NAXÇIVAN :

15 Aprel 2025, Çərşənbə axşamı

Heydər Əliyev yolu ilə gələcəyə doğru

...

Hər bir xalqın milli azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün vacib olan mühüm şərtlərdən biri milli iradəyə və tükənməz Vətən sevgisinə malik siyasi liderin olmasıdır. Tariximizə öz adını əbədi həkk etmiş Ümummilli Liderimiz Heydər Əliyev belə şəxsiyyətlərdəndir. Ulu Öndərimiz xalqımızın daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali idealların gerçəkləşməsinə nail olmuş, bununla da əbədiyaşarlıq hüququ qazanmışdır. Ümummilli Lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunun etibarlı bələdçisi olmaqla indiki və gələcək nəsillər üçün böyük qürur və iftixar mənbəyidir.  

Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın siyasi tarixini yaradan şəxsiyyətdir. Siyasət olimpinin ən yüksək zirvələrini fəth etmiş görkəmli dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur. Adı müasir tariximizə qızıl hərflərlə yazılan Ulu Öndərimizin ömür yolu xalqa xidmət nümunəsidir. “Azərbaycanın bəxti onda gətirib ki, tarixinin ən mürəkkəb və həlledici məqamlarında ona dahi şəxsiyyət 
Heydər Əliyev rəhbərlik edib”. Bu hər bir azərbaycanlının və dünyanın məşhur siyasətçilərinin yekdil fikridir. Həyatının son dəqiqəsinədək xalqının gələcək taleyi haqqında düşünən Ulu Öndərimiz müstəqil, dünyada öz sözü və yeri olan qüdrətli Azərbaycan dövlətini yaratmışdır. 
Ulu Öndər Heydər Əliyev özündən sonra gələcək nəsillər üçün çox zəngin irs qoymuşdur. Bu irs bütöv bir idarəçilik məktəbini, xalqımızın özünütəsdiq, həmrəylik və milli dövlətçilik şüurunu, çağdaş ictimai-siyasi fikrin ən ümdə keyfiyyətlərini özündə ehtiva edir. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz xalqımızın böyük oğlu Heydər Əliyevə məxsusdur.
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən dahi rəhbər idi. 1969-cu ildə dahi şəxsiyyət Heydər Əliyevin respublikamızda rəhbərliyə gəlməsi sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açmışdır. Qısa zaman kəsiyində Azərbaycan iqtisadi potensiala malik olan respublikaya çevrilmişdir.  Müstəqil Azərbaycanın sosial-iqtisadi bünövrəsi məhz  Ulu Öndər Heydər Əliyevin sayəsində ötən əsrin 70-80-ci illərində qoyulmuş və ölkəmizin gələcəyi üçün möhkəm təməl yaradılmışdır.
Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürən Ümummilli Lider  Heydər Əliyev Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, Azərbaycanı zamanın ağır  məngənəsindən  xilas etmişdir.  Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz Ulu Öndər  Heydər Əliyevin  titanik fəaliyyəti sayəsində mümkün olmuşdur.
Əgər 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli Azərbaycan dövlətindən danışa bilməzdik. Bu qayıdış Azərbaycanın müstəqilliyini reallığa çevirmişdir.  Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana ikinci rəhbərlik dövrü müstəqil dövlət qurucu­luğu prosesinin hərtərəfli şəkildə və böyük uğurla həyata keçirilməsi ilə səciyyələnir. “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi biz daima qoruyub saxlayacağıq”, – deyən Ümummilli Liderimiz bu tarixi nailiyyətin, milli istiqlalımızın qorunub saxlanması və möhkəmləndirilməsi üçün misilsiz işlər görmüş, Vətəni və xalqı bəlalardan xilas etmişdir. 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytarmış, müstəqilliyimizin əsl xilaskarı, hər bir vətəndaşın böyük qayğıkeşi, hamisi kimi öz sağlığında xalqın qəlbində heykəlləşmiş, əbədiləşmişdir.
“Mən həyatım, bütün əmək fəaliyyətim dövründə ancaq xalq üçün, insanlar üçün düşünmüşəm, xalq üçün, insanlar üçün yaşamışam”, – deyən Ulu Öndərimiz Heydər Əliyev bütün ömrünü canı, qanı qədər sevdiyi, özünə əbədi qibləgah saydığı doğma Vətənə xidmətə həsr etmiş, xalqımızı nurlu səadətə qovuşdurmuşdur. Bütün zamanların ən böyük azərbaycanlısı, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti Vətənə, xalqa şərəfli xidmətin ideal nümunəsi olduğu kimi, onun mükəmməl təlimi, konseptual nəzəri-ideoloji irsi də son dərəcə qiymətlidir.
Ümummilli Liderimiz hər bir vətəndaşın da məhz Vətənə, xalqa sədaqətlə xidmət göstərmək, layiqli vətəndaş olmaq ruhunda, milli ideyalar əsasında tərbiyəsini, mənəvi kamilliyini çox vacib vəzifə sayırdı. “Mən istərdim ki, hər bir şəxs öz mənəviyyatını hər şeydən üstün tutsun”, – deyən dahi rəhbər hər bir şəxs üçün mənəvi ləyaqəti əvəzsiz keyfiyyət hesab edərək ona böyük əhəmiyyət verirdi. Həyatın mənasını mənəvi ucalığın ülviyyətində, əbədiyyətində görən dahi şəxsiyyətin dəqiq, müdrik qənaəti belədir: “İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır”.
Ulu Öndər Heydər Əliyevin bütün həyatı, fəaliyyəti məhz ali mənəviyyatın, əsl mənəvi ucalıq və ləyaqətin parlaq nümunəsidir. Vətənin və xalqın üzləşdiyi ən böyük çətinlikləri də məhz yenilməz iradəsi, müdrik dühası, möhtəşəm siyasəti və pak mənəviyyatı ilə dəf edən, bizi əbədi səadətə qovuşduran böyük şəxsiyyət nəsillərə nümunədir.
Böyük dahinin mənəviyyat konsepsiyasında həqiqətpərəstliyin, doğruluğun, yalanlara uymamağın da müvafiq dəyərləndirilməsi vardır. “Mən həmişə həqiqəti sevmişəm və həyatım da həqiqət üzərində qurulmuşdur!” sözləri də məhz bu qayənin nuruna 
boyanmışdır.
Tanrı Ulu Öndərimiz Heydər Əliyevə tükənməz yaradıcı güc, qeyri-adi istedad vermişdi. O bütün fəaliyyəti, insanlara münasibəti, uzaqgörənliyi, müdrikliyi, Vətənə bağlılığı ilə böyük bir nümunə idi. Xalqımızın böyük oğlu torpağına, Vətəninə ucalıq gətirmişdi. Həyatından artıq sevdiyi Azərbaycan uğrunda 
Ümummilli Liderimiz bütün maneələrə, təzyiqlərə sinə gərdi, ömrünü xalqının, Vətəninin yolunda şam kimi əritdi. Ona görə ki, bir də xalqının başına bəlalar gətirilməsin, Azərbaycan daha da inkişaf etsin, müstəqilliyimiz əbədi olsun. Vətənə sədaqət, xalqa xidmət prinsipi Ulu Öndərin həyat fəlsəfəsinin qayəsini təşkil edirdi.
Ümummilli Liderimizin ölkəmizə rəhbərlik etdiyi illər tariximizə milli intibah, milli tərəqqi, milli oyanış və müstəqil dövlət quruculuğu dövrü kimi daxil olmuşdur. Xalqımızın böyük oğlunun ideyaları, amalları bu gün də Azərbaycanın yoluna işıq saçır, xalqımızı xoşbəxt gələcəyə aparır. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın Ulu Öndər tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı Prezident cənab İlham 
Əliyev uğurla davam etdirir. Ümummilli Liderimizin siyasi kursu Azərbaycan Prezidenti tərəfindən daha da zənginləşdirilərək XXI əsrin mükəmməl dövlətçilik fəlsəfəsinə çevrilmişdir.
Heydər Əliyev yolundan kənarda inkişafın və müstəqil dövlət quruculuğunun mümkün olmadığını bəyan edən Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir... Mən bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin  siyasətini davam etdirəcəyəm”.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın daha xoş sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə Ulu Öndərimizin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Bu gün Prezident cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin ideyalarından bəhrələnərək dövlətimizi, xalqımızı inamla gələcəyə doğru aparır. Dövlət başçımızın həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmiz böyük uğurlar qazanmışdır. Dinamik inkişaf ictimai-sosial həyatın bütün sahələrini əhatə edir, sosial problemlər sürətlə həll edilir, insanların sosial rifahı daha da yüksəlir.  
Biz bu gün qürurla deyə bilərik ki, Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Azərbaycan artıq dünyada sayılıb-seçilən ölkələrdən biridir, respublikamızda beynəlxalq toplantılar, konfranslar, Avropa səviyyəli musiqi, dünya səviyyəli idman tədbirləri keçirilir. Ölkəmizə səfər edən dövlət və hökumət başçılarının, ictimai-siyasi xadimlərin bəyanatları və çıxışları da göstərir ki, Azərbaycan regionda ən qüdrətli və lider dövlət olmaqla  yanaşı, iqtisadi və siyasi göstəricilərinə, ictimai-siyasi sabitliyinə görə də inkişaf etmiş dünya dövlətləri ilə bir sırada durur. 
Dünya siyasətində öz sözünü deməyi bacaran Prezidentinin olması xalqımızın böyük xoşbəxtliyidir. Prezident 
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti özünün bütün problemlərini həll etməklə daha böyük inkişaf yolu keçərək Ulu Öndər Heydər Əliyevin bütün arzularını gerçəyə çevirir. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: “Biz gələcəyə çox böyük ümidlərlə, böyük nikbinliklə baxırıq. Bu gün Azərbaycan güclü, inkişafda olan, müstəqil siyasət aparan dövlət kimi gələcəyə də çox böyük nikbinliklə baxır. Belə gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsaslar vardır. Növbəti illərlə bağlı bizim siyasətimiz açıqdır, aydındır. Mən dəfələrlə müxtəlif tədbirlərdə Azərbaycanın gələcəyi ilə bağlı öz fikirlərimi xalqla bölüşmüşəm. Görülən işlər haqqında xalqa daim hesabat verirəm... Bildirmək istəyirəm ki, Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcəkdir. Azərbaycan beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcəkdir və bütün beynəlxalq təşəbbüslər Azərbaycan xalqının maraqlarını müdafiə edəcəkdir”.

Turan MƏMMƏDLİ

Nəşr edilib : 13.04.2025 09:35