Ermənistan parlamentinin vitse-spikeri və Aİ rəsmi...
16:57 10.01.2025
0
0
0
NAXÇIVAN :
10 Yanvar 2025, Cümə
Müasir Azərbaycan xalq çalğı alətləri içərisində aparıcı bir alət kimi tanınan tar dünya musiqi alətləri içərisində ən unikal, ən kamil və ən zəngin səs palitrasına malik olan alətlərdən biri sayılır.
Dahi bəstəkarımız Ü.Hacıbəyli XX əsrin əvvəllərində tara not sistemini tətbiq etdikdən sonra tarın üzərində rekonstruksiya və muğam ifaçılığında yeni baxışların sistemləşməsi tarda bir alət kimi yeni perspektivlər açmış oldu. Həmin vaxt Ü.Hacıbəyli, Mirzə Mansur, Ə.Bakıxanov, S.Rüstəmov kimi müəllimlərin yetişdirdikləri A. Gəray, H.Məmmədov, Ə.Dadaşov, B. Salahov, B.Mənsurov, Kamil Əhmədov, Əlikram Hüseynov kimi sənətkarlar artıq tanınmışdılar və yeniləri yetişməkdə idi. Onlar arasında qədim Naxçıvan torpağından Bakıya gəlmiş və bu sənət meydanına cəsarətlə atılan gənc tarzən Əkrəm Məmmədli ilk tar dərsini Naxçıvan pionerlər evində ustad tarzən, Naxçıvanda ilk tar müəllimi olan Səfər Rəcəblidən alıb.
Əkrəm hələ 12 yaşında ikən Bakıda keçirilən olimpiadada diploma layiq görülüb, 15 yaşındaykən Bakı şəhərində keçirilən respublika müsabiqəsində iştirak edərək laureat adına qazanıb. Onun ifası görkəmli sənətkar Əhməd Bakıxanov tərəfindən xüsusilə bəyənilir.
16 yaşında ona böyük etimad göstərilir, Əkrəm Naxçıvan Dövlət Musiqili Dram Teatrında Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operasını əvvəldən axıra kimi tək tarda müşayiət edir.
1962-ci ildə Əkrəm Məmmədli Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinə daxil olur. O burada dövrün görkəmli musiqiçiləri olan Ceyran Haşımovadan, Kamil Əhmədovdan, Məmmədsaleh İsmayılovdan dərs alır. Nəzəri fənləri dərindən mənimsəməsi onun sonrakı yaradıcılığının genişlənməsinə öz təsirini göstərir. O hələ birinci kursda oxuyarkən Azərbaycan Dövlət Filarmoniyasının “Mahnı və rəqs” ansamblına müsabiqə yolu ilə işə qəbul olunur.
Əkrəm Məmmədlinin yüksək bacarığını nəzərə alan ansambldakı instrumental qrupun rəhbəri Qulam Qasımovun təklifi ilə Əkrəm Məmmədlinin bir istedadlı tarzən kimi öz üzərində ciddi işlədiyini görərək onu əsas işçi kimi işə götürürlər.
Görkəmli bəstəkar Hacı Xanməmmədov da Əkrəm müəllimin xatirələrində dərin izlər salıb.
Əkrəm Məmmədli hələ tələbəlik illərində belə böyük sənətkarlardan özünə qarşı olan qayğı və diqqəti həmişə hər adama nəsib olmayan xoşbəxtlik kimi dəyərləndirir. Gənc tarzən keçmiş SSRİ-nin bir çox şəhərlərində - Moskva, Kiyev, Kişinyov, Daşkənd, Alma-ata, eləcə də xarici ölkələrdə - Misirdə, Fransada, İranda, Türkiyədə verilən konsertlərdə yüksək ifaçılıq bacarığı ilə iştirak edir və uğurlar qazanır.
1965-ci ildə bu ansamblla gənc tarzən ərəb ölkələrində qastrol səfəri zamanı görkəmli müğənnilərdən Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Flora Kərimova, Canəli Əkbərov, Məmməd Salmanov, Əbülfəz Əliyev, Şahmalı Kürdoğlu, İldırım Həsənov kimi görkəmli müğənniləri müşayiət etmişdir.
Gənc tarzən 1965-ci ildə musiqi texnikumunu bitirdiyi ərəfədə təsadüfən maestro Niyazi ilə tanış olur. Bu tanışlıq onun gələcək fəaliyyətinə öz izlərini yazır.
Naxçıvana qayıdan Əkrəm Məmmədli əvvəl Naxçıvan Filarmoniyasının Mahnı və Rəqs ansamblının bədii rəhbəri, sonra isə 1974-78-ci illərdə direktor vəzifələrində işləyib. Direktor vəzifəsində çalışdığı müddətdə Naxçıvan Filarmoniyasında böyük irəliləyişlər baş verir. Muxtar respublikanın 50 illik yubleyi münasibətilə möhtəşəm konsert proqramı hazırlanır. Əkrəm müəllim bu işlə əlaqədar Bakıdan kollektivin səviyyəsini yüksəltmək üçün peşəkar kadrlar dəvət edir.
1969-cu illərdə Naxçıvan günlərinə hazırlanan konsert proqramına Əkrəm Məmmədlinin sırf milli alətlərdən ibarət yaratdığı ansamblın repertuarı da salınır. Maestro Niyazi ansamblı dinləyir və çox xoşu gəlir. O, “Bakinskiy raboçiy” qəzetində bu ansamblla bağlı böyük məqalə dərc etdirir.
Konsertdən sonra Naxçıvan Ali Soveti Mahnı və Rəqs ansamblını fəxri fərmanla mükafatlandırır və Əkrəm Məmmədliyə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilir.
1968-ci ildə Naxçıvana “Lenin” ordeni verilmişdi və bu münasibətlə də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri Vəli Axundov, o vaxt Milli Təhlükəsizlik Komitəsinin sədri olan Ulu Öndərimiz Heydər Əliyev və Bakıdan bir çox incəsənət xadimləri də Naxçıvana gəlmişdilər. Onlar Əkrəm Məmmədlinin təşkil etdiyi konserti və onun solo ifasını dinlədikdən sonra gənc tarzənin sənətkarlığı haqqında yüksək fikirlər söyləyirlər.
Vəli Axundov deyir ki, bu gənci Bakıya aparmaq lazımdır. Cavab verirlər ki, bu gənc elə Naxçıvana da lazımdır. Gənc tarzənin Bakıya qayıtmağına böyük şans olsa da, qalmağa üstünlük verir: “Mən özümün şan-şöhrətimdən çox yeni nəslin, yeni musiqiçi kadrların yetişməsinə çalışmağım üçün Naxçıvanda qaldım”.
Naxçıvanda pedaqoji fəaliyyətə başlayan Əkrəm Məmmədli yeni musiqiçi nəslinin yetişməsi sahəsində böyük xidmətlər göstərir. Bakıda dərs aldığı ustadlarından öyrəndiklərini şagird və tələbələrinə də aşılamağa nail olur.
Onun tələbələri olan Əməkdar artist Taryel Abbasov, Ümumrespublika müsabiqəsinin laureatı Zeynalabdin Babayev, İmanqulu Əhmədov, Abdulla Abdullayev, İlqar Hüseynov və başqa tarzənlər hal-hazırda musiqi ifaçılıq sənətimizin inkişafı yolunda çalışırlar.
1971-72-ci illərdə Azərbaycan Respublikası ali məktəblərinin televiziya müsabiqəsi keçirilir. Naxçıvan Dövlət Pedaqoji İnstitutu tərəfindən Əkrəm Məmmədliyə bu işdə köməklik etməsi xahiş olunur. O, tələbələrdən ibarət gözəl bir qrup yaradaraq müsabiqəyə qatılırlar. Müsabiqənin münsiflər heyətinin sədri Xalq artisti Süleyman Ələsgərov idi və tərkibdə gözəl müğənnimiz Şövkət Ələkbərova, rəqqas Əlibaba Abdullayev, dirijor Nəriman Əzimov vardı. Əkrəm Məmmədli bu müsabiqə üçün maraqlı bir repertuar hazırlayır. Bu repertuar bir yallı daxilində bir neçə improvizələr edərək “Çənlibel” xoru, C.Cahangirovun “Qəzəl” kimi maraqlı musiqi nümunələrindən ibarət idi. Gənc sənətkarın az vaxt ərzində hazırladığı musiqi kollektivi respublika üzrə III yerə layiq görülür. Xor və rəqs qrupuna və solistlərə diplomlar verilir.
Görkəmli sənətkar Əkrəm Məmmədlinin yaradıcılığı ümumtürk dünyası üçün əvəzsiz bir tədqiqat mənbəyidir. Onun yaradıcılığı təkcə Azərbaycanda deyil, qonşu Türkiyə Respublikası və Cənubi Azərbaycanla sıx bağlı olmuşdur.
Hələ 1990-cı illərin əvvəllərində Ə. Məmmədli Türkiyənin İğdır bölgəsində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi münasibəti ilə tədbirin təşkil olunmasına dəvət edilir. Burada da o öz bacarıq və qabiliyyətini göstərə bilir. Belə ki, az bir müddətdə ustad sənətkar onların istədiyi tərzdə bir oratoriya tərtib edir. Əkrəm solist, xor və orkestr üçün bir əsər yaradır. Burada gözəl tarzən dahi bəstəkar Üzeyir bəyin xorlarından və eləcə də dahi Füzulinin sözlərinə yazılmış və digər əsərlərdən istifadə etməklə 45 dəqiqəlik bir oratoriya hazırlayır. Belə bir əsərin ortaya çıxmasına istedadla yanaşı, bəstəkarlıq və hərtərəfli musiqi qabiliyyətinə malik olmaq lazım idi. Əkrəm müəllimin təşkil etdiyi bu tədbir Türkiyənin müxtəlif şəhərlərindən Ərzurumdan, İstanbuldan, Ankaradan gələn ziyalılar, professorlar tərəfindən bəyənilir.
Onun Təbrizdəki pedaqoji fəaliyyəti də çox uğurla nəticələnib. O, burada tələbələrə muğamın notla ifa texnikasının yollarını öyrətmişdir. Əkrəm müəllim təbrizli gənclərə daha mükəmməl təhsil almaq üçün Naxçıvana gəlmələrini tövsiyə etmiş və o tələbələr Naxçıvanda öz təhsillərini davam etdiriblər. Təbrizdə 100-ə qədər tələbə Əkrəm müəllimdən dərs almışdır.
Əkrəm Məmmədli bir bəstəkar kimi də gözəl əsərlər yaratmışdır. Xor və solist üçün 3 hissəli vokal xoreoqrafik “Süita”, görkəmli dramaturq Hüseyn Cavidin sözlərinə yazılmış “Röyaya daldım” mahnısı, mahir tarzən Kamil Əhmədovun xatirəsinə yazdığı “Elegiya” əsəri, “Naxçıvan təranələri”, “Tarla qızı”, “Bayram axşamı” mahnıları, tar və fortepiano üçün pyeslər Əkrəm müəllimə böyük şöhrət qazandırıb. O, teatr tamaşaları üçün də musiqilər bəstələmişdir. Ə.Yusiflinin “Gözüm yollarda qaldı”, Həmid Arzulunun “Əlincə qalası”, İsgəndər Çoşğunun “Müşfiq haqqında dram” tamaşalarını buna nümunə göstərə bilərik.
Əkrəm Məmmədlinin nota saldığı bir neçə Azərbaycan muğamı indiyə qədərkilərdən fərqlənir. Onun nota aldığı muğamlar Azərbaycanın görkəmli muğam ustası Kamil Əhmədovun tar muğam məktəbinə əsaslanaraq özü tərəfindən dərs vəsaiti yazılmışdır.
Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, istedadlı tarzən Əkrəm Məmmədlinin “Azərbaycan muğamları” adlı kitabı Azərbaycan xalq musiqi xəzinəsinə əvəzsiz töhfədir.
O tar sənətinin inkişafı, bu musiqi alətinin texniki imkanlarının genişlənməsi üçün əlindən gələni əsirgəməmişdir. Onun 2005-ci ildə yazdığı “Tar üçün qamma və arpeciolar” və “Tar üçün etüdlər” kitabı Təbrizdə “Behnam çap evi”ndə nəşr edilmişdir. Hər iki tədris vəsaiti nəinki tar, eləcə də ümumi xalq çalğı alətləri ifaçıları üçün əvəzsiz bir dərslikdir.
Virtuoz tarzən, gözəl musiqişünas, bəstəkar və tədqiqatçı Əkrəm Məmmədli yaradıcılığında “Naxçıvan-Şərur el yallıları” mövzusu mühüm yer tutur O, Azərbaycan folklorunun bir qolu olan yallı musiqisinə də tədqiqatçı nöqteyi-nəzərindən yanaşaraq böyük bir irsi aşkara çıxarmışdır. O, Cənubi Azərbaycanda və Türkiyə Respublikasında uzun müddət yallıların araşdırılması ilə məşğul olmaqla yanaşı, Azərbaycanımızın İrəvan və Dərələyəz mahallarının Uluxanlı, Taytan, Xalsa, Yengicə bölgələrindən, Cənubi Azərbaycanın Urmu, Maku, Xoy, Sulduz bölgələrindən və qardaş Türkiyədə Anadolunun şimal bölgəsindən yallı növlərini toplayıb nota salmışdır. “Naxçıvan-Şərur el yallıları” kitabında 92 yallı nümunəsi nota alınıb. Sözsüz ki, bu, böyük bir zəhmətin sayəsində ərsəyə gəlmişdir.
Biz inanırıq ki, Əkrəm Məmmədli bundan sonra da ifaçılıq sənətimizə yeni-yeni töhfələr bəxş edəcəkdir. Uca Allahdan gözəl sənətkarımıza möhkəm can sağlığı arzulayırıq.
Bənövşə RZAYEVA
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Digər xəbərlər