NAXÇIVAN :

11 Fevral 2026, Çərşənbə

Hər sahədə uğur var

...

Arzuların həqiqət olduğu diyar

Ulu Öndərimiz Heydər Əliyev deyib: “Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar var. Arzu edirəm ki, Şəruru daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz...” Dahi rəhbərin arzularının həqiqətə çevrildiyi məkanda – Şərurda, Onun 1992-ci ildə minlərlə insanın əhatəsində çıxış etdiyi Azadlıq meydanında dayanmışam. Və 90-cı illərin qış aylarında, soyuğun iliyə işlədiyi bir vaxtda gecədən səhərə, səhərdən axşama kimi yanan tonqalları, onların başında dayanıb Vətənin müdafiəsi növbəsinin nə vaxt onlara çatacağını gözləyən el oğullarını, işıqsız, qazsız, çörəksiz qalsa da, mətanətini itirməyən qadınlarımızı, tüstüləyən neft maşınkasında çətinliklə tapdığı bir ovuc undan bişirdiyi çörəyi səngərdəki əsgərə göndərən, özü isə ac yatan nənələrimizi düşünürəm. Bu gün hər dəfə yolum Şərura düşəndə gözəlləşən, böyüyən, gülüstana çevrilən yurdun sakini olduğumu düşünür, qürur duyuram. Bir vaxtlar burada yanan tonqalların külü var idi, indi güllər al-əlvan açıb. Köhnə asfaltdan keçən avtomobillərin təkərlərinin altından çıxan palçıqlı su üst-başımızı bulamasın deyə çəkinə-çəkinə getdiyimiz yollar, heç bir şəraiti olmayan məktəbimizdə soyuqdan donmamaq üçün sinfə növbə ilə neft apardığımız günlər xatirəyə dönüb. İndi yanımdan ötən məktəblilərə həsədlə baxıram və sevinirəm ki, onlar yurdumuzun intibah, dirçəliş günlərinin şahidləridir. Onlar hər şəraiti olan məktəbdə təhsil alır, gülüstana çevrilən yurdda yaşayırlar.
Yurdunun saatbasaat, günbəgün bütün yönlərdə yeniləşdiyini, bütövlükdə, boy atdığını görmək dünyanın ən böyük xoşbəxtliyidir. Bütün bunları muxtar respublikamızın hər qarışında görmək mümkündür. Əslən bu rayondan olan biri üçün Şərurun illər öncəki vəziyyəti ilə müasir dövrünü müqayisə etmək heç də çətin deyil.
Rayonun ən kiçik dağ kəndlərində belə sosial problemlər öz həllini tapıb. Hər cür şəraitə malik müasirtipli təhsil ocaqları, tibb məntəqələri, mədəniyyət obyektləri ucaldılıb. Bir vaxtlar yolu, izi olmayan dağ kəndlərinə geniş, abad yollar salınıb, dünənə kimi qonşu kəndlərlə əlaqəsi olmayan sərhəd yaşayış məntəqələri indi dünyanın istənilən yeri ilə rabitə əlaqəsi yarada bilir. Yolların kənarında salınan yaşıllıqlar isə, sözün əsl mənasında, göz oxşayır. Bütün bunlar yurdumuza gözəllik verir, həm də insanlara rahatlıq gətirir.

Abadlaşan, gözəlləşən qədim yurd

İllər öncədən əsası qoyulan uğurlu yol bu gün də davam edir. Muxtar respublikanın ən böyük rayonu olan Şərur gündən-günə abadlaşır, gözəlliyə qovuşur. 2025-ci ilin ötən dövrü ərzində rayonda aparılan tikinti-abadlıq işlərinin gedişi və yeni tikililərin qorunub saxlanılmasına nəzarət daha da gücləndirilmişdir. Ötən müddət ərzində muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Şərur rayonunda da geniş quruculuq və abadlıq işləri görülmüş, istehsal və xidmət sahələrinin, təhsil, səhiyyə ocaqlarının tikintisi və digər infrastrukturların yenilənməsi diqqət mərkəzində saxlanılmışdır. Şərur rayonunda tikintisi və yenidən qurulması davam etdirilən obyektlər “Arkoz İnşaat Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Şərur şəhəri, kapitan Seyidov küçəsində 5 mərtəbəli, zirzəmili, 40 məzilli yaşayış binası, Avtovağzal binasının tikintisi, “NN Residence” MMC şirkəti tərəfindən Şərur şəhərinin girişində 6 mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi, Şərur rayon Yuxarı Yaycı, Axaməd kənddaxili avtomobil yollarının əsaslı təmiri, Şərur şəhərdaxili avtomobil yollarının əsaslı təmiri, “Naxçıvan Yol Təmir Tikinti İstismar” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Şərur rayon Çomaxtur kənddaxili avtomobil yollarının əsaslı təmirinə yaxın vaxtlarda başlanılacaqdır. Bütün bunlar Şərur rayonunu müasir görkəmə qovuşdurmaqla yanaşı, əhalinin rahat yaşayışına xidmət edir. Faktlardan da göründüyü kimi, Şərur rayonu inkişafının yeni mərhələsində qədəmlərini əminliklə atır. Bütün bunlar onu bir daha sübut edir ki, dövlətimiz daim öz vətəndaşının yanındadır. 
Şərurdan ayrılır, rayon sakinlərinin “üst yol” dediyi Sədərəkdən Naxçıvana uzanan magistral yol ilə şəhərə qayıdırıq. Bayraq Meydanında bizi “yola salan”, qürurla dalğa­lanan bayrağımıza baxıram və Xalq şairi Bəxtiyar Vahabzadənin “Bayraq” şeirindəki bu misraları xatırlayıram: 
    Daim ucalasan! Savaş günündə 
    Əsgər silahıyla səni tən görüm. 
    Yalnız zəfər çalmış şəhid önündə 
    Səni alqış üçün əyilən görüm.

Ucaldı bayrağımız ən uca zirvələrə, indi o daha böyük bir qürurla dalğalanır, çünki o qalib ordunun, Müzəffər Ali Baş Komandanın əlləri ilə Şuşada, Qubadlıda, Cəbrayılda göylərə yüksəldi. Onun kölgəsində bizə qələbəni yaşadan şəhidlər uyuyur. Əsgərlərimiz onu ürəyinin üstündə daşıyıb işğaldan azad etdikləri torpaqlara sancdılar. 

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 13.07.2025 15:30