Ramiz Ələkbərov: Humanitar yardım məsələlərinə mün...
16:12 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
UNESCO-nun Parisdə keçirilən 47-ci sessiyasında Azərbaycan üçün əlamətdar qərar qəbul olunub. 2025-ci il 11 iyul tarixdə Azərbaycanın təqdim etdiyi “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” təşkilatın Dünya İrsinin İlkin Siyahısına daxil edilib.
Qərarla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xəzəngül Orucova “Şərq qapısı” qəzetinə açıqlamasında bu hadisəni Ordubad və bütövlükdə, Azərbaycan mədəniyyəti üçün mühüm uğur kimi dəyərləndirib: “Azərbaycanın mədəni xəritəsində özünəməxsus yer tutan Ordubad bu dəfə tarix səhnəsinə yeni bir uğurla çıxır. Gəmiqaya və Göygölün bu siyahıya daxil edilməsi bizim qədim irsimizin beynəlxalq tanınması deməkdir. Bu qərar, sadəcə, siyahıya ad daxil edilməsi deyil. Bu, əsrlərdir, bizə baxan, bizi qoruyan daşlara verilən qiymətdir. Ordubaddan yüksələn bu səs artıq bütün dünyaya çatdı”.
Deputatın sözlərinə görə, Gəmiqaya təkcə Naxçıvan və Azərbaycan üçün deyil, bütün insanlıq üçün əhəmiyyətli mədəniyyət nümunəsidir: “Zəngəzur dağlarının 3725 metr yüksəkliyində yerləşən Gəmiqaya açıq səma altında qurulmuş əsl muzeydir. Qayaüstü rəsmlər, ov səhnələri, simvolik işarələr bizim tariximizə, kimliyimizə, dünya görüşümüzə işıq tutur”.
O həmçinin kompleksin təbii hissəsi olan Göygöl ərazisinin də müstəsna əhəmiyyət daşıdığını bildirib: “Bu ərazidəki göllərin səssizliyi, dağların əzəməti və təbiətin bütövlüyü bu coğrafiyaya bir ruh verir. Bu da bizim dünyaya açılan vizit kartımızdır”.
Xəzəngül Orucova qeyd edib ki, bu tanınma ilə yanaşı, ölkəmizin üzərinə böyük bir məsuliyyət də düşür: “İndi Gəmiqaya və Göygöl, sadəcə, bizim deyil, bütün dünyanın mədəni irsidir. Bu tanınma gələcək nəsillərə bir çağırışdır: qoruyaq, tanıdaq, yaşadaq”.
Digər xəbərlər