NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Heydər Əliyev Sarayında Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

...

Sentyabrın 18-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının 100 illiyi çərçivəsində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib. Mədəniyyət və incəsənət nümayəndələrinin, ali və orta ixtisas  məktəblərinin müəllim və tələbələrinin, yaradıcı birliklərin və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Seyidov dünyaşöhrətli bəstəkar, ictimai xadim Üzeyir Hacıbəylinin həyatı və yaradıcılığından, Azərbaycan mədəniyyəti qarşısında misilsiz xidmətlərindən bəhs edib, Ulu Öndər Heydər Əliyevin  Fərmanına əsasən Milli Musiqi Gününün qeyd olunduğunu diqqətə çatdırıb.
Həsən Seyidov qeyd edib ki, Üzeyir Hacıbəyli 1908-ci ildə  yazdığı “Leyli və Məcnun” əsəri ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. Bir-birinin ardınca yazdığı  opera və operettaları, marşları, kantataları, mahnı və romansları, kamera və xor üçün əsərləri ilə musiqi xəzinəmizi zənginləşdirib. Ulu Öndər Heydər Əliyevin hər zaman Üzeyir Hacıbəylinin şəxsiyyətini  yüksək qiymətləndirdiyini deyən nazir müavini diqqətə çatdırıb ki, Şanlı Zəfərdən  sonra ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  iştirakı ilə Şuşada dahi bəstəkarın  heykəli yenidən ucaldıldı, əsərləri illər sonra doğma yurdunda səsləndi.
Bildirilib ki, Ulu Öndərin bütün sahələrdə uğurlu davamçısı olan ölkə Prezidenti cənab  İlham Əliyevin həssas münasibəti sayəsində Üzeyir Hacıbəylinin irsi bu  gün də hörmətlə yaşadılır və təbliğ olunur.  Nazir müavini əlamətdar gün münasibətilə bütün mədəniyət, incəsənət nümayəndələrini  təbrik edib, onlara yeni sənət uğurları arzulayıb.
Sonra Naxçıvan Dövlət Filarmoniyasının  Xalq Çalğı Alətləri Orkestrının  Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı təqdim edilib.
Fikrət Əmirovun  "Azərbaycan kapriççiosu” musiqisi ilə başlayan konsert zamanı dahi bəstəkarın əsərlərindən parçalar ifa edilib. Dinləyicilərdə xoş əhvali-ruhiyyə yaradan konsertdə, həmçinin görkəmli bəstəkarlardan Emin Sabitoğlunun, Süleyman Ələsgərovun, Cahangir Cahangirovun, Ramiz Mirişlinin əsərləri  ifa edilib.
Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri Hakim Məmmədlinin dirijor olduğu musiqi şölənində əsərlər Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudov, Prezident mükafatçıları – Nərmin Hüseynova, İlkin Abdullayev, İsrafil Qibləliyev tərəfindən təqdim olunub. Konsert  Naxçıvan Muxtar  Respublikasının Əməkdar artisti Ruhiyyə Hüseynovanın ifasında "Zəfər himni” ilə sona çatıb.

Nəşr edilib : 18.09.2024 18:01