NAXÇIVAN :

18 Aprel 2025, Cümə

Fövqəladə hallar naziri Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb

...

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Qasım Mohiuddinlə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, K.Heydərov Azərbaycan ilə Pakistan arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu xatırladıb. Nazir bu çərçivədə keçirilən görüşün iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

FHN-in fəaliyyət istiqamətləri barədə qonağa geniş məlumat verən nazir 2021-ci il yanvarın 13-də İslamabad şəhərində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş”in əhəmiyyətindən danışıb, uyğun qurumlar arasında münasibətlərin, o cümlədən Azərbaycan Respublikası FHN-in Akademiyası ilə Pakistan İslam Respublikasının müvafiq tədris müəssisələri arasında əməkdaşlığın perspektivlərinə toxunub.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Qasım Mohiuddin dərin köklərə malik Azərbaycan-Pakistan qardaşlıq münasibətləri çərçivəsində iki ölkənin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında qarşılıqlı faydalı əlaqələrin inkişafı üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 11.04.2025 14:46