib.

"Şərq qapısı" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu bəyannamə Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən İƏT-in sənaye nazirlərinin 4-cü iclasında qəbul olunub.

Ölkəmizi bu iclasda iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov təmsil edib. İclasda çıxış edən S. Ələkbərov Azərbaycanın İƏT ilə əməkdaşlığın inkişafına və üzv dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verdiyini bildirib. Vurğulanıb ki, İƏT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur.

Tədbirdə Azərbaycanın sənaye və investisiya potensialı, ölkəmizdə biznes və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Rəqabətqabiliyyətli və ixracyönümlü istehsalın inkişafı, sənaye zonalarının fəaliyyəti və bu sahədə tətbiq olunan dəstək mexanizmləri, eləcə də rəqəmsallaşma və insan kapitalının inkişafı istiqamətində keçirilən tədbirlər qeyd edilib.

Təşkilata üzv ölkələrin aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən iclasda regional sənaye əməkdaşlığı, investisiya, nəqliyyat-logistika, ticarət bağlantılarının gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb. İclasda "Regional sənaye əməkdaşlığının canlandırılması üzrə Düşənbə Bəyannaməsi" qəbul edilib.

Qeyd edək ki, İƏT 1964-cü ildə yaradılıb. Ölkəmiz 1992-ci ildən Təşkilatın üzvüdür. Üzv dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, iqtisadiyyatın və ticarətin liberallaşdırılması, regiondaxili ticarətin təşviqi məqsədilə yaradılmış təşkilatın 10 üzvü var.

Nəşr edilib : 24.09.2026 14:34