NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Gender bərabərliyindən danışılıb

...

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində gender bərabərliyi ilə bağlı təlim keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, 20 sentyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən təlimə muxtar respublikanın idarə, müəssisə və təşkilatlarının genderə məsul şəxsləri cəlb ediliblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova ölkəmizdə gedən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, demokratiyanın inkişafında qadınların fəal iştirakından danışıb. Bildirilib ki, qadınlara göstərilən diqqət və qayğının ən mühüm təcəssümlərindən biri Ümummilli Lider Heydər Əliyevin 1995-ci il 10 iyul tarixdə imzaladığı Fərmanla Azərbaycan Respublikasının BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasına qoşulması oldu. Ölkəmizdə gender bərabərliyi qanunla tənzimlənir. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”  Azərbaycan Respublikasının Qanununun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Bu qanuna uyğun olaraq muxtar respublikada da insan hüquqlarının tərkib hissəsi olan gender bərabərliyinin, eləcə də qadın və uşaq hüquqlarının təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Eyni zamanda gender bərabərliyi siyasətini səmərəli şəkildə həyata keçirmək üçün nazirlik, komitə, agentlik, xidmət və digər dövlət müəssisə və təşkilatlarında gender məsələləri üzrə məsul şəxslər təyin edilib.
Komitənin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva təqdimatla çıxış edərək genderə məsul şəxslərin vəzifə və öhdəlikləri barədə ətraflı məlumat verib. Bildirilib ki, ümumiləşdirilmiş şəkildə gender anlayışı adı altında qadın və kişilərin cəmiyyətdəki sosial rolu nəzərdə tutulur. Qadın və kişilər arasında sosial bərabərlik gender bərabərliyi kimi qəbul edilir. Bütün sahələrdə məsələlərin gender siması olduğu üçün, genderə həssas yanaşma da bütün sektorlara tətbiq edilməlidir.
Təlimin sonunda müvafiq mövzuda hazırlanmış broşürlər iştirakçılara paylanılıb.

Nəşr edilib : 20.09.2024 12:33