Gürcüstan parlament nümayəndə heyəti Fəxri xiyaban...
16:58 24.09.2026
0
0
0
NAXÇIVAN :
24 Sentyabr 2026, Cümə axşamı
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və təbii ehtiyatların daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan, dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkənin sənaye potensialının genişləndirilməsi, ixrac imkanlarının artırılması və regionların iqtisadi fəallığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə sentyabrın 22-də dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə sahənin inkişaf perspektivləri geniş müzakirə edilib. Sentyabrın 23-də isə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” təsdiqlənib. Proqram qarşıdakı illərdə bu sahənin yeni mərhələyə yüksəldilməsi üçün kompleks tədbirləri müəyyənləşdirir.
Dövlət Proqramı çərçivəsində 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinə ümumilikdə, 5,3 milyard manat investisiyanın yatırılması nəzərdə tutulur. Bunun 1,1 milyard manatı dövlət büdcəsi, 2,2 milyard manatı dövlət müəssisələri, 2 milyard manatı isə özəl sektor hesabına təmin ediləcək. Qarşıya qoyulan hədəflərə əsasən 2030-cu ilədək sahənin ÜDM-də yaratdığı əlavə dəyərin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard ABŞ dollarından 3,4 milyard ABŞ dollarına çatdırılması planlaşdırılır.
Bu göstəricilər proqramın yalnız ayrı-ayrı yataqların işlənməsinə deyil, bütövlükdə, sənaye zəncirinin inkişafına yönəldiyini göstərir. Məqsəd xammalın hasilatı ilə kifayətlənməyərək onun emalını, metallurgiya məhsullarının istehsalını və daha yüksək əlavə dəyər yaradan sənaye sahələrinin formalaşdırılmasını təmin etməkdir.
Dağ-mədən sənayesinin inkişafı regionların iqtisadi potensialının artırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Xüsusilə Qərb Sənaye Parkının yaradılması Daşkəsən və ətraf rayonların sənaye imkanlarının genişləndirilməsi, yeni istehsal sahələrinin formalaşdırılması və məşğulluğun artırılması üçün mühüm platforma yaradır. Dövlət Proqramının icrası nəticəsində 5 mindən çox daimi iş yerinin yaradılması və ildə 1 milyard manatdan artıq müsbət maliyyə effektinin əldə edilməsi gözlənilir.
Bu prosesin mühüm dayaqlarından biri də ölkənin enerji təminatıdır. Azərbaycanda qazlaşdırma səviyyəsinin 96 faizə çatdırılması, təbii qaz hasilatı və ixracının artması sənaye müəssisələrinin etibarlı enerji təminatı üçün əlverişli şərait yaradır. Eyni zamanda 2026-cı ilin ilk səkkiz ayında ümumi daxili məhsulun 1,2 faiz, qeyri-neft sənayesinin isə 5,4 faiz artması qeyri-neft sektorunun iqtisadiyyatda rolunun genişləndiyini göstərir.
İşğaldan azad edilmiş ərazilərin zəngin mineral-xammal potensialının iqtisadi dövriyyəyə cəlb edilməsi də bu siyasətin mühüm istiqamətlərindəndir. Kəlbəcər, Laçın və digər ərazilərdə qızıl, mis, molibden və digər faydalı qazıntı yataqlarının işlənməsi həm sənaye istehsalının artırılmasına, həm də Böyük Qayıdış prosesinin iqtisadi əsaslarının möhkəmləndirilməsinə xidmət edir. Burada əsas məqsəd təbii sərvətlərdən səmərəli istifadə ilə yanaşı, həmin ərazilərdə müasir və dayanıqlı istehsal mühitinin yaradılmasıdır.
Bu baxımdan, Naxçıvanın mineral-xammal potensialı da xüsusi diqqət çəkir. Prezident İlham Əliyev müşavirədə Naxçıvanda geoloji kəşfiyyat işlərinin, ehtimal ki, 2027-ci ildən başlanacağını bildirib. Bu istiqamətdə aparılacaq sistemli araşdırmalar muxtar respublikanın yeraltı sərvətlərinin öyrənilməsi, perspektiv yataqların müəyyənləşdirilməsi və gələcəkdə sənaye layihələrinin reallaşdırılması baxımından mühüm imkanlar yarada bilər.
Azərbaycanın ən böyük dağ-mədən layihələrindən biri olan Filizçay yatağının işlənməsi də Dövlət Proqramının mühüm istiqamətlərindəndir. Yatağın JORC standartına əsasən təsdiqlənmiş resurslarının 112,71 milyon ton təşkil etməsi onun ölkənin mineral-xammal bazasında xüsusi yer tutduğunu göstərir. Layihənin reallaşdırılması nəticəsində mis, sink və qurğuşun kimi strateji metalların istehsalının artırılması, emal sənayesinin genişləndirilməsi və ixrac imkanlarının yüksəldilməsi nəzərdə tutulur.
Daşkəsəndə dəmir filizinin emalı və isti briketlənmiş dəmir istehsalının inkişaf etdirilməsi, Söyüdlü və Ortakənd qızıl yataqlarında yeni istehsal imkanlarının yaradılması da dağ-mədən və metallurgiya sənayesinin şaxələndirilməsi baxımından mühüm layihələrdəndir. Bu layihələrə yatırılacaq investisiyalar yalnız hasilatın artırılmasına deyil, yeni sənaye müəssisələrinin və əlavə dəyər zəncirinin formalaşmasına imkan verəcək.
Metallurgiya sənayesində alüminium istehsalının genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Elektroliz yolu ilə alüminium istehsalının 50 min tondan 100 min tona, yayma məhsullarının istehsalının isə 20 min tondan 50 min tona çatdırılması planlaşdırılır. Bu, yerli xammalın daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi baxımından mühüm addımdır.
Bütün bu layihələrin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizliyin qorunması da mühüm şərtdir. Müasir texnologiyaların tətbiqi, istehsal proseslərinin ekoloji standartlara uyğun təşkili və təbii ehtiyatlardan səmərəli istifadə dağ-mədən sənayesinin davamlı inkişafının əsas tələblərindəndir.
Beləliklə, 2027-2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın dağ-mədən və metallurgiya sənayesində yeni inkişaf mərhələsinin əsas istiqamətlərini müəyyənləşdirir. Qarşıya qoyulan hədəflər göstərir ki, ölkənin zəngin mineral ehtiyatlarının iqtisadi dəyərə çevrilməsi, emal sənayesinin genişləndirilməsi, qeyri-neft ixracının artırılması və regionlarda yeni iqtisadi imkanların yaradılması vahid inkişaf strategiyasının tərkib hissəsidir.
Bu siyasətin nəticəsində Azərbaycan təbii sərvətlərindən daha səmərəli istifadə etməklə yanaşı, həmin resursları müasir texnologiyalar əsasında emal edən və yüksək əlavə dəyər yaradan sənaye sahələrini genişləndirə bilər. Dağ-mədən və metallurgiya sahəsində nəzərdə tutulan yeni layihələr qeyri-neft iqtisadiyyatının inkişafına, regionların sənaye potensialının artırılmasına və ölkənin uzunmüddətli iqtisadi dayanıqlılığının gücləndirilməsinə xidmət edən mühüm istiqamətlərdəndir.
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər