Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə...
15:34 30.09.2026
0
0
0
NAXÇIVAN :
30 Sentyabr 2026, Çərşənbə
25-26 sentyabr tarixlərdə İtaliyanın Kassini şəhərində qayaüstü sənətin öyrənilməsi və qorunmasına həsr olunmuş beynəlxalq tədbir keçirilib. “Bəşəriyyətin ilk sənətinin yenidən kəşfi” (“Re-discovering the first Art of humankind”) adlı tədbir Azərbaycan və İtaliyadan dövlət rəsmilərini, Avropanın aparıcı alim və mütəxəssislərini, muzey direktorlarını, eləcə də incəsənət, tarix, antropologiya və qayaüstü təsvirlər üzrə tədqiqatçıları bir araya gətirib.
Sən1Sən Beyin Mərkəzi və Palazzo Mandrilli Qalereyasının təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədlərindən biri UNESCO-nun Mədəni İrs Siyahısına namizəd olan Gəmiqaya abidəsinin beynəlxalq səviyyədə tanıdılması, bu qədim qayaüstü təsvirlər kompleksinin elmi və ictimai diqqətə çatdırılması olub.
XVII əsrə aid Palazzo Mandrilli Qalereyasında keçirilən tədbirin ilk hissəsində Avropanın müxtəlif ölkələrindən olan alimlər, muzey direktorları və mütəxəssislər qayaüstü sənət sahəsində aparılan son tədqiqatlar və elmi yeniliklər barədə məruzələrlə çıxış ediblər. Azərbaycanı qayaüstü təsvirlər üzrə mütəxəssis, tarix elmləri doktoru, professor, layihə koordinatoru Məlahət Fərəcova təmsil edib.
Tədbirin ikinci hissəsində Məlahət Fərəcovanın Azərbaycanın qayaüstü sənətinə həsr olunmuş “Minilliklərdən gələn mesajlar: Qobustan petroqlifləri” (“Messages Through the Millennia: Gobustan Petroglyphs”) adlı virtual sərgisi təqdim olunub.
Yekun mərhələdə qayaüstü sənət sahəsində gələcək elmi əməkdaşlığın və birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə dair beynəlxalq əməkdaşlıq Memorandumu imzalanıb.
Beynəlxalq tədbir Azərbaycanın, o cümlədən Naxçıvanın qədim qayaüstü irsinin dünya elmi və mədəni ictimaiyyətinə təqdim edilməsi baxımından əhəmiyyət daşıyıb. Təşəbbüs çərçivəsində Azərbaycan qayaüstü irsinin öyrənilməsi və qorunması, bu sahədə beynəlxalq elmi əlaqələrin genişləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Tədbirin keçirilməsinə Kassini şəhər meriyası, həmçinin Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu texniki dəstək göstərib.
Digər xəbərlər