NAXÇIVAN :

18 Oktyabr 2026, Bazar

Hanı kəhər atlarımız?!

...

Peşə fəaliyyətimlə bağlı Naxçıvanın, demək olar ki, əksər rayon və kəndlərində olmuşam. Kənd yolları, təsərrüfat sahələri, yaylaqlar, dağ cığırları illər ərzində gözümün qabağından keçib. İndi də belə yerlərə yolum düşəndə ilk olaraq yaddaşımın dərin qatlarında yer alan bir xatirə baş qaldırır – kənd həyatının əvəzolunmaz hissəsi olan atlar... Uzaqdan bir kəhər atın göründüyü, üstündə kənd adamının yol getdiyi, atın arabaya qoşulub yük daşıdığı günlər yadıma düşür. Sonralar kənd yollarında minik və yük avtomobilləri, müxtəlif texnikalar görünməyə başladı. Bütün bunlar kəndin mənzərəsini də dəyişdi. Bu dəyişiklik, əlbəttə, həyatın və zamanın təbii axarıdır. Avtomobil kəndə sürət gətirdi, texnika ağır işi yüngülləşdirdi, məsafələri yaxın etdi. Buna sevinməmək mümkün deyildi. Ancaq bütün bunların içində bir şey də yavaş-yavaş gözümüzdən çəkilir – kəhər atların kənd yollarında qoyduğu izlər. Bəlkə də, buna görə bu gün ucqar bir dağ kəndində at görəndə adamda qəribə bir sevinc hissi yaranır. Sanki keçmişdən tanış bir mənzərə yenidən qarşına çıxır. O at yalnız bir heyvan kimi görünmür; uşaqlığımızdan, kənd həyatından, ata-babalarımızın gündəlik zəhmətindən bir parça kimi görünür.

Xalqımız əbəs yerə “At igidin qardaşıdır”, – deməyib. At bizim məişətimizdə, dastanlarımızda, bayatılarımızda, nağıllarımızda həmişə xüsusi yer tutub. Koroğlunun Qıratı, Nəbinin Bozatı, igidlərin səfərə çıxarkən mindiyi köhlənlər yaddaşımızda, sadəcə, heyvan obrazı kimi qalmayıb. At həm yol yoldaşı, həm döyüş yoldaşı, həm də insanın ən yaxın sirdaşı olub. Hərdən öz-özümə düşünürəm: görəsən, maşın və texnika həyatımıza daxil olduqca atı da həyatımızdan çıxarmalı idikmi?

Atın kənd həyatındakı izi

Bu sualın cavabını tapmaq üçün vaxtaşırı rayonlara, kəndlərə üz tutdum. Yaşlı adamlarla, fermerlərlə, torpaq mülkiyyətçiləri ilə söhbət etdim. Keçmişdə kənd təsərrüfatında atın hansı işləri gördüyünü, bu gün isə onun yerini nəyin tutduğunu soruşdum. Ordubad rayonunun Biləv kəndinə səfərim zamanı bu yerlərin hər qarışını yaxından tanıyan, onun keçmişi, bu günü və gələcəyi ilə yaşayan mərhum İbrahim kişi ilə söhbətimi bir daha xatırladım. At onun üçün, sadəcə, canlı deyildi. At insanın çətin gündə dayağı, yol yoldaşı idi.

Babək rayonunun Qaraqala kəndində yaşayan, səksən səkkiz yaşlı Məmməd kişi isə atçılıqla maraqlandığımı eşidəndə kövrəlib dedi: “Nə deyim, nə söyləyim, ay jurnalist? Heyf ki, o cür köhlən atları əldən verdik, itirdik. II Dünya müharibəsinin ortalarına, əllinci illərə kimi kəndimizdə ayrıca atçılıq ferması vardı. Burada saxlanan atların əksəriyyəti furqona, arabaya qoşulardı. İndi isə maşın kəndi-kəsəyi götürüb. Bu çox yaxşıdır, amma hər yerdə, həmişə yox”.

Məmməd kişi haqlıdır. Bir vaxtlar briqadirlər, aqronomlar at belində olar, sahələri qarış-qarış gəzərdilər. Xırda yüklər, yem, ot, küləş və təsərrüfat üçün lazım olan digər vasitələr at arabaları ilə daşınardı. Bu gün isə kənd həyatının mənzərəsi tamam başqadır. Maşın və texnika kəndlinin əsas köməkçisinə çevrilib. Bu, zamanın tələbidir. Lakin xüsusilə dağlıq ərazilərdə elə işlər var ki, hələ də atın imkanlarından istifadə etmək həm rahat, həm də qənaət baxımından faydalıdır..

Texnika gəldi, at getdi?

Əlbəttə, texnikanın kənd təsərrüfatına gətirdiyi imkanları inkar etmək olmaz. O, insan əməyini yüngülləşdirib, məhsuldarlığı artırıb, məsafələri qısaldıb. Ancaq texnikanın meydana çıxması atın tarixdəki rolunu da unutmağımız demək deyil. Vaxtilə kənd həyatının ayrılmaz hissəsi olan at bu gün başqa bir anlam da daşıyır. O, xalqımızın tarixinin, məişətinin, döyüş ənənələrinin və mədəni yaddaşının bir parçasıdır.

Keçmişdən gələcəyə

Bu gün atçılığa münasibət artıq yalnız keçmişi xatırlamaqdan ibarət deyil. Azərbaycan qanunvericiliyində Qarabağ və Dilbaz atları milli at cinsləri kimi müəyyənləşdirilib və onların qorunması, inkişaf etdirilməsi istiqamətində dövlət siyasəti həyata keçirilir.

Son illərdə bu sahəyə diqqətin artırılması, milli at cinslərinin damazlıq xüsusiyyətlərinin qorunması, genofondun gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər atçılığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Qarabağ atlarının qorunması və inkişaf etdirilməsi, onların milli-mədəni irsimizin bir parçası kimi təbliği də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

2026-cı ildən qeydiyyata alınmış Qarabağ və Dilbaz atlarına illik heyvan subsidiyasının tətbiqi də bu istiqamətdə atılan addımlardandır. Bu, milli atçılığın yalnız xatirə kimi deyil, qorunmalı və inkişaf etdirilməli sahə kimi qəbul edildiyini göstərir.  Qarabağ atı isə bu gün təkcə bir at cinsi deyil, Azərbaycanın tarixi və mədəni yaddaşının canlı simvollarından biridir. Onun qorunması və gələcək nəsillərə çatdırılması bu baxımdan xüsusi məna daşıyır.

Kəhər atların izi

Bəlkə də, bu gün “Hanı kəhər atlarımız?” sualını bir qədər başqa cür verməyin vaxtıdır. Kəhər atları yalnız keçmişdə, babalarımızın xatirələrində axtarmayaq.  Çünki at bizim üçün yalnız bir heyvan olmayıb. O, yol yoldaşımız, əməkdaşımız, döyüşçümüz, dostumuz, nəhayət, tariximizdən bu günə gələn canlı yadigarımızdır. At gedib, zaman dəyişib, amma onun izi qalıb. O izi qorumaq isə yalnız keçmişə hörmət deyil, öz yaddaşımıza sahib çıxmaqdır.

                                                                          Aydın TARVERDİYEV

Azərbaycan Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 26.09.2026 14:00