NAXÇIVAN :

05 Oktyabr 2026, Bazar ertəsi

İdeoloji təhlükəsizlik: sərhədsiz dövrdə milli müdafiə

...

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı müasir dövrdə təhlükəsizlik anlayışının yeni reallıqlar kontekstində dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışında xaricdən Azərbaycan dilində aparılan informasiya təxribatlarına diqqət yetirilməsi və ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər vacib məsələlərdən biri kimi önə çəkilməsi bu yanaşmanın mühüm istiqamətlərindən biridir. Prezident internet, kiberhücumlar və süni intellektin geniş yayıldığı dövrdə ideoloji risklərin dövlət sərhədləri ilə məhdudlaşmadığını diqqətə çatdırdı.

Çıxışın əhatə dairəsi yalnız Yeni Azərbaycan Partiyasının qarşıdakı vəzifələrinin müəyyənləşdirilməsi ilə məhdudlaşmadı. Prezident hərbi təhlükəsizlikdən iqtisadi müstəqilliyə, xarici siyasətdən sosial rifaha, Qarabağ və Şərqi Zəngəzurun bərpasından dövlətin strateji inkişaf prioritetlərinə qədər müxtəlif istiqamətləri vahid məntiq çərçivəsində təqdim etdi. Bu yanaşmanın əsas qayəsi aydındır: müasir mərhələdə milli güc yalnız bir sahədə deyil, bütün istiqamətlərdə təmin edilməlidir.

XX əsrdə təhlükəsizlik anlayışı daha çox ərazi bütövlüyü, ordu və dövlət sərhədlərinin qorunması ilə əlaqələndirilirdi. XXI əsrdə isə informasiya məkanı da rəqabət və qarşıdurma müstəvisinə çevrilib. Dövlət sərhədlərini qorumaq mümkün olduğu halda, rəqəmsal platformalarda yayılan informasiya sərhəd tanımır və insanların düşüncəsinə, dünyagörüşünə, xüsusilə də gənclərin mövqeyinə təsir göstərə bilir. Bu baxımdan, ideoloji təhlükəsizlik dövlət müstəqilliyinin və milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilir.

Prezident İlham Əliyev ideoloji təhlükəsizliyin təmin edilməsində, ilk növbədə, təhsil və vətənpərvərliyin rolunu vurğuladı. Təhsil gənclərdə müstəqil düşünmək, informasiyanı təhlil etmək, doğru ilə yanlışı ayırmaq bacarığı formalaşdırır. Vətənpərvərlik isə insanın dövlətinə, xalqına, tarixinə və milli-mənəvi dəyərlərinə bağlılığını möhkəmləndirir. Dövlət başçısının Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsini və ideoloji təhlükəsizliyin prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilməsini xüsusi vurğulaması da bu baxımdan diqqətəlayiqdir.

Qurultayda səslənən fikirlər arasında xaricdə yaradılan bəzi azərbaycandilli informasiya resursları ilə bağlı xəbərdarlıq xüsusi yer tutur. Prezident bu resursların bir qisminin Azərbaycan cəmiyyətinə, xüsusilə gənclərə təsir göstərmək məqsədi daşıdığını bildirərək deyib: “Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır”.

Burada diqqətçəkən əsas məqam ondan ibarətdir ki, informasiya mühitində təhlükənin mahiyyəti yalnız informasiyanın hansı dildə yayımlanması ilə deyil, onun məqsədi və məzmunu ilə müəyyən olunur. Azərbaycan dilində yayımlanan hər bir informasiya resursunun milli maraqlara xidmət etdiyini düşünmək doğru olmaz. Buna görə də, informasiya istehlakçısının, xüsusilə gənclərin media savadlılığının artırılması, informasiyanın mənbəyinin və məqsədinin düzgün qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Müasir informasiya məkanında əsas mübarizə insanın düşüncəsinə təsir uğrunda gedir. Bu baxımdan, dezinformasiyanın, manipulyativ məlumatların və müxtəlif ideoloji təsirlərin qarşısının alınmasının ən effektiv yollarından biri cəmiyyətin düzgün, operativ və etibarlı informasiya ilə təmin edilməsidir. Ana dilimizdə yayılan yanlış informasiyanın təsirini azaltmağın ən təsirli yolu da məhz ana dilimizdə peşəkar, obyektiv və milli maraqları nəzərə alan informasiya mühitinin gücləndirilməsidir.

Bu mənada milli medianın üzərinə xüsusi məsuliyyət düşür. Cəmiyyətin, xüsusilə gənc nəslin etibarlı informasiya mənbələrinə çıxışının təmin edilməsi, tarixi həqiqətlərin, milli-mənəvi dəyərlərin və dövlətçilik ideyalarının düzgün təqdim olunması ideoloji təhlükəsizliyin mühüm istiqamətlərindən biridir. İnformasiya boşluğu yarandıqda həmin boşluğun kənar təsirlərlə doldurulması ehtimalı artır. Buna görə də güclü dövlətin həm də güclü və məsuliyyətli informasiya məkanına ehtiyacı var.

İdeoloji təhlükəsizlik yalnız informasiya resurslarının fəaliyyətinin izlənilməsi ilə məhdudlaşmır. Bu eyni zamanda gənc nəslin milli dəyərlərə bağlılığının gücləndirilməsi, vətəndaşlıq mövqeyinin formalaşdırılması, tarixə və dövlətçilik ənənələrinə düzgün münasibətin aşılanması kimi geniş bir sahəni əhatə edir. Bu baxımdan, təhsil, mədəniyyət, media və ictimai institutların fəaliyyəti vahid məqsəd ətrafında uzlaşdırılmalıdır.

Qurultayda səslənən fikirlərin siyasi əhəmiyyəti də məhz burada özünü göstərir. Təhlükəsizlik anlayışı artıq yalnız hərbi müstəvi ilə məhdudlaşmır. İqtisadiyyat, enerji, nəqliyyat, diplomatiya, sosial siyasət, təhsil, informasiya mühiti və milli özünüdərk də milli təhlükəsizliyin mühüm komponentləridir. Bu yanaşma milli inkişafla milli təhlükəsizliyin bir-birindən ayrılmaz anlayışlar olduğunu göstərir.

Müasir dövrdə güclü ordu dövlətin təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır. Lakin bununla yanaşı, güclü informasiya və ideoloji müdafiə sistemi də formalaşdırılmalıdır. Çünki ölkənin gələcəyini müəyyən edən əsas amillərdən biri yalnız sərhədlərin deyil, milli düşüncənin, dövlətçilik şüurunun və cəmiyyətin mənəvi bütövlüyünün qorunmasıdır.

Bu baxımdan ideoloji təhlükəsizlik sərhədləri görünməyən, lakin təsir imkanları kifayət qədər geniş olan müasir təhlükələrə qarşı milli müdafiənin mühüm istiqamətlərindən biridir. Xalqın birliyi, gənc nəslin sağlam düşüncəsi, milli dəyərlərə bağlılıq və dövlətə inam isə bu müdafiənin ən etibarlı dayaqlarıdır.

Əbülfəz QULİYEV

AMEA-nın müxbir üzvü

 

Nəşr edilib : 05.10.2026 16:19