NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Fərid Şəfiyev: “Bütün bu tədbirlərin əsas məqsədi türk birliyinin möhkəmlənməsinə xidmətdir”

...

Dünyada çox mürəkkəb geosiyasi hadisələr cərəyan edir. Məhz bu baxımdan dövrün çağırışlarına lazımi cavab vermək, üzv dövlətlərin təhdidlərə hazır olması, ölkələrin siyasi və iqtisadi cəhətdən inkişafı, güclənməsi üçün Türk Dövlətləri Təşkilatı mühüm rol oynayır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev xüsusən Türk Dövlətləri təşkilatına böyük önəm verir. Öz çıxışlarında vurğulayıb ki, Türk dövlətləri təşkilatı bizim ailəmizdi,  bu inkişaf təmin olunacaq. Bu təşkilat olaraq nəinki iqtisadi və humanitar, hətta hərbi və təhlükəsizlik sahəsində müvafiq işlər aparılmalıdır. Biz görürük ki, dövlət başçısının qeyd etdiyi kimi, bu illər ərzində birləşmə prosesi baş verir. Artıq İstanbulda qərargah fəaliyyət göstərir. Bir sıra ṣəhərlərdə, Bakıda, Astanada, Daşkənddə bu təşkilatın qurumları vardır. 
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev  deyib.
O qeyd edib ki, Naxçıvan sazişi ilə başlayan mühüm dövrün ötən 15 ilində böyük inkişaf müşahidə edilir. Belə ki, türk şurası kimi fəaliyyətə başlayan qurum artıq beynəlxalq təşkilata çevrilib. Hazırda bu beynəlxalq təşkilat  çərçivəsində bir sıra mühüm siyasi, iqtisadi və humanitar layihələr  həyata keçirilir. Bugünkü tədbirin əsas məqsədi intellektual elmi müstəvidə müzakirələr aparmaqdır. Dörd paneldən ibarət olan müzakirələrdə təşkilatın gələcəyi, dünyada olan təhdidlərə cavab üçün görüləcək işlər, müxtəlif humanitar məsələlərə baxış keçiriləcək. Tədbirdə Macarıstan, Qırğızıstan, Qazaxıstandan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətindən nümayəndələr iştirak edir:  “Həqiqətən, Naxçıvan Türk dünyası üçün çox vacib torpaqdır. Mən konfransdakı çıxışımda da qeyd etdim ki, vaxtilə bu torpağa gözdikənlər çox olub. Azərbaycan-Türkiyə iş, hərbi və siyasi  birliyi artıq nümunədir. Görürük ki, Özbəkistan, Qazaxıstan və Azərbaycan birgə təlimlər keçirir. Türk dövlətləri həmrəy şəkildə hərbi sənayenin inkişafına da çalışırlar. Ümidvaram ki, konfransdakı müzakirələr bu böyük işə kiçik töhfə olacaq”.
“Bilirsiz ki, türkdilli ölkələrdə vaxtı ilə ərəb, latın, kril əlifbaları mövcud idi. Orta Asiya dövlətləri hələ də  kril əlifbasından istifadə edir. Elə bu məqsədlə latın əlifbası əsasında ortaq, vahid əlifba yaratmaq qərara alındı və artıq bu istiqamətdə iş tamamlanıb. Bundan başqa, gələcəkdə ölkələrarası tələbə mübadiləsi layihəsinin icrası da müzakirə olunur. Bildiyimiz kimi, Avropada “Enactus” proqramı var. Türk Dövlətləri Təşkilatını əhatə edən ölkələr də buna bənzər proqram yaratmaq istəyirlər. Bu proqramla gənclər bir-birlərinin mətnlərini, ədəbiyyatını oxuyacaq. Ümumilikdə, bütün bu tədbirləri reallaşdırmaqda əsas məqsəd türk birliyinin möhkəmlənməsinə xidmətdir”, – deyə Fərid Şəfiyev  əlavə edib.

Nəşr edilib : 03.10.2024 14:42