NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Göygölün iqlim xüsusiyyətləri, geologiyası burada turizmin sürətli inkişafına mühüm töhfə verə bilər

...

"Məlum olduğu kimi, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda bir çox sahələr kimi, abidələrin qorunması sahəsində də tədbirlər nəzərdə tutulub. Onlardan biri də Naxçıvanın bəzi tarix-mədəniyyət abidələrinin YUNESKO-nun Ümumdünya İrsinin Siyahısına salınmasıdır. Artıq bu işlərə başlanılıb. 2025-ci iyulun 11-də YUNESKO-nun Paris şəhərində keçirilən 47-ci sessiyasında Azərbaycan tərəfindən təqdim olunmuş Gəmiqaya və Göygöl tarixi və təbii və mədəni kompleksinin YUNESKO-nun Ümumdünya İrsinin İlkin Siyahısına salınması barədə qərar qəbul olunub. Hesab edirəm ki, bu addım həmin istiqamətdə görülən işlərə mühüm töhfədir. Hazırda olduğumuz məkan, həqiqətən, çox unikal ərazidir. Xüsusən də burada ilin bütün fəsillərinin əlamətlərini müşahidə edirik və bu da ərazinin unikallığını daha da artırır".

"Şərq qapısı" xəbər verir ki, bu sözləri mediatur çərçivəsində jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələləri şöbəsinin böyük məsləhətçisi Həsən Kərimov deyib.

O qeyd edib ki, bu cür mediaturlar ərazinin öyrənilməsi, təbliği baxımından mühüm əhəmiyyət kəsb edir: "Növbəti mərhələlərdə, yəqin ki, təkcə yerli media nümayəndələri deyil, həm də xarici media əməkdaşlarının bu ərazilərə mediaturları təşkil olunacaq. Bu da təbiət, mədəniyyət abidələrinin öyrənilməsinə öz mühüm töhfəsini verəcək. Xüsusilə qeyd etmək istəyirəm ki, kompleksə daxil olan Gəmiqaya qoruğu Naxçıvanın ən qədim yaylaq, yurd yerlərindən biridir. Arxeoloqların ərazidə apardıqları tədqiqatların nəticələri göstərir ki, alp çəmənlikləri ilə zəngin olan bu ərazi eramızdan əvvəl IV minillikdən başlayaraq Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olub".

Nazirlər Kabinetinin əməkdaşı qeyd edib ki, ərazidə çoxsaylı qayaüstü təsvirlərə rast gəlmək mümkündür və onların içərisində müxtəlif heyvan təsvirləri, şərti işarələri var. Və o şərti işarələrin də tədqiqi göstərir ki, Azərbaycan xalqının qədim dövrlərdən bəri özünəməxsus dini, fəlsəfi dünyagörüşü olub. Tariximizin yaşadılması baxımından abidələrin qorunması, öyrənilməsi, yeni tədqiqatlara cəlbolunması çox əhəmiyyətlidir, vacibdir. 

"Ümumiyyətlə, Göygöl Kiçik Qafqazın ən hündür dağ gölü hesab olunur və ərazinin yerləşdiyi hündürlük dəniz səviyyəsindən 3 min metrdən artıqdır. Göygölün dərinliyi 6,5 metrdir. Ümumilikdə, 1,5 hektar ərazini əhatə edir. Vukanik mənşəli göldür. Əsasən, gölün ortasında olan bulaqlardan mütəmadi yağan qar və yağış sularından qidalanır. Onu da qeyd edim ki, Naxçıvanın ən bol sulu çaylarından biri olan Saqqarsu çayı da mənbəyini məhz bu göldən götürür. Ümumilikdə, ərazinin iqlim xüsusiyyətləri, geologiyası burada turizmin sürətli inkişafına mühüm töhfə verə bilər. Əlbəttə ki, gələcəkdə buraya müxtəlif turların təşkilini, yerli əhali ilə yanaşı, xaricdən də gələn qonaqların da səfərlərini müşahidə edəcəyik", – deyə Həsən Kərimov əlavə edib.

Nəşr edilib : 21.07.2025 18:28