NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

"Heydər Əliyev: Milli irsin qoruyucusu” mövzusunda tədbir keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov Ümummilli Liderin və onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf və zəfər yolu keçdiyini söyləyib. Bildirilib ki, xalqımız qazandığı müstəqilliyə, zəfərə və onun qorunub- saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daim minnətdardır.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sosial siyasət komitəsinin sədri, deputat Nuray Əliyeva, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov və Qaraçuq kənd mədəniyyət evinin direktoru Yasəmən Əliyeva çıxış edərək Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərindən, müstəqil Azərbaycanın qurulması və inkişafı yolunda göstərdiyi xidmətlərdən bəhs ediblər.
Bildirilib ki, Ümummilli Lider bütün fəaliyyətini xalqının, dövlətinin inkişafına və möhkəmlənməsinə həsr etmiş, hər bir sahədə Azərbaycanın tərəqqisinə və yüksəlişinə nail olmuşdur. Ulu Öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun iştirakı ilə işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olunub və Azərbaycan bu gün regionda lider ölkəyə çevrilib.
Tədbir iştirakçıları xalqımızın dahi şəxsiyyəti Heydər Əliyevin əziz xatirəsini daim ehtiramla və minnətdarlıqla yad edəcəyini, qəlbində əbədi yaşadacağını vurğulayıblar.

Nəşr edilib : 09.12.2024 14:22