NAXÇIVAN :

29 Yanvar 2025, Çərşənbə

Hüseyn Razi şəxsiyyəti və yaradıcılığına sonsuz ehtiram ifadəsi

...

Hüseyn Razi – 100

Bu il qədim tarixə və zəngin ənənələrə malik Naxçıvanın Azərbaycan ədəbiyyatı və mədəniyyətinə misilsiz xidmətlərilə seçilən tanınmış nümayəndəsi, Əməkdar incəsənət xadimi, şair-dramaturq Hüseyn Razinin anadan olmasının 100 ili tamam olur. Kimdir Hüseyn Razi? Əvvəlcə istedadlı və cəsarətli şairin həyat yolu haqqında qısa bir məlumat vermək yerinə düşər. Hüseyn Məmməd oğlu Rzayev 17 oktyabr 1924-cü ildə Ordubad rayonunun Dəstə kəndində anadan olub. Ordubad Pedaqoji Məktəbini bitirdikdən sonra 1941-1943-cü illərdə Culfa rayonunun Ərəzin kənd orta məktəbində müəllim işləyib. 1941-1945-ci illər müharibəsində sovet ordusu sıralarında Oryol ətrafında gedən döyüşlərdə iştirak edib, yaralanıb. Sağaldıqdan sonra kiçik təyyarə mütəxəssisləri məktəbini bitirib, Baltikyanı cəbhəsində əlahiddə uzaq kəşfiyyat alayında xidmətini davam etdirib.

1945-ci ildə ordudan tərxis olunan H.Razi 1954-1959-cu illərdə indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsində qiyabi təhsil alıb. H.Razi Ordubadda səkkizillik məktəbdə müəllim, Dəstə kəndində klub müdiri, Naxçıvan Radio Verilişləri Redaksiyasında redaktor, “Şərq qapısı” qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Teleqraf Agentliyinin (indiki AZƏRTAC) Naxçıvan üzrə xüsusi müxbiri, “Sovet Naxçıvanı” (“Şərq qapısı”) qəzetinin Ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1962-1990) vəzifələrində işləyib. H.Razi ədəbi fəaliyyətə 1941-ci ildə “Şərq qapısı” qəzetində dərc olunan “Partizanın andı” şeiri ilə başlayıb. O, dövri mətbuatda müntəzəm çıxış edib, poetik yaradıcılıqla yanaşı, bədii tərcümə ilə məşğul olub. M.İsakovski, L.Martınov, S.Mixalkov, S.Şipaçev, O.Şestinski, R.Həmzətov, R.Babacan, A.Bartonun şeirlərini dilimizə tərcümə etmişdir.

Şeirləri türk, tatar, fars, fransız və rus dillərinə tərcümə olunmuşdur. Dramaturgiya sahəsində özünü sınayan ədibin “Odlu diyar” (1963), “Günəş” (1968), “Arxalı dağlar” (1971), “Haray səsi” (1978), “Şirinliyin acısı” (1981) pyesləri teatrlarda tamaşaya qoyulub. “Buludlar arasında”, “Həyəcanlı gecə” nəsr əsərlərinin, yüzlərlə publisistik məqalə və oçerklərin, teatr resenziyalarının, “İrəvanda Azərbaycan ədəbi mühiti” adlı irihəcmli tədqiqat işinin müəllifidir. Çexiya, Macarıstan, Slovakiya, Polşa, İran, İraq və başqa xarici ölkələrə səfər etmişdir. Xidmətlərinə görə bir neçə medalla, fəxri fərmanlara layiq görülmüşdür. 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1959-cu ildən isə Jurnalistlər Birliyinin üzvü olan şair 1984-cü ildə Naxçıvanın, 1985-ci ildə isə Azərbaycan SSR-in “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb. 1998-ci ildə fevral ayının 27-də vəfat etmiş və doğulduğu Dəstə kəndində dəfn edilmişdir.

Saf, ülvi sevgiyə, dərin və təmənnasız məhəbbətə həsr olunmuş bir çox şeirlərinə İbrahim Topçubaşov, Cahangir Cahangirov, Ramiz Mirişli, Məmməd Ələkbərov və digər məşhur bəstəkarlar tərəfindən musiqi bəstələnmiş və Rəşid Behbudov, Zeynəb Xanlarova, Flora Kərimova kimi məşhur sənət ustaları tərəfindən ifa edilmişdir.

Dönmərəm eşq adlı bir günahımdan,

Qara gözün kimi qibləgahımdan.

Saçına dən düşsə mənim ahımdan,

Dünyanın saçını yolaram, gülüm.

 

Şimşəyə çevrilib başımda çaxsan,

Bilsəm ki, qan daman odlu bıçaqsan,

Qəfil ölüm olub qarşıma çıxsan,

Mən səni köksümə alaram, gülüm.

 

Əriyən ruhuma süzül su kimi,

Bir dağ çeşməsinin sal buzu kimi.

Raziyəm, istəsən bir quzu kimi,

Hər saat qurbanın olaram, gülüm.

“Azərbaycan vətəndaşlıq lirikası yaratmaq yollarında qətiyyətli addımlar atmış” (akademik İsa Həbibbəyli) Hüseyn Razinin ədəbi-elmi irsi olduqca zəngin və çoxşaxəli olmuşdur. O, bədii ədəbiyyatın bir sıra sahələrində qələmini sınasa da, yaradıcılığının ana xəttini poeziya, lirik və dramatik ədəbi növlərdə Vətən, doğma el-oba, xalq sevgisilə, böyük cəsarətlə, aydın və konkret dillə yazılmış nümunələr təşkil edir. Qarabağ problemi, azadlığa çağırış, şəhidlik, 20 Yanvar, düşmənə nifrət, qisas almağa səsləyiş kimi ictimai əhəmiyyətli mövzular ən böyük həsrəti, arzusu, xəyalı, ümidi azadlıq olan şairin “Yuxularda”, “Qarabağdadır”, “Kül olmaz”, “Şübhələr çoxalır”, “Əsrimiz”, “Bütün ömrüm”, “Qisas qalmır qiyamətə”, “Yetim olmaq istəyirəm”, “Şəhid qəbirləri” şeirlərində ön plandadır. Xalqının imperiya əsarəti və ayrı seçkiliyinə məruz qaldığı ağır günlərində və Qarabağ məsələsi ilə bağlı etirazlar yarandığı vaxtlarda Naxçıvanda keçirilən mitinqlərdə çıxış edən ziyalılardan biri də Hüseyn Razi olmuşdur. Qələmə aldığı şeirləri, poemaları, nəsr, dramaturgiya, ədəbi tənqid və publisistika nümunələri ilə ədəbiyyatımızı zənginləşdirən H.Razi əsərlərində xeyirxahlığı, əməyi, humanizmi, bir sözlə, nəcib insani duyğuları yüksək sənətkarlıqla tərənnüm etmişdir. O, bir çox şair və yazıçının üzə çıxarılması, istiqamətləndirilməsi və ədəbi mühitdə parlamasında mühüm rol oynamışdır. 1947-ci ildən “Şərq qapısı” qəzeti ilə əməkdaşlığa başlayan Razi, 1949-1952-ci illərdə həmin qəzetdə şöbə müdiri, 1955-1959-cu illərdə ədəbi işçi, 1962-1989-cu illər ərzində isə qəzetin “Ədəbiyyat və incəsənət” şöbəsinə rəhbərlik etmişdir.

Yüksək məziyyətləri ilə seçilən belə bir ədəbi irsin Azərbaycanın müstəqillik qazandığı bir dövrdə və Azərbaycançılıq ideologiyası əsasında araşdırılması şairin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi daha dəqiq müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Bu ehtiyacı hələ illər öncə Əməkdar elm xadimi, professor Hüseyn Həşimli vurğulamışdır: “Hüseyn Razinin zəngin, orijinal və qiymətli ədəbi irsinin daha əhatəli və ciddi tədqiqinə ehtiyac bu gün daha aşkar duyulur”. “Mərdlik və cəsarət tərənnümçüsü” (Xəlil Rza Ulutürk) Hüseyn Razinin zəngin və çoxşaxəli ədəbi-elmi irsinin tədqiqi və təbliği məqsədi daşıyan növbəti bir addım AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən nəşrə hazırlanan “Hüseyn Razi: taleyi və sənəti” kitabı şairin anadan olmasının 100 illiyi münasibətilə işıq üzü görüb. Kitabın tərtibçisi AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru filologiya elmləri doktoru Fərman Xəlilov, elmi redaktoru və ön sözün müəllifi AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevdir.

Dörd bölmədən ibarət kitabın ilk bölməsi “Hüseyn Razi müasirlərinin gözü ilə” adlanır. Burada Xalq yazıçısı Mirzə İbrahimov, Xalq şairləri Xəlil Rza Ulutürk, Məmməd Araz, Məmməd Rahim, akademik İsa Həbibbəyli və başqa tanınmış elmi və ədəbi mühit nümayəndələrinin Hüseyn Razinin yüksək mənəvi keyfiyyətləri və orijinal yaradıcılığı barədə fikirləri yer almışdır.

“Ədəbi-bədii və elmi irsinə aid araşdırmalar” adlanan növbəti bölməyə şairin həyat yolu, ictimai fəaliyyəti, ədəbi-bədii və elmi-publisistik əsərləri ilə bağlı yazılan məqalələr daxil edilmişdir. Məqalələrdə Hüseyn Razi yaradıcılığı, eləcə də keşməkeşli həyat yolu müxtəlif aspektlərdən araşdırılmışdır. Kitaba daxil edilmiş məqalələrdə Hüseyn Razinin bədii-elmi irsi, bu irsin tədqiqi tarixi, yaradıcılığının üslubi-semantik, dil-üslub və sənətkarlıq xüsusiyyətləri, lirikası, poemaları, publisistikası, o cümlədən şairin yaradıcılığında yer alan folklor nümunələri ilə bağlı araşdırmaların nəticələri əksini tapmışdır.

Akademik İsa Həbibbəyli “Vətəndaşlıq poeziyasının tərcümanı” məqaləsində H.Razinin əsərlərində Vətən məhəbbəti mövzusunun daha üstün və qabarıq şəkildə verildiyini qeyd edir və onu haqlı olaraq “Şərq qapısı” şeir məktəbinin yaradıcısı hesab edir: “O, “Şərq qapısı”nda geniş mənada ədəbiyyata, xüsusən də şeirə böyük qapı açmışdı. İstedadlı şairlərimizin çoxu həmin mətbuat qapısından keçərək ədəbiyyata gəlmişlər. Naxçıvanda yaşayıb-yaradan yazıçı və şairlər “Şərq qapısı” qəzetində və Hüseyn Razi ədəbi məktəbində yetişib formalaşmışlar”.

Şairin oğlu, jurnalist Əli Rzayevin xatirələrində onun uşaqlıq və gənclik illərində yaşadığı maddi çətinlikləri, qeyri-adi yaddaşa sahib olmasını, klassiklərin əsərlərindən saatlarla əzbər şeirlər deməyini, şair olmaqla yanaşı zəngin ədəbiyyatımızı ünsiyyətdə olduğu insanlara sevdirməyi bacaran bir ziyalı olduğunu, SSRİ xalq artisti Rəşid Behbudov, Xəlil Rza Ulutürklə yaxından dostluq və yaradıcılıq əlaqələrini, namizədlik dissertasiyası ilə bağlı İrəvanda apardığı araşdırmaların əhatəliliyini, şeirlərindəki imperiya əleyhinə səslənən açıq fikirlərə görə təqiblərə məruz qalmasını (məsələn, 1965-ci ildə yazılmış “Yetim olmaq istəyirəm” şeiri və sair) və digər mətləbləri öyrənirik.   

Vaxtilə dəyərli müəllimim akademik İsa Həbibbəylinin dediyi bir fikir yadıma düşür. O deyirdi ki, hər hansı bir ədibin vəfatından sonra onun şəxsiyyəti və sənətinin xatırlanması, yaradıcılığının tədqiqi və təbliği üçün 2 mühüm amil əsas rol oynayır: Bunlardan birincisi onun övladlarının, varislərinin ardıcıl bu işlə məşğul olması, ikincisi isə onun güclü tədqiqatçısının olmasıdır. Bu mənada H.Razinin bəxti gətirmişdir. Onun ədəbi-elmi irsi, şəxsi arxivindəki materialları əsl tədqiqatçı səriştəsi və dərin ehtiram hissiylə qruplaşdırılmış, sistemləşdirilmiş, tədqiq və layiqincə təbliğ edilmişdir. H.Razi şəxsiyyəti və sənətindən sonsuz qürur və fərəh hissiylə danışır. Şairin 304 səhifəlik çap olunmuş əsərlərinin məlumatlarını əhatə edən biblioqrafiyasını Fərman müəllim 2015-ci ildə tərtib etmiş, “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” kitablarında və digər mətbuat orqanlarında daim bu istiqamətdə orijinal tədqiqatları ilə də çıxış etmişdir. Bu kitabda Fərman müəllimin yazdığı “Hüseyn Razinin elmi irsi” adlı məqalədə onun SSRİ və dünya yazıçıları, N.Gəncəvi, M.Füzuli, İ.Nəsimi, M.P.Vaqif, M.F.Axundov, C.Məmmədquluzadə və başqaları haqqında ədəbi-tənqidi, elmi-publisistik məqalələri, icmalları, rəy və resenziyaları, o cümlədən də professor Abbas Zamanovun rəhbərliyi ilə yazdığı namizədlik dissertasiyası haqqında ətraflı məlumat verilmişdir.  

“Naxçıvanda ədəbi qüvvələrin formalaşmasında Hüseyn Razinin rolu və təsiri” məqaləsində dosent Elxan Məmmədov onun bədii ədəbiyyat, əsl şeir haqqındakı fikirlərini diqqət mərkəzinə çəkir. Gənc qələm sahiblərinə düzgün istiqamət və yol göstərən məqalələri – “Gəlin, açıq danışaq”, “Yaradıcılıq zəhmət tələb edir”, “Şeir həvəskarları”, “Fikir aydınlığı, bədii vüsət lazımdır” və sair ondan bir ədəbiyyat nəzəriyyəçisi kimi bəhs etməyə haqq qazandırır.

“Hüseyn Razi ədəbi irsinə dair ilk irihəcmli tədqiqat işi” adlı resenziyada dosent Aygün Orucova bu dəyərli ədəbi irsin hərtərəfli və sistemli araşdırılması sahəsində ilk addımı filologiya üzrə fəlsəfə doktoru Nadir Qəşəm oğlu İsmayılovun  atdığını, onun həyatı, ədəbi mühiti, yaradıcılığının əsas istiqamətləri və ideya-məzmun, bədii-sənətkarlıq xüsusiyyətlərini araşdırdığını diqqətə çatdırır. Giriş və dörd fəsildən ibarət olan “Hüseyn Razinin yaradıcılıq yolu” (2003) adlı bu tədqiqatda əsərlərin sənətkarlıq məziyyətlərindən ayrıca fəsildə deyil, son dövrlər ədəbiyyatşünaslığının müvafiq qənaətlərinə uyğunluqla, elə bədii nümunələrin mövzu-məzmun xüsusiyyətlərilə paralel şəkildə bəhs olunması təqdir edilir.

Dosent Nurlana Əliyeva, Ramiz Qasımov bu zəngin yaradıcılığı ədəbiyyatşünaslıq, Əli Qəhrəmanov, Ələkbər Qasımov sənətşünaslıq, Zülfiyyə İsmayıl, Nuray Əliyeva isə dilçilik baxımından araşdıraraq son dərəcə mühüm əhəmiyyət kəsb edən elmi nəticələr irəli sürmüşlər. 

Hüseyn Razi publisistikasının araşdırıcısı Sahab Əliyevanın məqaləsindən bu nəticəyə gəlinir ki, əsas həyat amalı Naxçıvana xidmət olan, bədii və publisistik yaradıcılığında doğma torpağının ictimai-siyasi problemlərini ustalıqla işıqlandıran, yaradıcı ədəbi gəncliyin formalaşması istiqamətində bütün qüvvəsi ilə çalışan H.Razinin “Şərq qapısı” qəzetindəki fəaliyyəti və dərc etdirdiyi yazıları 1940-1990-cı illər Naxçıvanın ictimai-siyasi və mədəni həyatının  öyrənilməsində qiymətli mənbə, əhəmiyyətli qaynaqdır.

Əsərin üçüncü bölməsinə müasirlərinin Hüseyn Raziyə ünvanladıqları bəzi məktublar verilib. Həmin məktublarda şairin sənət dostlarının, tanınmış qələm sahiblərinin ona bəslədikləri xoş münasibət və ehtiram aydın hiss edilir.

“Fotolarda qalan anlar” adlanan sonuncu bölmədə Hüseyn Razinin həyatının müxtəlif dövrlərini əks etdirən, dövrünün tanınmış ictimai və ədəbiyyat xadimləri ilə çəkdirdiyi fotoşəkillər oxuculara təqdim olunur. II fəsil istisna olmaqla kitabda toplanan bütün materiallar şairin qızı Firuzə Rzayeva tərəfindən mühafizə olunan arxivinə məxsusdur.

Aygün ORUCOVA

AMEA Naxçıvan Bölməsi

filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 28.10.2024 16:28