Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 7...
10:56 04.05.2026
0
0
0
NAXÇIVAN :
04 May 2026, Bazar ertəsi
İlin bu çağlarında doğma Naxçıvanımız meyvəli bağları və göz oxşayan tarlaları ilə daha da gözəlləşir. Yalnız yay aylarının Günəş işığında çiçək açan günəbaxanlar isə bu gözəlliyə əlavə çalarlar qatır. Öz rəngini Günəşin zərrin şəfəqlərindən alan bu bitkilərə muxtar respublikanın hər bir kənd yaşayış məntəqəsində rast gəlmək olar.
Elə buna görə də bu dəfə yolumuzu Babək rayon Nəzərəbad kəndinə salırıq. Günəşə doğru boylanan bu sarı çiçəklərin arasından keçərkən insan düşünür ki, sanki minlərlə baxış onu izləyir. Kəndə daxil olan kimi hiss edirik ki, buradakı hər nəfəs torpaqla, zəhmətlə yoğrulub. Sakinlərin böyük əksəriyyəti təsərrüfatla məşğuldur. Tarladan bir qədər aralıda dayanıb onların işini seyr edirik. Günəbaxanların içindən bizə tərəf gülümsəyərək yaxınlaşan bir təsərrüfatçı ilə ayaqüstü söhbətimiz başlayır. Bu, tanınmış təsərrüfatçılardan olan və qonşu Didivar kəndində yaşayan Aydın dayıdır.
“İşiniz avand olsun!” – deyə salamlayırıq onu. Aydın Əliyev deyir ki, artıq iyirmi ildən artıqdır əkib-becərməklə məşğuldur. Onun sözlərinə görə, günəbaxan əkini bu bölgədə geniş yayılmış təsərrüfat sahəsidir. “Günəbaxandan əldə olunan yağ süfrələrimizdə ən çox istifadə edilən qidalardandır. Bu bitkinin əkini və yetişdirilməsi zəhmət tələb edir. Amma nəticəsini görəndə hər zəhmətə dəyir”, – deyir o. Aydın dayının sözlərinə görə, günəbaxan quraqlığa davamlı olsa da, suvarma imkanları məhsuldarlığa müsbət təsir edir: “Əgər su bol olarsa, tumlardakı yağın keyfiyyəti də artır. Çiçəkləmə dövründə isə tozlanma çox vacibdir. Günəbaxan yığımı əsasən avqustun ilk yarısında başlayır. O zaman bitkinin başı bağlanır və tumlar tam yetişir”. Təsərrüfatçının sözlərinə görə günəbaxan tumu təkcə dadlı çərəz deyil, həm də faydalı məhsuldur. Tumu minerallarla zəngindir. Yaddaş zəifliyinə, yüksək qan təzyiqinə qarşı faydalıdır, qan dövranını yaxşılaşdırır.
Onun gününün böyük hissəsi bu tarlalarda keçir: – Bu işə könüldən bağlanmaq lazımdır. Həm çalışmalı, həm də sahəni dərindən bilməlisən. Yalnız bu halda işin bərəkətli olar.
Günəbaxan yağı təkcə qida sənayesində deyil, həm də konservləşdirmə, qənnadı, marqarin istehsalı, eləcə də ətriyyat, toxuculuq və texniki sənaye sahələrində geniş istifadə edilir. Hazırda Nəzərəbad ərazisində yerləşən 4 put əkin sahəsinin günəbaxan məhsulu əldə olunur. Yerli bazarda bu məhsula böyük tələbat var. Bu il də günəbaxan bolluğu təsərrüfatçıların üzünü güldürür. Çünki sahələrdə bol məhsul yetişib.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər