Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
İnsanların əksəriyyəti gündəlik həyatında tez-tez ictimai nəqliyyat vasitələrindən – avtobuslardan, taksilərdən və digər vasitələrdən istifadə edir. Belə sıx və hərəkətli mühitdə isə bəzən gözlənilməz sağlamlıq problemləri, qəfil qəza vəziyyətləri ilə rastlaşa bilirik. Son zamanlar avtobuslarda müşahidə olunan ani hal pisləşmələri müəyyən suallar doğurur: ictimai nəqliyyatlarda ilkin tibbi yardım çantası varmı və ya olması mütləqdirmi? Bu və bu kimi sualları Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyinin mətbuat xidmətinin rəhbəri Rauf Əliyev cavablandırdı. O bildirdi ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ictimai nəqliyyat vasitələrində ilkin tibbi yardım çantasının olması mütləqdir. Bu tələbin məqsədi qəza və ya digər fövqəladə hallar zamanı sərnişinlərə ilkin tibbi yardım göstərilməsini təmin etməkdir.
Müsahibimin sözlərinə görə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onlara quraşdırılmalı olan avadanlıqlara dair ümumi tələbləri müəyyən edir. İlkin tibbi yardım çantasının olması da bu tələblərdən biridir.
Rauf Əliyev sərnişinlərin ehtiyac duyduqları məlumatlara asanlıqla çatmalarını təmin etmək üçün avtobuslarda sürücünün adı, ilkin tibbi yardım çantasının yeri və şəhər marşrut sxemi kimi məlumatların göstərildiyi lövhələrin asıldığını da xüsusilə vurğulayır: “İctimai nəqliyyatda ilkin tibbi yardım çantalarına nəzarət agentliyin əməkdaşları tərəfindən daim həyata keçirilir. Hər hansı çatışmazlıq qeydə alındıqda sürücüyə xəbərdarlıq edilir və çatışmazlıq aradan qaldırılır. Amma ümumilikdə, bütün növ avtomobillərdə ilkin tibbi yardım çantalarının vəziyyətinə nəzarət Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi tərəfindən həyata keçirilir. Qanunvericiliyə əsasən ilkin tibbi yardım çantasının olmaması və ya onun vəziyyətinin uyğun olmaması hallarında Dövlət Yol Polisi əməkdaşları tərəfindən müvafiq cərimələr tətbiq edilir. Bu barədə İnzibati Xətalar Məcəlləsinin 356-cı (Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması) maddəsində əks olunub. Maddənin birinci bəndində qeyd edilib ki, xüsusi komplektləşdirilmiş ilk tibbi yardım qutusu ilə təchiz olunmayan nəqliyyat vasitəsini idarə etməyə görə on manat məbləğində cərimə edilir. Bundan başqa, həmin məcəllənin 24-cü maddəsində deyilir ki, xəbərdarlıq inzibati tənbeh növü olmaqla hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. Həmin maddənin ikinci bəndində xəbərdarlığın nə zaman edildiyi izah olunub. Burada deyilir ki, xəbərdarlıq bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilir və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir”.
Rauf Əliyevin sözlərinə görə, sürücülərə ilkin tibbi yardım üzrə təlimlər keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu təlimlər sürücülərin qəza və ya digər fövqəladə hallarda sərnişinlərə ilkin tibbi yardım göstərmə bacarıqlarını artırmaq məqsədi güdür. Sürücülər üçün müəyyən vaxtlarda kursların təşkil olunmasına da ciddi önəm verilir. Bu kurslarda iştirak edən sürücülər xüsusi sertifikatlar alırlar. Həmin kurslarda sürücülərə ətraflı məlumat verilir, əyani şəkildə ilk tibbi yardımın göstərilməsi qaydaları izah olunur.
Sərnişinlərin təhlükəsizliyi ilə bağlı digər tədbirlərin də həyata keçirildiyini bildirən müsahibim deyir ki, ictimai nəqliyyat vasitələri mütəmadi olaraq hər 3 aydan bir texniki baxışa cəlb edilir. Hər gün reysqabağı avtobusların texniki müayinələri aparılır, avtobuslar yalnız tam işlək vəziyyətdə olduqda xəttə buraxılır. Sürücülər mütəmadi olaraq hər gün səhər tibbi müayinələrdən keçirlər.
Son olaraq qeyd etmək istərdik ki, həyatda hər an gözlənilməz, xoşagəlməz hadisələr baş verə bilər və biz bu hadisələrə hazırlıqlı olmalıyıq. Yalnız bu halda sağlamlığımızı qoruya bilərik.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər