Növbəti köç karvanı Şuşa şəhərinə çatıb, açarlar t...
16:08 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
2020-ci ilin sentyabr ayında, cəmi 44 gündə 30 ilin həsrətinə son qoyan Azərbaycan Ordusu dünyaya Vətən necə sevilər dərsi keçdi. Bu xalqın həkimi, müəllimi, kəndlisi, əsgəri bir olub tarixini şərəfi ilə yazdı. Cənubi Qafqazda tarixin axışını dəyişdi. Hüququndan keçən əsgər Azərbaycan xalqının namusunu hifz etdi. Xocalıda əsir düşən, min bir təhqirə məruz qalan qadınların başından açılıb ayaq altına atılan örpəyini götürüb yenidən pak etdi. Vətən müharibəsindən sonra, “hanı Xocalı, Xankəndi?” sualı ilə qələbəyə kölgə salmaq istəyən bədnamların ağzının payı isə ötən il elə ilin, günün bu vədəsində cəmi 23 saat, 43 dəqiqəyə verildi. 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Qüdrətli ordumuzun qarşısında düşmənin 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. 19 sentyabrda uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu.
Bu uğurlu antiterror əməliyyatını həzm edə bilməyən qüvvələr hər vəchlə onu “soyqırımı” iddiaları ilə şərləməyə cəhd göstərsələr də, gün kimi aydın idi ki, Azərbaycan Ordusu antiterror əməliyyatı zamanı ləyaqətli şəkildə, beynəlxalq səviyyədə qəbul edilmiş mövcud hərbi qayda və qanunlar çərçivəsində davranaraq heç bir halda mülki əhalini hədəfə çevirmədi. Əksinə, istər antiterror tədbirləri çərçivəsində, istərsə də sonrakı dövrdə qadınlara, uşaqlara, qocalara, fiziki məhdudiyyətli şəxslərə, xəstələrə, hətta yaralı silahlılara belə zəruri tibbi və digər yardımlar göstərildi. Onlar içməli su və ərzaqla təmin olunmuşdular. Həmçinin mülki əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri də yaradılmışdı.
Azərbaycan 2023-cü ilin sentyabrında beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində öz suverenliyini bərpa etmiş oldu. Bununla da ölkəmiz sübut etdi ki, qüdrətli dövlətdir və onun sarsılmaz, qətiyyətli mövqeyə, dəmir iradəyə malik rəhbəri – Ali Baş Komandanı vardır. Məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qəti qələbə qazanaraq iki yüz ildən sonra vaxtilə zorla torpağımıza yerləşdirilmiş erməni tayfasının həm özünə, həm də havadarlarına dərs verdi. Xankəndidə keçirilən hərbi parad dünyaya bir daha nümayiş etdirdi ki, Qarabağ heç vaxt güzəştə gedilməmişdi, sadəcə, düzgün vaxt gözlənilirdi.
Ötən ilin noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində qazanılan Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qalib sərkərdə, qətiyyətli, cəsarətli, uzaqgörən dövlət başçısı olduğunu bir daha dünyaya bəyan etdi. Dünya ictimaiyyəti bu dəfə də bir daha “Qarabağ Azərbaycandır!” reallığının şahidi oldu. Xankəndi paradı bu reallığı əyani şəkildə təsdiqlədi. Zəfərin şəhəri Şuşaya sancılan – Qələbənin rəmzinə çevrilən Zəfər Bayrağının, ardınca Azərbaycan Ordusunun və qoşun növlərinin, lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələrin döyüş bayraqlarının Xankəndi şəhərinin mərkəzi meydanına gətirilməsi, antiterror tədbirləri zamanı işğalçı erməni hərbi birləşmələrindən müsadirə olunmuş hərbi texnikaların kiçik bir qisminin paradda nümayiş edilməsi həm Ermənistana, həm də onun havadarlarına göz dağı oldu. Meydanda addımlayan Azərbaycan əsgərinin ayaq səsləri İrəvanda eşidildi. Həmin gün Ali Baş Komandanın da dediyi kimi, düşmən tabutuna son mismar vuruldu.
Böyük qürur hissi keçiririk ki, 19 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Həmin Sərəncama əsasən hər il 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq.
Bu Sərəncam 44 günlük Vətən savaşında və 23 saatlıq antiterror əməliyyatında igid oğullarımızın ölümün üzünə dik baxaraq şəhidlik zirvəsinə ucalmaları hesabına ərazi bütövlüyümüzün təmin olunmasının və suverenliyimizin əbədiliyinin ifadəsidir.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər